Məgər o qadın gözəldir?

26 Oktyabr 2014 13:05

Milli.Az kulis.az-a istinadən Aytən Cavanşirin yazısını təqdim edir. 

Əlbəttə ki, həyat kinodur, ancaq heç də hər kino həyat deyil. Fransa kinematoqrafiyasını isə bəri başdan istisnalara daxil edirik.

O, zəriflik nümunəsidir, incəsənətdir, həyatdır - heç bir pafos, heç bir şişirtmə olmayan həyat - dərimizə qədər hiss etdiyimiz həyat...

Avropa kinosunun pərəstişkarları bu aktrisanı çox gözəl tanıyır, onu sevir, onunla fəxr edir: Emmanuel Bear - Avropanın ən cəsarətli və gözəl xanımlarından biri.

"Bədən aktyorun alətidir. Lüt çəkilməyin mənəviyyata zidd olduğunu heç vaxt düşünməmişəm. Təəccüblənmək və hiddətlənmək də gərək deyil".

Atası şansonye və şair (Qay Bear), anası model (Jenevyeva Qalea) olan aktrisanın uşaqlığı səs-küylü paytaxt həyatından kənarda keçib. Bear xatırlayır:

"Biz Yerlə birbaşa təmasda idik. Günəşi, təbiətin ritmini hiss edir, təpələrlə, ağaclarla söhbət edirdik. Mən kinonun, musiqinin və teatrın olmadığı mühitdə böyümüşəm. Bütün uşaqlığım yarıçılpaq və ayaqyalın keçib. Bu səbəbdən, kinoda çılpaq səhnələri oynayarkən zərrə qədər sıxılmamışam".

2003-cü ildə aktrisanın lüt bədəni məşhur dəb jurnalı "Elle"nin üz qabığını bəzədi. Üç gün ərzində jurnalın 550000 nüsxəsi satıldı. Bütün Parisi bir-birinə qatan fotonu Emmanuel Bear özü belə şərh etdi:

"Bilirsiniz, bu şəkillə nə demək istəyirdim? Bəli, 40 yaşımda malik olduğum bədənim budur, bütün əyər-əskikliyi ilə birgə. Bədənimi sevirəm, onunla fəxr edirəm".

"Cazibədar nadinc qız" ("La Belle noiseuse") filmində rəssama lüt poz verən model rolu da onun üçün adi iş idi, bəlkə də işdən daha artıq, kim bilir? Emmanuel Bear rolunu təmizə çıxarmağa çalışmır, o, yalnız tamaşaçının onun ruhunu görə bilməsini arzu edir:

"Bu filmdə gördüyünüz mənim döşlərim, ayaqlarım və ya bədənimin başqa hissələri deyil, lüt olan ruhumdur, başqa heç nə..."

Emmanuel Bear ilk məhəbbətinə "Gizli sevgi" ("L'amour en douce") filminin çəkilişləri zamanı rast gəlir. Yaraşıqlı və istedadlı aktyor Daniel Otey Emmanueldən on beş yaş böyük idi. Olsun, hisslərimiz bizə keçmişimizi unutdura bilir, o ki qalmışdı yaşımızı.

Cütlük ekranda bir neçə filmdə birgə çəkildi, on il ərzində onlar Avropanın ən sevimli kino cütlüklərindən birinə çevrildilər.

Aktrisanın çəkildiyi ilk filmlər arasında əvəzolunmaz Pyer Rişarın da rol aldığı "Liftdən sola" komediya filmini mütləq qeyd etməliyik. Xəstəlik dərəcəsində qısqanc olan kişinin həyat yoldaşı olmaq asan məsələ deyil. Bəs əgər xanım özü də bir az dəlisovdursa?...

Kinoda səfeh vəziyyətlərə düşmək üzrə çempion olan Pyer Rişar filmin sonunda ağıldankəm qonşusu ilə dil tapa bilir, ancaq nələrin bahasına? Gənc Bear ehtiraslı, yelbeyin qızcığaz rolunun öhdəsindən lazımınca gəlir.

Rejissor Klod Sote XX əsrin ən həzin və ən hüzurlu filmlərindən biri olan "Buz ürək" ("Un Coeur En Hiver") filminə Emmanuel Bear və Daniel Otey cütlüyünü çəkir.

