Azərbaycandakı otellərə kimlər gedir? - ARAŞDIRMA

23 Oktyabr 2014 02:00
Bu gün insanlar daim bir yerdən başqa yerə gedir, müxtəlif ölkələrə səfərlər edirlər. Getdikləri yerdə uzun, ya da qısa müddətdə qalmaq məcburiyyətindədirlər ki, bu zaman insanların köməyinə otellər çatır. Beləliklə, insanlar müəyyən bir vəsait qarşılığında müvəqqəti yerləşmək və dincəlmək üçün ehtiyaclarını ödəyən yer olan otellərdən istifadə edilər.

Bu gün dünyada inşa edilən otellərin sayı gündən-günə artmaqdadır. Otellərin qiymətləri isə müxtəlif rəqəmlər arasında dəyişir. ABŞ-da dünyada mövcud olan 10 ən bahalı otelin reytinqi tərtib edilib. Kann, Cenevrə, Tokio, Nyu-York, Moskva dünyanın ən bahalı otellərinin yerləşdiyi şəhərlərdən bəziləridir. Bu 10 bahalı oteldə prezidentlər, "ulduzlar", məşhur idmançılar, siyasətçilər və iş adamları qalırlar. Həmin siyahıda 10-cu yerdə "ən kasıb" otel kimi Kanndakı "Martinez Hotel" gəlir ki, burada bir gecə gecələmək 18 min dollardır. Ancaq 1-ci yerdə dünyanın ən bahalı, gecəsi 59 min dollara olan Cenevrədəki "President Wilson Hotel"dir. Dünyanın ən ucuz oteli isə əvvəllər otel kimi fəaliyyət göstərən və artıq muzeyə çevrilən "NULL STERN"dir. Almanca "sıfır ulduz" adlanan, İsveçrənin Sürix şəhəri yaxınlığında yerləşən ulduzsuz bu otelin gecəsi 9,5 dollardır. Burada müştərilərə bir cüt qulaq tıxacı verilirdi, çünki otelin gurultulu havalandırma sisteminə başqa cür dözmək mümkün deyildi. Eləcə də qonaqlar səhər isti su ilə yuyunmaq imkanından da məhrum idilər. "Soyuq müharibə" zamanı inşa edilən, bir sığınacaqdan düzəldilmiş olan oteldə antik yataqların yer aldığı otaqlarda qalmaq isə 27 dollara başa gəlirdi. Divarlar boyasız, beton divarlı idi və istilik yox idi. Müştərilərə gecələr üşüməmək üçün isti su ilə dolu torbalar və soyuq yerə ayaq basmamaları üçün tərlik verilirdi. Bütün bu çatışmazlıqlara baxmayaraq, otel ildə 29 fərqli ölkədən gələn ziyarətçiləri qəbul edib. Xarici ölkələrə səyahətə çıxmaq üçün heç də maddi baxımdan imkanlı olmanın vacib olmadığının sübutu olan bu otelin şüarı da maraq doğurur: "Buradakı tək ulduz sizsiniz!"

Bakıda gecəsi 65 manatdan 13 min 844 manata qədər olan otellər var

Bu gün Azərbaycanda 527 otel fəaliyyət göstərir ki, ötən 7 illə müqayisədə otellərin sayında 2 dəfə artım müşahidə olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, mehmanxanalarda gecələyən şəxslərin 131,3 min nəfərini ölkə vətəndaşları təşkil edib. Ümumi gecələmələrin 70,5 faizi Bakı şəhərində qeydə alınıb. Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı mehmanxanalarda bir gecə qalmaq üçün orta qiymət 77,8 manat olub. Bu gün ölkədəki mehmanxanaların əksəriyyəti Bakıda yerləşir və onların qiymətlərinə gəldikdə isə müxtəlifdir. Məsələn, hazırda kiçik otellərdən sayılan İçərişəhərdəki "Kiçik Qala" otelindən bildirdilər ki, bir nəfərlik gecə 65-80 manat arasında dəyişir. Paytaxtın ən müasir otellərindən olan "JW Marriott Absheron" otelində isə bir nəfərlik nömrə 215-330 manat arasındadır ki, burada ən baha otaq 2585 manata olan "prezident" otağıdır. Bakının ən məşhur otellərindən biri olan "Four seasons" otelidir ki, buradakı qiymətlər aylara görə dəyişir. Məsələn, iyul ayında bir nəfərlik otaq 295-470 manat arasında olub. Hətta pəncərəsi Xəzər dənizinə baxan və qiyməti 583 manata olan otaqlar var. Bu oteldə də ən bahalı "prezident" otağıdır ki, onun qiyməti 13 min 844 manatdır.

