Bizans taciri Kozma İndikoplov Türkiyədə, Misirdə, Hindistanda hətta Seylonda olmuş, müxtəlif ölkələr görmüşdü. Özünün "Xristian topoqrafiyası" adlı əsərində yer üzü xəttkeşlə düz üç hissəyə - Avropa, Asiya və Afrika - bölünmüş düzbucaq şəklində təsvir edilmişdi. Düzbucaqlı şəklində olan yer üzünü dörd tərəfdən Dünya okeanının suları əhatə etmişdi. İndikoplov əlbəttə ki, Kiçik Asiyanın kəsik-kəsik sahillərini, İran körfəzini, böyük çıxıntı şəklində olan Hindistan yarımadasını görmüşdü.
Lakin o, gördüklərinə deyil, Bibliyanın nüfuzuna inanırdı.
Orta əsrlər dövrü qurtardı. Yeni dünya kəşf edildi. Onun haqqında isə Bibliyada bir kəlmə belə yox idi. Bu kəşf olunmuş yeni torpaqlarda insanlar yaşayırdılar. Onların mənşəyi Bibliyanın xalqlar və qəbilələr haqqındakı sxeminin çərçivələrinə sığmırdı. Amerikanın sakinlərini Adəm övladı, insan hesab etmək olarmı? İlahiyyatçı alimlər bu mövzunu çox müzakirə etdilər. Roma papası hətta xüsusi ürəyiaçıqlıq nümayiş etdirib hindulara özlərini "bəşər övladı" adlandırmaq hüququ "bəxş" etdi.
XVIII əsrin sonu - XİX əsrin əvvəllərində Bibliya alim-maarifçilərin - Didro, Volter, Holbax və s. - daimi istehza hədəfinə çevrildi. Alimlər müqəddəs kitabda, onların zənnincə, saysız-hesabsız yanlış və uydurma məlumat ortaya çıxarmağa müvəffəq oldular. Bu, onların ictimaiyyət tərəfindən birmənalı qarşılanmamasına səbəb oldu. Bəzi maarifçilər ittiham olunmağa, sıxışdırılmağa başladılar. Amma bu, onları öz fikirlərindən döndərə bilmədi.
Şumerlərin, Babillərin qədim dinləri, şübhəsiz ki, Bibliyanın müəlliflərinə tanış idi. Onlar Mesapotomiyanın zəngin poetik ədəbiyyatından geniş istifadə ediblər. Bibliyada inkişafına və qədimliyinə görə Şumer dinindən heç də geri qalmayan Misir dininin təsir izlərini tapmaq mümkündür.
Bibliya üçün əsas özək rolunu qədim Fələstin və Suriyanın yəhudi qəbilələrinin, o cümlədən, digər yerli sakinlərin dinləri oynamışdır. Dinçilər və tarixçilər göstərirdilər ki, Bibliya göylərdən nazil olmuş vəhy üzrə birdən-birə deyil, bir neçə əsr əsrində yazılıb. Elə həmin bu dövr insanlarının da - hər nə qədər fantastik görkəm və qiyafələrdə təsvir olunsalar da - mənəvi aləmləri, ümidləri bu kitabda öz əksini tapmışdı.
Eramızdan əvvəl VIII-VII əsrlərdə bütün Şərq "Şirlər yuvası" - Assuri dövlətinin məhv olması, onun paytaxtı olan "qanlı şəhər" Neynəvanın süqut etməsi arzusu ilə yaşayırdı. Müstəbid Assurinin təhqir olunub süquta yetirilməsinə həsr olunmuş nitqini Bibliya bizim üçün qoruyub saxlamışdır. Bu nitqdəki kəlamları İsrail qövmündən olan Naum adlı şəxsə aid edirlər. O vaxtında assurilərə əsir düşüb, onların bütün xisləti ilə yaxından tanış olmuşdu. Nauma aid olan nitqdə belə deyilir: "Sən alverçilərinin sayını o qədər artırmısan ki, onlar göydəki ulduzlardan da çoxdular. Məmurların soyuq günlərdədə çəpərlər üstündə sürü kimi oturmuş çəyirtkələrə oxşayır. Gün çıxar onlar elə yox olarlar ki, heç yerləri də tapılmaz".
Eramızdan əvvəl VII əsrin sonunda Neynəva süqut etdi. Arxeoloqların qazıntıları, Babil xronikaları bu barədə söz açırlar. Eyni zamanda, bu hadisə haqqında Bibliyanın səhifələrində İsrail qövmündən Naum gözəl və parlaq boyalarla danışır.
