Xoşbəxt ölkələr necə müəyyənləşdirilir?

17 Oktyabr 2014 18:31

Elə ölkələr var ki, insanların aylıq gəliri çox yüksəkdir, amma onlar özlərini heç də xoşbəxt saymırlar

"Panama Respublikası ən xoşbəxt ölkələrin reytinq siyahısına başçılıq edir". Bu yaxınlarda "Gallup-Healthways" kompaniyasının dərc etdiyi top-siyahıya əsasən müəyyənləşən ölkələr sırasında eyni zamanda ən uğursuz dövlətlər də yer alıb. Panamadan başqa, birinci onluğa, həmçinin Kosta-Rika, Danimarka, Avstriya, Braziliya, El-Salvador, Uruqvay, İsveç, Kanada və Qvatemala daxildir. Bədbəxt ölkələr siyahısında isə Suriya, Əfqanıstan, Haiti, Konqo Demokratik Respublikası, Çad, Madaqaskar, Uqanda, Benin, Xorvatiya, Gürcüstan, Ermənistan və başqa ölkələrin adı var.

Kompaniya öz siyahısını tərtib edərkən ölkələr üçün əmin-amanlıq, təminatlı əhali, onların sosial-hüquqi müdafiəsi, yaxınları ilə münasibəti, həyatı dərk etmələri, fiziki sağlamlıq kimi indeksləri əsas götürüb. Mütəxəssislər qeyd edirlər ki, uğursuz ölkələrin siyahısına çox vaxt silahlı münaqişələrə cəlb olunmuş ölkələr daxil olurlar. Eyni zamanda, xoşbəxtlik səviyyəsi xüsusilə mentalitetə nüfuz edir. Məsələn, regionlararası ən yüksək xoşbəxtlik indeksinə Latın Amerikası layiq görülüb. Müəlliflər təxmin ediblər ki, buna ölkənin milli optimistliyi təsir göstərib. Müqayisə üçün qeyd edək ki, xoşbəxt ölkələr siyahısında Şimali Amerika dövlətləri 14-cü yeri tutur. Kanadada yalnız hər 3 sakindən biri 5 göstəricinin üçündən məmnunluğunu ifadə edib.

Keçmiş sovet ölkələri arasında rusiyalılara (68) nisbətdə gürcülər (169-cu yer), belaruslar (170-ci), ermənilər (172-ci), ukraynalılar (174-cü) və moldovalılar (175-ci) özlərini qismən bədbəxt sayırlar. Siyahıda ABŞ 23-cü yeri, Almaniya 35-ci, Böyük Britaniya 41-ci, Fransa 62-ci yerləri tutur. Xoşbəxtlik reytinqinin sonunda Konqo Demokratik Respublikası, Zimbabve və Burundi durur. İraq kimi silahlı münaqişədə iştirak edən ölkə yaradıcı qrup tərəfindən reytinq cədvəlinə daxil olunmayıb.

Mütəxəssislərin rəylərinə görə, keçən il qonşu rusiyalıları çox xoşbəxt edib. Belə ki, il ərzində rusiyalılar daha xoşbəxt olublar və indi Rusiya keçən ilkinə nisbətən 8 pillə irəliləyərək Yer üzünün 150 xoşbəxt ölkəsi siyahısında 68-ci yerdə qərarlaşıb. Nəticədə Rusiya qonşusu Belarus və Qazaxıstan, o cümlədən Albaniya və Anqolanı ötüb keçib.

Kompaniya nümayəndələri siyahının psixoloqlar, iqtisadçılar və digər ekspertlər tərəfindən işlənib hazırlandığını bildirirlər. Siyahının təməlində uzunmüddətli sağlam həyat tərzi, əhalinin sosial müdafiəsinin səviyyəsi, onların sayına düşən ərzağın keyfiyyəti, korrupsiyanın olmaması və həyat tərzinin yüksəkliyi durur.

