Amerikaya "lotereya qazanmaq" şansı

16 Oktyabr 2014 15:59

"ABŞ öz qapısını simvolik açıq saxlayır..."

Daha çox "Green card" kimi tanınan 2016 Müxtəliflik Vizası (Diversity Visa) proqramına bu ilin oktyabr ayının 1-dən noyabrın 3-nə qədər www.dvlottery.state.gov-da qeydiyyat başlayır.

Konqresin təsdiqlədiyi Müxtəliflik İmmiqrant Viza Proqramı hər il Dövlət Departamenti tərəfindən idarə olunur. Milliyyət və İmmiqrasiya Aktının 203-cü bölməsi (c) Birləşmiş Ştatlara immiqrasiya göstəriciləri tarixən aşağı olan ölkələrin vətəndaşları "müxtəliflik immiqrantları" adlanan viza ilə (DV) təmin edir.

2016-cı il Maliyyə İli üçün 50.000 müxtəliflik vizası (DV) veriləcək. Müxtəliflik vizası proqramında qeydiyyatdan keçmək üçün ödəniş tələb olunmur.

Lotereyada seçilmiş ərizəçilər müxtəliflik vizası almaq üçün sadə, ancaq sərt tələblərə uyğun gəlməlidirlər. Kompüter ərizəçilər arasında təsadüfi seçim aparacaq.
Vizalar altı coğrafi region üzrə aparılır və hər bir regionda heç bir ölkə bir il ərzində mümkün DV lotereyalarının yeddi faizindən çoxunu ala bilməz.

Bu, işləmək üçün xarici ölkələri, xüsusən də Amerikanı "gözaltı" edən vətəndaşlarımız üçün ciddi informasiya sayılır. Amma hüquqi prosedurlar və bəzi detalları bilmədən uğur əldə etmək mümkün deyil. Amerikada fəaliyyət göstərən "İ.S.LawFirm" hüquq ofisinin rəhbəri, vəkil İsmayıl Şahtaxtinski ilə bu məsələnin detallarını dəqiqləşdirdik. Müsahibimiz öncə müxtəliflik vizası proqramı barədə danışdı:

- ABŞ Konqresi tərəfindən ona görə bu lotereya yaradılıb ki, təkcə burada qohumları olan və ya işləyən adamların yox, bütün dünyada yaşayan insanların Amerikaya gəlib yaşamaq şansı olsun. Amerika özü də miqrantlar ölkəsidir. Miqrantlar ölkəsi olaraq 1955-ci ilə qədər ABŞ-a ayaq basan şəxs əgər tibbi baxışdan keçirildisə, ona avtomatik icazə verilirdi ki, burada qalsın. Bu, ölkəyə gəmi ilə gələn şəxslərə aid idi. Bu mühacirləri deportasiya etmirdilər. Amma indi Amerika bütün miqrantlara qapısını açıq qoya bilməz. Bu isə indiki nəsil üçün ədalətli sayılmır. Ona görə də ABŞ öz qapısını simvolik açıq saxlayır ki, keçmiş zamanlarda olduğu kimi yenə də dünyanın hər yerindən bura miqrantlar gəlsin. Bunun üçün də hər il "Green card" lotereyasını keçirirlər. Ancaq say məhdudiyyəti var: 50.000 nəfər. Çünki praktiki baxımdan ki, "Green card"ın hamıya verilməsi mümkün deyil. Hökumət bu aksiya ilə mesaj çatdırır ki, Amerika hələ də miqrantlar ölkəsidir. Hətta dünyanın ən ucqar kəndində yaşayan şəxsin də Amerikada yaşamaq şansı var. Ən ədalətli yol kimi də lotereya forması seçilib.

- Müraciət üçün hansı şərtlər var?

- "Green-card" almaq istəyən şəxsin ən azı məktəb dərəcəsi və ya 2 illik iş təcrübəsi olmalıdır. Fərdi müraciət üçün yaş məhdudiyyəti 18-ə qədərdir. Yəni 18 yaşdan aşağı olanların valideynləri müraciət edə və ərizədə uşaqlarının da adını göstərə bilər.

- Lotereyada şans qazanan insanlara hökumət nə yardım edir?

