Onu "Azərbaycan muğamının şahzadəsi" adlandırdılar - FOTO

13 Oktyabr 2014 09:42
Milli.Az bildirir ki, xanəndə Qoçaq Əsgərov Çinin ən böyük şəhəri olan Şanxayda "Shanghai World Music Festival-2014" festivalı çərçivəsində üç günlük konsert proqramını təqdim edəcək. Oktyabrın 16-da heyətlə yola düşməyə hazırlaşan musiqiçi növbəti gün səhnəyə çıxacaq. Konsertlərdən ikisi açıq havada, biri bağlı fərqli məkanlarda keçiriləcək. 

Xanəndənin çıxışından öncə musiqişünas, YUNESKO-nun eksperti Sənubər Bağırovanın Azərbaycan musiqisi, muğamları haqqında çıxışı dinləniləcək. 

Q.Əsgərov bildirib ki, dəvət ona dünya ulduzlarının konsertini təşkil edən məhşur menecer Lijiang Tang tərəfindən edilib. Qocaq Əsgərovun İngiltərədə verdiyi konserti dinləyən menecer onun avazını festival dinləyicilərinə eşitdirmək qərarına gəlib.

Repertuara gəlincə, azərbaycanlı xanəndə "Mahur", "Şur" muğamları, "Bayatı-Şiraz", "Şüştər"  təsnifləri və xalq mahnıları səsləndirəcək. Onu tarda Şəhriyar İmanov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov müşayiət edəcəklər.
Konsertin afişaları artıq Şanxayın küçələrinə vurulub. Orada Qocaq Əsgərov  ictimaiyyətə "Azərbaycan muğamının şahzadəsi" kimi təqdim edilib.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.