Səhiyyə və təhsil

Leicester Universitetinin ictimai psixoloqu Edrian Uayt da öz növbəsində, bu siyahının əsasında dünyanın "Xoşbəxtlik xəritəsi"ni yaradıb. Ailm 178 ölkənin və 100 beynəlxalq təşkilatın mütəxəssislərinin araşdırmalarını təhlil edərək xoşbəxt ölkə faktorunun əsas ölçüləri kimi ölkə vətəndaşlarının xoşbəxtliyi, səhiyyə tədbirləri, rifah halı və təhsili önə çəkib. Bundan əlavə, beynəlxalq təşkilatların mütəxəssislərinin tədqiqatlarına, BMT və Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsaslanıb. "Biz insanların öz həyatlarından daha çox razı qaldıqları ölkələrə diqqət yetirmişik. O ölkələrə ki, onlar öz vəziyyətlərindən və onları əhatə edən mühitdən çox razıdırlar" - deyə ingilis alimi qeyd edib. Uaytın siyahısında ABŞ 23-cü yeri, Almaniya 35-ci yeri, Böyük Britaniya 41-ci, Fransa isə 62-ci yeri tutub.

Alim xoşbəxtliyin hiss olunması, firavanlıq və təhsilin əldə olunmasının mümkünlüyü arasındakı bağlılığı şərh edib. Onun tədqiqatına görə, ölkə vətəndaşları arasındakı xoşbəxtlik faktoru sağlamlıq, mövqe və təhsildir. "Nə qədər ki sağlamlıq və təhsil sahəsində inkişaf var, o qədər də həmin ölkənin vətəndaşları öz həyat tərzlərindən razı və xoşbəxtdirlər". Alim boynuna alıb ki, bu parametrlər ideal xoşbəxtlik olmasa da, əlçatandır. Onun sözlərinə görə, bu parametrlərin köməyi ilə bu və ya başqa ölkə vətəndaşının yaşayış tərzini müəyyən etmək, insanlara müharibənin, aclığın necə təsir etdiyini öyrənmək olar.

Varlı olmaq xoşbəxtlik deyil

Bəzi ekspertlər "Hər bir ölkənin xoşbəxtliyi onun vətəndaşlarının firavanlığına görə müəyyənləşir" desələr də, bəziləri xoşbəxtliyin nisbi anlayış olduğunu və praktik olaraq tərifinin olmadığını bildirirlər. Yəni məhz bu üzdən də dünyanın inkişaf etmiş ölkələrinin bir qismi xoşbəxt ölkələr siyahısına daxil edilmir.

İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, insanın xoşbəxt olması üçün təkcə pulun olması bəs deyil: "Elə ölkələr var ki, aylıq gəliri çox yüksəkdir, amma onun vətəndaşları heç də xoşbəxt deyillər. Amma azgəlirli elə ölkələr də var ki, insanları özlərini daha xoşbəxt sayırlar. Məşhur iqtisadçılar da bildirirlər ki, varlı olmaq xoşbəxt olmaq demək deyil".

Ekspertin sözlərinə görə, dünyada xoşbəxtliyi müəyyənləşdirmək üçün konkret metodologiyadan istifadə olunur. Belə ki, həmin metodologiya əsasında ölkələrin və orada yaşayan insanların xoşbəxt olub-olmamasını müəyyənləşdirməyə çalışırlar. "BMT tərəfindən dəstəklənən dünyanın xoşbəxt ölkələri ilə bağlı indeksi hesablayan zaman bu metodologiyadan istifadə olunur. Bunun üçün çox müxtəlif metodlardan istifadə etməyə də çalışırlar. Məsələn, vətəndaşlar arasında sorğular keçirir, eyni zamanda, BMT-nin İnkişaf Proqramının insan inkişafının hesabatına uyğun olaraq ölkədə uzunömurlülük göstəricisi, təhsil və səhiyyə sistemi nəzərə alınır. Həmçinin bu indeks hesablanan zaman ekoloji mühit də əsas götürülür. Göründüyü kimi, konkret metodologiyadan istifadə olunsa belə, bu üsullar çox sadədir. Uzunömürlülük müddətinin müəyyənləşdirilməsi, həmçinin səhiyyənin inkişafını müəyyənləşdirmək üçün istifadə olunan indikator və təbii ki, ekoloji mühit götürülür". İqtisadçı qeyd etdi ki, xoşbəxtliyi müəyyənləşdirən zaman ölkədə adambaşına düşən ÜDM və digər makroiqtisadi göstəricilərdən istifadə olunmur. Yəni, ölkə varlı ola bilər, amma vətəndaşı xoşbəxt olmaya bilər və ya əksinə: "Panamanın misalında bu, onu göstərir ki, hətta bəzi hallarda varlı olmayan ölkələr xoşbəxt ölkələr sırasına daxildir. Bu baxımdan, Panamanın və ya bəzi hallarda inkişaf etməmiş ölkələrin xoşbəxt ölkələr sırasına daxil olunması, konkret olaraq iqtisadi indikatorlardan istifadə olunmaması, daha çox sorğuya üstünlük verilməsi uzunömürlülük və ekoloji kimi meyarlara yer verilməsi ilə bağlıdır".

