Azərbaycanda brendlərin saxtalaşdırılması qarşısıalınmaz problemə çevrilib. Dünyada tanınan və sevilən bir sıra firmaların müxtəlif məhsulları ölkə bazarına daxil olduqdan sonra işbazlar da işə başlayırlar. Heç şübhəsiz oxucularımız arasında da hansısa firmanın adına aldanıb "məhsulu"nu alan və peşman olanlar yox deyil. Bu hal geyimdən, ərzaqdan tutmuş, müxtəlif məişət texnikalarına qədər hər bir sahəni əhatə edir. Mövzunun yenidən gündəmə gəlməsinə səbəb isə adının çəkilməsini istəməyən avtomobil təmiri ustasının xarici avtomobillərin rezin detallarının saxtalaşdırılması ilə bağlı iddialarıdır. Belə ki, həmsöhbətimizin sözlərinə görə, təmir yerlərini gəzən işbazlar ustalardan xaricdən gətirilmiş ehtiyat hissələrinin orijinal qutularını pulla alırlar: "Əvvəllər biz buna əlavə qazanc yeri kimi baxırdıq. Amma sonradan bu saxta məhsullar hətta özümüzə gəlib çıxmağa başladı. Təmir edib yola saldığımız avtomobillər az müddətdən sonra üstümüzə qayıtdıqca fərqinə vardıq ki, ona qoyduğumuz ehtiyat hissə saxtadır". Usta iddia edir ki, bu məhsullar əsasən Sumqayıtda hansısa sexlərdə saxtalaşdırılır.İlk sırada kosmetika vasitələri və avtomobillərin ehtiyat hissələri gəlir