Gartner analitiklərinin fikrincə, Əşyalar internetinin yayılmasını nəhəng İT şirkətləri və ya istehlak malları istehsalçıları deyil, ixtiraçı, sahibkar və startaplar (fəaliyyətə yeni başlayan şirkətlər) təmin edəcək.
2017-ci ilədək Əşyalar interneti sahəsində həllərin (mal və xidmətin birləşməsi) yarısı üç il əvvəl təsis edilən startaplar tərəfindən hazırlanacaq. Məhz startaplar və kiçik şirkətlər ucuz elektronikanın, ənənəvi istehsal üsullarının və 3D çapın üstünlüklərindən yararlana bilir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, analitiklər Arduino platforması, başlanğıc səviyyəli 3D printerlər, adi dəzgah və xarrat alətləri ilə məişət texnikasının idarəetməsi üçün öz qurğularını istehsal edən əksər sahibkarları və ayrı-ayrı həvəskarları nümunə kimi göstərir. İri şirkətlərin məhsullarından fərqli olaraq bu qurğuların başlıca vəzifəsi xərclərin azaldılması yox, rahatlığın artırılmasıdır.
Qeyd olunur ki, yeni imkanlar axtarışında olan startapların yaradılması prosesi davam edəcək. Onların əksəriyyəti uğursuzluqla üzləşəcək, uğurlu həllər isə iri şirkətlər tərəfindən birləşdiriləcək və bazarda artım ümumilikdə saxlanılacaq.
Milli.Az