Beləliklə, bu gün istər paytaxtda, istərsə də bölgələrdə fəaliyyət göstərən otellərin qiymətləri heç də ucuz deyil. Mütəxəssislər də bizim otellərin qiymətlərini qonşu ölkələrdən baha hesab edirlər. Məsələn, qonşu İranda gecəsi 5 manata da otellər fəaliyyət göstərir. Belə otellərdə yüksək keyfiyyət olmasa da hər halda, müştəri gecələmək, dincəlmək imkanı əldə edir. İstər xarici turistlər, istərsə də ölkə vətəndaşları istədiyi qiymətə mehmanxana tapa bilirlər. Onu da qeyd edək ki, İran küçələrinin əksəriyyətində belə kiçik otellərə rast gəlmək mümkündür. Yəni, "ulduz" arxasınca qaçmayan bu otel sahibləri biznes fəaliyyətini həyata keçirir. Nəticədən isə həm müştəri, həm də otel sahibləri məmnundurlar. Ancaq bu gün paytaxtımızda belə bir qiymətə otel tapmaq qeyri-mümkündür. Onu da xatırladaq ki, hələ sovet dövründə bölgələrdən Bakıya gələn vətəndaşlar, məsələn, kolxozçunun məhz buradakı otellərdə qalmaq imkanı vardı. Ancaq bu gün, çətin ki, rayondan gələn bir fəhlənin bu otellərdə qalmaq imkanı olsun. Bu qiymətlər isə onu göstərir ki, otellərdən ancaq imkanlı şəxslər istifadə edə bilərlər.

Dövlət tərəfindən az ulduzlu və ya ulduzsuz otellər üçün müəyyən güzəştlər tətbiq edilə bilər

İqtisadçı-ekspert Vüqar Bayramov Milli.Az-a bildirdi ki, Azərbaycanda otellərin baha olmasının əsas səbəblərindən biri ölkəmizdə olan 1, 2 və ya ulduzsuz hotellərin sayının az olmasıdır: "Turizmin inkişafı ilə əlaqədar çoxulduzlu otellərlə bərabər, 1 və 2-ulduzlu otellərin tikilməsi də vacibdir. Ona görə ki, belə otellərin qiyməti daha aşağı olur və turistləri cəlb edir. Təəssüf ki, bu gün ölkəmizdə sahibkarlar yalnız 4-5-ulduzlu, bahalı otellərin tikintisinə maraq göstərirlər. O baxımdan, güman olunur ki, 1-2-ulduzlu otellərə marağın az olması iş adamlarının 4-5-ulduzlu otellərə daha çox üstünlük verməsi ilə əlaqədardır".

Ekspertin fikrincə, ona görə də dövlətin də bu istiqamətdə müəyyən tədbirlər həyata keçirməsinə ehtiyac var: "Ən azından, azulduzlu otellər üçün qiymətlərin tənzimlənməsi iş adamlarının bu tip otellərin də tikilməsinə marağının artması ilə nəticələnə bilər. Belə ki, dövlət tərəfindən azulduzlu və ya ulduzsuz otellər üçün müəyyən güzəştlər tətbiq edilə bilər. Eyni zamanda Sahibkarlığın İnkişafına Yardım Fondu sahibkarlara bu otellərin tikintisi üçün güzəştli kreditlər təklif edə bilər. Bunlar imkan verəcək ki, sahibkarlar verilən güzəştlərdən faydalanıb azulduzlu otellərin də inşasında maraqlı olsunlar. Hələ bir müddət öncə turizmlə bağlı təkliflər paketi hazırlayaraq müvafiq orqanlara təqdim etmişik. Təkliflər paketində məhz turizm sektoruna vergi güzəştləri də əksini tapıb. Sənəddə Azərbaycan turizminin indiki səviyyəsi qiymətləndirilib. Söhbət turizmin inkişafına kompleks yanaşmadan gedir və bir sıra təkliflərimiz əksini tapıb. Biz Mərkəzi və Şərqi Avropa ölkələrində olduğu kimi, Azərbaycanın turizm sektoruna vergi güzəştlərinin tətbiq edilməsini təklif edirik. Məsələn, Rumıniyada əlavə dəyər vergisi (ƏDV) 16 faizdir. Amma turizm şirkətləri bu vergini 50 faiz güzəştlə, yəni 7 faiz ödəyir. Qonşu Gürcüstanda isə turizmlə məşğul olan şirkətlər 15 illik müddətinə ƏDV-dən azad edilib".

