Milli Şuranın keçən həftə baş tutmuş qalmaqallı mitinqi ilə bağlı müəmmalı məqamlar kifayət qədərdir. Mitinqin keçiriləcəyi haqda qərarın gözlənilmədən verilməsi bununla bağlı müxtəlif versiyaların səsləndirilməsinə səbəb olub. Elan olunmazdan öncə çoxları bu mitinqə heç bir ehtiyac olmadığını deyirdi. Çünki mitinqin biabırçı səviyyədə keçəcəyi hamıya məlum idi. Keçirilən son mitinqlərə heç 1000 nəfərin qatılmaması, gedənlərin sayının hər dəfə daha da azalması bu mitinqin "kiçik tədbir" səviyyəsində baş tutacağına heç bir şübhə yeri qoymurdu. Onu da deyək ki, Milli Şura rəhbərliyinin son günlərə qədər bu cür mitinqin keçirilməsinə qarşı olduğu xəbərləri dolaşır. Məlumatlar yayılmışdı ki, siyasi məhbusların müdafiə komitəsində Müsavat rəhbərliyi belə bir təklif verib ki, siyasi məhbusların azad olunması tələbi ilə kütləvi aksiyalar keçirilsin. Lakin o vaxt Milli Şurada təmsil olunan AXCP rəhbərliyi buna maraq göstərməyib və dərhal da bunu zərərli təklif kimi dəyərləndirib. İndi isə məlum olur ki, nə baş tutan son mitinq, nə də orada Avropa İttifaqının bayrağının qaldırılması səbəbsiz deyilmiş. "Yeni Müsavat" qəzetinin məlumatına görə, həmin mitinqdə Aİ bayrağı qaldırılması təsadüfi deyil. Bunun əsas səbəbi isə "Avromaydan" hadisələrinin ölkəmizdə təkrarlanması arzusudur. Mətbuat yazır ki, ideyası və özü Moskvada qurulan, yaranış zamanında Avro-atlantik məkana inteqrasiya əleyhdarı kimi çıxış edən Milli Şura belə bir rola seçilə bilərmi? "Xatırlayaq ki, siyasi mövsümü Avropa Birliyinin bayraqları ilə açan Milli Şuranın təsis sənədindəki "Avroatlantik məkana inteqrasiya" müddəası o vaxtkı həmsədr Rüstəm İbrahimbəyovun təkidi ilə çıxarılmışdı. O vaxtkı diskussiyalar zamanı bu gün əks mövqedən canfəşanlıq edənlərin məlum qəzetdəki yazıları da unudulmayıb və internet məkanında, arxivlərdə qalır. Ötən il bu zamanlara qədər rəhbərliyində Rusiya yanlısı şəxslər olması səbəbindən Moskvaya bağlı qüvvə kimi təsnifləndirilən Milli Şura indi Avropa Birliyindən yanadır və görünən də budur ki, MŞ Aİ ilə münasibətlərdə müəyyən məsafə qət edib".12 oktyabr mitinqinin keçirilməsi sifarişi xaricdən verilibmiş