Nepal dağlarında ən azı 24 turist həlak olub

17 Oktyabr 2014 16:23
Oktyabrın 15-nə olan məlumatlara görə, Nepalda Annapurna və Dhaulaqiri dağlarında trekkinqlə məşğul olan turistlərdən 24-ü həlak olub.

Bu barədə Trend Azərbaycan Alpinizm Federasiyasına istinadən məlumat verir.

Lakin bu qorxulu rəqəm də son deyil, çünki fırtınaya düşən turistlərin axtarışı hələ davam edir.

Xilaskarların verdiyi məlumata görə, fırtına başlayan zaman Annapurna ətrafındakı trekkinqdə 168 xarici turist və dəqiq bilinməyən sayda yerli bələdçi var idi. Axtarış qrupları onlardan 13 nəfəri tapıb, qalanlarla əlaqə qurmaq mümkün olmayıb. Xilaskarlar ümid edirlər ki, hava şəraiti düzələndən sonra onları da tapmaq mümkün olacaq.

Dağ ətəklərindən gələn uçqunun qurbanları siyahısında İsrail, Polşa, Almaniya, Kanada, Fransa, Slovakiya və Nepal vətəndaşları var. Nepallılar turist qruplarında əsasən bələdçi və yükdaşıyan rollarında çıxış etdikləri üçün onlar siyahının ən böyük hissəsini təşkil edirlər.

Yerli hökumət qeyd edir ki, ölü sayının belə böyük olması oktyabrın 13-dən etibarən bir çox uçqunun məhz turist marşrutlarında baş verməsindən irəli gəlir.

Ən çox tələfatla nəticələnən hadisə hündürlüyü 5415 m-ə çatan Txoronq La aşırımına yüksəlmə zamanı baş verib.

"Xudxud" siklonu və qar rayonda görmə imkanlarını xeyli çətinləşdirib. Bunu görən qrup geri dönmək qərarına gəlib, lakin bir neçəsi əsas düşərgəyə qayıda bilməyib. Hazırda axtarışla iki helikopter məşğul olur.

Son bir neçə gün ərzində Nepalın xilasetmə dəstələri yüksək dağ rayonlarından 40 xarici jurnalisti evakuasiya edib.

Milli.Az