- Amerikada yaşayan hər bir adama yaşamaq və işləmək icazəsi verilir. Ona təcili tibbi yardım lazım olanda edilir. Amma ABŞ sosial yardımlar ölkəsi deyil. Sosial yardımlar var, ölkə vətəndaşları üçündür. Çox adam düşünür ki, "Green card" alsa, ABŞ hökuməti onu işlə təmin edəcək. Bu, yanlış yanaşmadır. "Creen card" udmaq Amerikada leqal şəkildə iş tapa, yaşaya bilmək icazəsi deməkdir. Bunun özü elə böyük bir təminatdır.

- Orada iş tapmaq asandır?

- Avropada işsizlik 25 faiz olanda ABŞ-da bu, 5-6 faiz idi. Amerika imkanlar ölkəsidir. Onun devizi də elə budur. Məsələn, mən ilk dəfə 1999-cu ildə "Green card"la Amerikaya gəldim. Lotereyanı udanlardan biriydim.

- 14-15 ildən sonra artıq hüquq firmanız var...

- Bakıda ali təhsilimi bitirib ABŞ-da davam etdirdim. Sonra da vəkilliyə başladım. Bir neçə ildən sonra da öz hüquq firmamı qurdum.

- Bəs lotereya qaliblərini kim və necə seçir?

- Xüsusi kompüter proqramı təsadüfi yolla seçir. Dövlət Departamentinin bununla məşğul olan ayrıca şöbəsi var. Kompüter proqramının seçdiyi ərizəçiləri sonradan ABŞ-ın regional konsulluqları müsahibəyə, yəni canlı ünsiyyətə dəvət edir. Burda seçim aparılmır, sadəcə, ərizəçinin "Green card" lotereyasında qeydiyyatdan keçmək üçün verdiyi məlumatlar əyani şəkildə yoxlanır.

- "Green card"da qeydiyyatdan keçmək üçün ödəniş tələb olunur?

- Xeyr, amma ola bilsin ki, kimsə ingilis dilini bilməsin və ya hansısa səbəbdən anket-ərizəni doldurmaqda çətinlik çəksin. Bu zaman bu xidməti hansısa firma pullu göstərə bilər.

- Dövlət Departamenti ərizəçiləri saxta şirkətlərin tələsinə düşməməyi çağırıb. Saxta şirkət "Green carda"a müraciət edəni nəylə inandıra bilər ki?

- Saxta şirkətlər ərizəçilərə yazırlar ki, ABŞ hökuməti qeydiyyat üçün filan qədər pul istəyir. Və ya reklam edirlər ki, 1000 dollar ödəyin, sizə "Green card" qazanmağa təminat verək. Dövlət Departamenti də bəyan edir ki, heç kim, hətta departament rəsmisi də sizə bu təminatı verə bilməz. Bayaq dediyim kimi, seçim xüsusi kompüter proqramı ilə təsadüfi aparılır.

- Anketi haradan əldə etmək olar?

- ABŞ Dövlət Departamentinin saytında bu haqda qeyd edilir. Anketi o saytdan doldurmaq lazımdır. Hansısa şirkət sizə "Green card" almaq üçün yardımını təklif edirsə, bu, o deməkdir ki, onlar anketin doldurulması üçün texniki yardım edirlər. Sonradan kod göndərilir. Bizim şirkət bunu edir. Bu xidmətin qiyməti 50 dollardır. Ərizəçidən lazım olan məlumatları alıb formanı doldururuq və qeydiyyatdan keçirdirik. Verilən kodu da ərizəçiyə göndəririk. Məsləhət görərdim ki, kimsə başqasının xidmətindən yararlanırsa, anketinin qeydiyyatdan keçdiyinə əminlik üçün kodunu tələb etsin.

- Azərbaycanda bu sahə üzrə xidmət göstərən şirkətlər olduğu deyilir. Nə dərəcədə etibarlıdır? Bizim informasiyalar təhlükəsizlik baxımdan necə qorunur? Çünki orda pasport nömrəsi və sair kimi məlumatlar istənilir.