Sorğuda Gürcüstanın bədbəxt ölkələr sırasında yer almasına münasibət bildirən ekspert bu göstəricinin də nisbi olduğunu söylədi: "Bu o demək deyil ki, həmin ölkə doğrudan bədbəxtdir. Və yaxud hansısa bir ölkənin xoşbəxt ölkələr sırasında yer alması onların mütləq mənada xoşbəxt olması demək deyil. Əsas metodologiya sorğudur. Məsələn, biz dünyanın xoşbəxt ölkəsi olan Panama ilə dünyanın bədbəxt ölkəsi kimi qiymətləndirilən Gürcüstanı müqayisə etsək, görərik ki, Panamada əhalinin 29 faizi yoxsulluq həddindən aşağı səviyyədədir. Demək, hər 3 nəfərdən birinin gündəlik gəliri 2 dollardan azdır. Baxmayaraq ki onlar bu vəziyyətdə yaşayır, bu ölkə xoşbəxt kimi qiymətləndirilir. Amma bədbəxt ölkə kimi göstərilən Gürcüstanın göstəricilərinə diqqət yetirsək, görərik ki, Gürcüstanda yoxsulluq həddi 2,9 faizdir. Bu, Panama ilə müqayisədə yaxşıdır, amma insanlar düşünürlər ki, xoşbəxt deyillər". Ekspertin fikrincə, Gürcüstanın bədbəxt ölkələr arasında yer alması sadəcə, orada yaşayan insanların özlərini xoşbəxt hiss etməməsi ilə bağlıdır.

Azərbaycanın bu siyahıda yer almamasına gəlincə, ekspertin sözlərinə görə, Avropa Birliyinin keçirdiyi sorğularda Azərbaycan əhalisinin əhəmiyyətli hissəsi özünü xoşbəxt hiss etdiyini bildirib.

"Ekonomiks" jurnalının bu yaxınlarda keçirdiyi sorğuya görə, əhalinin 80 faizə yaxını öz yaşayışından razıdır: "Ən maraqlı məqamlardan biri odur ki, sorğular internet üzərindən həyata keçirilib. Bu zaman hansısa bir ölkənin İP-si nəzərə alınır. Geniş əhali kütləsi bu sorğu ilə təəssüf ki, məlumatlı olmur. Bu zaman bir çox hallarda doğru olmayan nəticələr əldə edilir. Ona görə düşünmürəm ki, Azərbaycan xoşbəxt ölkələr sırasında deyil. Ölkəmiz bu siyahıya daxil olmağa layiqdir". Ekspertin fikrincə, sosial və iqtisadi indikatorlar nəzərə alınsa, ölkəmizdəki mövcud indikatorlar Azərbaycanın xoşbəxt ölkələr siyahısına daxil olmasına imkan verir: "Bu, sadəcə, metodologiya ilə bağlı məsələdir. Çünki Azərbaycan praktik olaraq həm iqtisadi, həm sosial, həm də əhalinin münasibəti və ictimai rəy baxımından xoşbəxt ölkələr siyahısına düşməyə layiqdir".

Kaspi.az