Ekspert hesab edir ki, Azərbaycanın da buna ehtiyacı var. Çünki vergi güzəştləri turizm şirkətlərinin xərclərini azaldır və onların inkişafını stimullaşdırır. Bundan başqa, turizm sektorunda elektron hökumət sisteminin elementlərinin tətbiqi təklif edilir: "Yəni "on-line" qaydada sifariş imkanları olmalıdır. Nəzərə almaq lazımdır ki, xaricdə olan turistlərin əksəriyyəti məhz internet vasitəsilə otellər, onların xidmətləri və qiymətləri barədə məlumat əldə edir. Təəssüf ki, Azərbaycanda elektron turizm yox səviyyəsindədir və turistlərin mehmanxanalar barədə məlumat almaq, seçim etmək imkanları yoxdur. Biz, həmçinin elektron turizm xidməti göstərən şirkətlərin ƏDV-dən azad edilməsini təklif edirik. Başqa ölkələrdə belə bir təcrübə var".

Bələdiyyələr öz ərazilərində mehmanxanalar inşa etməlidir

Azərbaycan Turizm İnstitunun "Turizm Biznesi" kafedrasının müdiri, t.ü.f.d., dosent Bahadur Bilalov isə Milli.Az-a bildirdi ki, müstəqilliyin ilk illərindən paytaxt Bakı şəhərində yalnız biznes-turistlərə hesablanmış 4-5-ulduzlu otellər istifadəyə verilirdi. Bu həmin dövrün tələbatından irəli gələn bir məsələ idi. Təbii ki, həmin otellərdə qiymətlər da fərqli idi:

"Qiymətlər baha idi. Amma son zamanlar 4-5-ulduzlu otellərlə yanaşı, 3-ulduzlu otellərin də istifadəyə verilməsi qiymətlərə təsir edib. Belə ki, bu gün Bakı şəhərində 30 manatdan 250 manata qədər dəyişən qiymətlərlə mehmanxanalarda nömrə tapmaq mümkündür. Məlumdur ki, Nazirlər Kabinetinin ezamiyyət xərcləri ilə əlaqədar məlum qərarında Bakı şəhərinə gələnlər üçün 35 manat nəzərdə tutulub. Söhbət bölgələrimizdən Bakı şəhərinə ezamiyyətə gələnlərdən gedir. Amma bununla belə, hesab edirəm ki, ucuz büdcə kateqoriyalı mehmanxanaların sayı Bakı şəhərində, eləcə də digər iri şəhərlərimizdə mütləq artırılmalıdır. Nəzərə alınmalıdır ki, hökumətin qeyd etdiyimiz qərarında bölgələr üçün ezamiyyət xərcləri daha az nəzərdə tutulub. Qonşu ölkələrdə otellərdəki ucuz qiymətə gəldikdə isə onu deyə bilərəm ki, hətta 1998-ci ildə İran-Pakistan sərhədində otel nömrəsini mənə 5 dollara verəndə şoka düşmüşdüm. Qulaqlarıma inanmadım, bir də soruşdum ki, doğrudanmı 5 dollar? Fikrimcə, bələdiyyələr öz ərazilərində mehmanxanalar inşa etməli və ucuz qiymətə təklif etməlidirlər. Bu da onlar üçün həm əlavə gəlir mənbəyi olar, həm də müştərilər üçün münasib qiymətə otel olar".

Nigar Abdullayeva
Milli.Az