Ağstafada təqaüdçülərin puluna qənim kəsilən şəxs peyda olub

20 Oktyabr 2014 18:25

Hələ ki, şəxsiyyəti müəyyənləşməyən "qəhrəman" çirkin əməlini ahıl insanlar pensiya alan zaman bankomatlarda həyata keçirib

Ağstafada yaşlı rayon sakinlərinin etibarından istifadə edən 45-48 yaşı olduğu təxmin edilən dələduz peyda olub. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Pirli kənd sakini 75 yaşlı Əli Osmanov bu "qəhrəman"ın toruna düşənlərdəndir. O, bir neçə gün öncə rayon avtovağzalının yaxınlığındakı bankomatdan pul çıxararkən bir nəfər tanımadığı şəxs ona yaxınlaşıb kömək etmək istədiyini bildirib. Əli kişi kartındakı üst-üstə yığılan 7 aylıq pensiyanı, yəni 1540 manat pulu görüb. Lakin oğru kartı yarımçıq çıxarıb və bankomatda pul olmadığını deyib.

Əli Osmanovla yanaşı daha 4 nəfər də bu dələduzun toruna düşüb. İnsanların etibarından sui-istifadə edən dələduz əvvəl bir neçə nəfərin pulunu çıxarıb verib. Sonradan onların bir neçəsinin də pulunun köçmədiyini bəhanə edərək onların kartlarını dəyişib. Rasim Arifovun iş yoldaşının da maaş kartından pul çıxarıb, əvəzində isə ona başqa kart verib.
Sakinlər başlarına gələn hadisənin "Beynəlxalq bank"ın bankomatlarında olduğunu bildiriblər. Ağstafa polisi isə hazırda əhalini aldadaraq pullarını mənimsəyən şəxsin tapılması istiqamətində işlər aparırlar.

Milli.Az