Əməliyyatdan sonra ayılan və əynində qadın tumanı görən həkim xəstəxananı məhkəməyə verib. Həkimin dediyinə görə, onu ələ salan həmkarlarına görə əmək qabiliyyətini, maaşını və normal yaşamını itirib.
Milli.Az The Huffington Post-a istinadən bildirir ki, ABŞ-ın Delaver ştatındakı Duvr şəhərində yaşayan və bu şəhərdəki "Delaware Surgery Center"də çalışan 32 yaşlı Endryu Uolls kolonoskopiya əməliyyatına məruz qalmışdı.
"Əməliyyatdan sonra narkozdan ayıldım. Əynimdə çəhrayı rəngli qadın tumanı vardı. Mən narkozun təsiri altında olanda həmkarlarım məni ələ salıblar və əynimə qadın tumanı geyindiriblər. Bu biabırçılığa görə işlədiyim xəstəxananı məhkəməyə verdim. Qoy bu iyrənc "yumor" hissinə görə məhkəmədə cavab versinlər", - Endryu Uolls deyib.
Onun sözlərinə görə, həmin hadisədən sonra emosional təlatümlərə və depressiyaya məruz qaldığı üçün işdən çıxıb.
Maraqlı digər məqam isə insidentin 2012-ci ildə baş verməsinə rəğmən Endryu Uollsun indi məhkəməyə müraciət etməsidir.
Milli.Az