Avropa kinosunun pərəstişkarları üçün "Buz ürək" əsl tapıntıdır; sakit, səs-küysüz, qalmaqalsız hisslər. Burada qəhrəmanların daxili dünyasını qulaqlarınızla eşitmirsiniz, gözlərinizlə görürsünüz. Təmkinli, hisslərini cilovlamağı bacaran skripka təmirçisi Stefan (Daniel Otey) və gənc, perspektivli skripka ifaçısı Kamilla (Emmanuel Bear).

Filmin ilk səhnələrində tamaşaçı məhz Kamillanı soyuqqanlı, buz ürəkli hesab etsə də, sonradan hadisələr gözümüzün önündəcə sakitcə, yavaş-yavaş dəyişir - Hollivud filmlərinə xas dava-dalaşsız, ekşn səhnələri, yersiz pafos və sanki elektronlaşmış göz yaşları olmadan...

Emmanuel Bearın qəhrəmanı gecə paltarında çarpayıya əyləşir və sevgilisinə, başqa birinə aşiq olduğunu etiraf edir. Yenə də əlavə emosiyasız, sakitcə:

"Özümü yaxşı hiss etmirəm, Maksim. Bu, boğulmağa bənzəyir. Müqavimət göstərməyə çalışdım, amma... Hər an onun haqqında düşünürəm, daim..."

"Fransız qadını" , "Cazibədar nadinc qız", "Nelli və cənab Arno" filmlərində siz eyni Emmanuel Bear obrazı ilə qarşılaşacaqsınız.

İnanılmazdır, ancaq Bear çəkildiyi bütün filmlərdə zərif, incə, hissiyyatlı qadın obrazını qoruyub-saxlamağa müvəffəq olur. Süjetlər müxtəlifdir, amma bütün filmlərin baş qəhrəmanı Bear özüdür...

"Fransız qadını" ("Une Femme Francaise") filmində aktrisa yenidən öz həyat yoldaşı Daniel Oteylə çəkilir.

Ərinin uzunmüddətli yoxluğuna tab gətirməyən Janna ona xəyanət edir. Məgər qadını təqsirləndirməyə haqqımız var? Janna onsuz da xoşbəxt deyil, onu ərinin həqiqəti öyrənməsi bədbəxt etmir. O, sadəcə, xoşbəxt deyil. Kim deyib ki, xəyanət xoşbəxtliyin zəmanətidir? Hər xəyanət edən xoşbəxtdir? Kim daha çox bədbəxtdir, xəyanət edən, yoxsa xəyanət edilən? Bu film sualımıza cavab verir, qismən...

"Fransız qadını" cütlüyün həyatına təsirsiz ötüşmədi, film ekranlara çıxar-çıxmaz evlilik həyatı da başa çatdı.

Aktrisanın lüt səhnələrdə çəkilməsi Danieli qıcıqlandırırdı. Bu səbəbdən, ailədəki dava-dalaşın da ardı-arası kəsilmirdi. Qız övladlarının mövcudluğu da nikahı xilas etmədi.

Bear əri ilə ayrılığı ağır yaşadı. O, Daniel ilə ayrılığını belə şərh edir: "Məhəbbət düzgün insanla düzgün zamanda görüş deməkdir. Daniel mənim "düzgün insan"ımdır, təəssüf ki, bizim zamanla problemimiz oldu..."

Emmanuel Bear və Daniel Otey cütlüyü uzun illər ekranın sevimli cütlüyü oldu. Bir neçə filmdə əvəzsiz rollar yaratdılar, göz oxşadılar. Təəssüf ki, ayrılıqdan sonra onlar daha heç bir filmdə birgə çəkilmədilər.

Həyatında Daniel Oteydən sonra bir neçə kişi olan gözəl aktrisa sevgiyə bir o qədər inanmadığını qeyd edir, atdığı bəzi addımlara görə də peşmandır:

"Plastik əməliyyat etdirdikdən sonra bunun cəfəngiyat olduğunu başa düşdüm. Plastik cərrahiyyə dərimizə yox, ruhumuza toxunur, ruhumuza zərər verir..."

İyirmi yaşın olanda insanlar deyir, ah o, gözəldir. Məgər gözəldir? Gözəllik yaşadığın ömür-gündən, həyatdan asılıdır. Amma inanın, sevgiyə və gözəlliyə bel bağlamaq olmaz..."

Milli.Az