- Bir adam iki dəfə müraciət etsə, onsuz da diskvalifikasiya olunur. Burada etibarlılıq məsələsi çox önəmlidir. Bəlkə, sənin müraciət etdiyin şirkət heç anketini ora yollamır. Ona görə də ən asanı, pulsuz-xərcsiz, Dövlət Departamentinin saytına girib, orda təlimatın köməyi ilə bütün informasiyaları doldurmaqdır. Amma bu, mümkün olmayanda servis, hüquq şirkəti tapıb, onların xidmətindən istifadə etmək olar. Təbii ki, öncə şirkətin etibarlılığını, keçmişdəki fəaliyyətini araşdırmaq lazımdır. Ən düz yol hər kəsin ərizəni özü doldurmasıdır. Saytda türk dilində, rus dilində də təlimatlar var, ora daxil olub detallarla tanış olmaq mümkündür. Sizə "lotereyanı udmusuz" deyə hər hansı məktub gəlmir. Bunu özünüz dəqiqləşdirirsiz. Amma belə e-mail-lər gələndə ki, "siz lotereyanı udmusuz, filan qədər pul ödəyin", bilin ki, saxtadır.

- "Green card" qazana bilmək üçün ingilis dilini bilmək şərtdirmi?

- Yox, o zaman kampaniyanın heç bir mənası qalmaz ki. Dünyanın hər yerində insanlara şans yaradılır ki, Amerikaya köçsünlər.

- Lotereyada seçiləndən sonra vətəndaş hansı ödəmələri edir?

- Seçiləndən sonra bəzi ödəmələr olur. İlkin mərhələdə anketi doldurub qeydiyyatdan keçirəndə ekranda nəticəni yoxlamaq üçün sizin kodunuz yazılır. Bu ilin cavabı 2015-ci ilin may-iyun ayında çıxacaq. Həmin o kodla sayta girib dəqiqləşdirmək olur ki, lotereyanı qazanmısız, ya yox. Bu zaman təlimat verilir ki, nə etmək lazımdır. Daha çox məsləhət görərdim ki, insanlar hüquq firması, hüquqşünasla əlaqə saxlayıb, bundan sonrakı mərhələləri onların məsləhəti altında keçsinlər. Çünki hansısa kiçik bir yanlışlıq ucbatından şansınızı itirə bilərsiz. Azərbaycandan çox adam var ki, "Creen card" lotereyasını udurlar. Amma sonradan baxıram ki, hansısa mərhələdə ilişirlər. Uduş nəticəsini yoxlamaq çox asandır. Amma ondan sonrakı mərhələləri səhvsiz həyata keçirmək önəmlidir. "Udmuşam" deyib, evdə oturmaqla iş bitmir. Konsulluqda müsahibə olur. Azərbaycanlılar müsahibə üçün Tiflisdəki regional konsulluğa dəvət edilirlər. Müsahibədə iştirak etmək üçün bəlli sənədlər lazım olur.

- Lotereyanı udub, konsulluqdakı müsahibədən də keçib, Amerikaya getməmək olarmı?

- Bu iki mərhələni keçəndən sonra vətəndaşa 6 aylıq viza verilir və pasporta vurulur. Bu 6 ay ərzində gəlmədinsə viza batmış sayılır.

- "Green card" adama öz ölkəsinə gedib-qayıtmağa icazə verirmi?

- Bəli, "Green card" icazə verir ki, Amerikada daimi yaşayaraq dünyanın istənilən ölkəsinə gedib-gələsən. Amma öz ölkənə daimi qayıda bilməzsən. Mövzumuz lotereya söhbətindən kənara çıxır deyə detallara varmıram.

- İsmayıl bəy, bəzən belə rəylər də eşitmək olur ki, "Green card" lotereyasına müraciət etmək ABŞ-a, məsələn, turistlik vizası almaqda maneə yaradır. Yəni səfirlik işçiləri ehtiyatlanır ki, bu adam "Green card" lotereyasına müraciət edibsə, demək, viza versək, gedib Amerikada qala bilər.

- Nəzəri cəhətdən belə yanaşma mümkündür. Amma praktikada belə hallara adətən rast gəlinmir. Ola bilsin, turistik, təhsil və ya biznes vizası müraciəti zamanı səndən soruşsunlar ki, "Green card"a müraciət etmisənmi? Cavab mütləq həqiqətə söykənməlidir. Kiçicik bir yalan şansınızı itirməyə gətirib çıxara bilər. Sadəcə, sübut edin ki, Amerikada daimi yaşamaq fikriniz yoxdur, geri qayıdacaqsız. Yəni demək olar ki, "Green card"a müraciət etmişdim, amma ABŞ-a köçüb-köçməmək məsələsində qəti qərarınız yoxdur və siz ABŞ-da leqal yaşamağa üstünlük verərdiz, qaçaq kimi yaşamağa yox.

"Yeni Müsavat"