Milli.Az xəbər portalı “İlin şirkəti” Milli Mükafatına layiq görülüb - FOTOSESSİYA - VİDEO
18 Dekabr 2010 22:53
18 dekabrda "Gülüstan" sarayında nüfuzlu "İlin şirkəti" ("Company of
the Year") Milli Mükafatının 5-ci yubiley təqdimetmə mərasimi
keçirilib.
Mükafatın
təqdim edilməsində məqsəd, iqtisadiyyatın müxtəlif sahələrində
əhəmiyyətli nəticələrə nail olmuş, Azərbaycan biznesinin müsbət
imicinin formalaşmasına, ölkənin dünya iqtisadiyyatına inteqrasına və
ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına kömək etmiş
şirkətləri mükafatlandırmaqdan ibarətdir.
"İlin xəbər portalı" nominasiyası üzrə Milli.Az xəbər portalı "İlin şirkəti" mükafatına layiq görülüb. Mərasimdə portalın fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilib.
Xatırladaq ki, Milli.Az xəbər portalı 2010-cu ilin yanvarında
yaradılıb. Portal dünyada və ölkəmizdə baş verən mühüm və maraqlı
hadisələr barədə operativ xəbərlər yayımlayır. Milli.Az siyasət,
iqtisadiyyat, mədəniyyət, şou-biznes, cəmiyyət, məişət, sağlamlıq,
idman, fövqəladə və kriminal hadisələrə dair informasiyalar verir,
dünyanın hər bir yerində baş verən olaylardan, həmçinin cəmiyyət
həyatının ən müxtəlif sahələrinə dair yeniliklərdən xəbər verir. Portal
eyni zamanda analitik yazılar, təhlil və araşdırmalar, maraqlı
fotosessiya və video materiallar təqdim edir. Bir sözlə, insanların
məlumatlanmasına, maariflənməsi və intelektual istirahətinə xidmət
edir.
Biznes planlarına gəldikdə, yaxın perspektivdə Milli.Az-ın saytını ən
müasir və yüksək səviyyəli internet səhifəsinə çevirmək dayanır. Daha
geniş oxucu kütləsinə xidmət etmək, internet istifadəçilərinin ən
sevimli resursuna çevrilmək Milli.Az-ın əsas hədəfidir.
Mükafatın builki qalibləri arasında ölkənin müxtəlif nüfuzlu biznes strukturları var idi.
Qeyd edək ki, "İlin şirkəti" Milli Mükafatı ölkə iqtisadiyyatına
investisiyalar cəlb etmək, nominant şirkətlərə öz biznesinin
genişləndirilməsində kömək etmək, daxili və xarici bazarlarda nüfuzu və
rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır. Öz səciyyəsinə və
həyata keçirilməsinə sərf olunan mənbələrin sviyyəsinə görə bu ictimai
aksiyanın Azərbaycanda analoqu yoxdur. O, təkcə ölkənin işgüzar
mətbuatının deyil, həmçinin xarici kütləvi informasiya vasitələrinin
marağına səbəb olur. Mükafatın təqdimetmə mərasiminin baş sponsoru Nar
Mobile-dır.
"İlin şirkəti" Milli Mükafatının ilk təqdimetmə
mərasimi 2006-cı ildə keçirilib. Ötən dövr ərzində Mükafat, özünü təkcə
uğurlu şirkətlərdən ibrət götürən ictimai institut kimi deyil, eyni
zamanda Azərbaycan biznesinin yeni imicini formalaşdıran və ölkədə
işgüzar etikanın yeni standartlarını irəli sürən bir ictimai təsisat
kimi tanıdıb.
"İlin şirkəti" Milli Mükafatının təsisçisi, MiniMax Media Holding
tərəfindən nəşr olunan aylıq Consulting&Business işgüzar jurnalıdır.