"Vay yırtıcıların bitmədiyi, yalan və soyğunçuluqla dolu olan qan çanağı şəhərin gününə! Qamçıların şaqqıltısı, fırlanan təkərlərin, çapan atların, baş götürüb gedən döyüş arabalarının gurultusu; süvarilər həm od saşan qılıncları, həm bənd vuran mizraqları qaldırırlar - saysız-hesabsız qırılanlar, qalaq-qalaq meyitlər; yerə sərilmiş cəsədləri saymaq olmur, yeriyənlərin ayaqları meyitlərə ilişir! Assuri hökmdarı, nəbilərin yatıb, döyüşçülərin bir-bir yerə sərilirlər, pərən-pərən edilmiş xalqın dağlara səpələnib, bir adam da yoxdur ki, onu bir yerə yığsın... Sənin bu xəbərini eşidənlər əl çalırlar, axı bu vaxta qədər sən kimə pislik etməmisən?"
Naumun bu nitqi Bibliyadan öncə Babil yazılarında öz əksini tapmışdı. Amma Bibliyada təhrif olunmuş bu nitq vəhy olaraq qeydə alınıb.
Bibliyada yeni məlumat olaraq təqdim edilmiş, arxeoloqların apardığı qazıntılar və Qədim Şərqin başqa xalqlarının yazılı sənədləri ilə öz təsdiqini tapan informasiyaların sayını artırmaq olar. Babilin süqutu, Misirin yazılı mənbələri, Şumerlərin dini sənədləri Bibliyadan öncə bizi çox hadisədən agah edib.
Bibliya mətnlərinin tarixi dəyəri qədim yəhudilərin dini kitablarını özündə birləşdirir.
Sözügedən müqayisələri özündə birləşdirən hissə "Əhdi-Ətiq"ə aiddir. Lakin İsanın və şagirdləri - apostolların əməllərindən bəhs edən "Əhdi-Cədid" də mövcuddur. Xristianlar, adətən, həm "Əhdi-Ətiq"i, həm də "Əhdi-Cədid"i müqəddəs sayırlar. Lakin dindarların bir hissəsi "Əhdi-Cədidi"i tanımaq istəmir. Bu dindarlar iudaistlərə aid edilir.
Yəhudilərin "Tövrat"ı təsdiq edir ki, İsa heç də Allahın övladı olmayıb. Onlara görə, İsa Roma sərkərdəsi Panteranın qeyri-qanuni dünyaya gəlmiş oğludur. Yəhudilər həm də onu yalançı və insanları aldadan fırıldaqçı adlandırmaqdan da çəkinmir. Düzü, xristianlarla yəhudilər arasında olan inanc mübahisəsi o qədər də önəm daşımır. Maraqlı olan budur: "Əhdi-Cədid" tarixi biliklərə yiyələnmək və keçmişdən düzgün məlumatlar əldə edə bilmək üçün tarixi mənbə rolunu oynaya bilərmi?"
Kilsə xadimləri belə hesab edirlər ki, İncil eramızın birinci əsrində İsanın şagirdləri, kitabda təsvir olunan hadisələrin bilavasitə iştirakçısı olan şəxslər və şahidlər tərəfindən yazılmışdır.
Ancaq İncilin mətnlərini, həmin dövrün müxtəlif müəlliflərinin əsərlərini diqqətlə tədqiq etdikdən sonra alimlər belə bir nəticəyə gəldilər ki, bu yanaşma heç də həqiqətə uyğun deyil. Belə ki, onların araşdırmalarına əsasən, İncilin kitabları müxtəlif vaxtlarda və müxtəlif yerlərdə yazılıb. Onları hətta adları başlıqlarda göstərilmiş insanlar belə yazmayıb.
Antik filosof Sels bu haqda belə yazmışdı: "Bir sıra dindarlar ifşaların təkzib edilməsi imkanını qazanmaq üçün İncilin yazılarını hətta dəfələrlə təzədən düzəldir və işləyirlər.
"Əhdi-Cədid"in kilsə tərəfindən qəbul olunmuş dörd İncildən ibarət olduğu hər kəsə məlumdur. Amma bu, kolleksiyaya daxil edilməmiş onlarla İncilin olması faktını inkar edə bilmir. Arxeoloqlar Misir qumlarında belə İncilin hissələrini tapıblar. Dini qanuna daxil edilməmiş "apokrif" - qadağan olunmuş - adlandırılan İncillərin əksəriyyətini isə, heç üzə çıxmamış, kilsə məhv edib.
Bu fakt göstərir ki, dini inancı kənara qoyub İncildən tarixi, elmi kitab kimi istifadə etmək düzgün deyil.
Rus tarixçisi Vipper "Əhdi-Cədid"i uzun zaman təhlil etmiş və sonda bu qərara gəlmişdir: "Yaxşı olmazmı ki, açıq etiraf edək: incillər təsvir etdikləri dövr və hadisələr üçün tarixi mənbə rolunu oynaya bilmir? Olmazmı "Əhdi-Cədid" kitablarından həqiqi sənəd kimi istifadə etməyək?"