Azərbaycanda dəhşətli avtobus qəzası, ölənlər və yaralananlar var - YENİLƏNİB - VİDEO - FOTO

9 Oktyabr 2014 14:29
11:28

Baş vermiş ağır yol qəzasında dünyasını dəyişən şəxslərin kimliyi bəlli olub.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, bunlar -10 yaşlı Fuad İsgəndərov və 31 yaşlı Elvin Kərimovdur.

Qeyd edək ki, adıçəkilən şəxslər qəza baş verən zaman güclü zərbənin təsirindən yerindəcə dünyasını dəyişiblər.

Hadisədə yaralanan digər sərnişinlər Gəncə şəhər TTYX-ya yerləşdiriliblər. Xəstəxanaya 20 nəfər gətirilsə də onlardan 7 nəfər - Marneuli rayon, Sadaxlı kənd sakinləri - 46 yaşlı Dilavər Şəmsiyeva, 51 yaşlı Gülşən Alıyeva, 61 yaşlı Gülü Ayvazova, Marneuli rayon, Kirovka kənd sakinləri - 46 yaşlı Həmayə Süleymanova, 21 yaşlı Bəhruz Məmmədov, Marneuli rayon, Mollaoğlu kənd sakini - 29 yaşlı Vasif Osmanov və Sumqayıt sakini 59 yaşlı Nabat Hacıyeva travmatologiya şöbəsinə yerləşdiriliblər. Digər 13 nəfərə isə ambulator yardım göstərilib. Yaralılar xəstəxanaya əsasən yanıq xəsarətləri və müxtəlif travmalarla daxil olublar.

---------
10:51

Bu gün gecə saat 4 radələrində Bakı-Qazax avtomagistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Bakıdan  Gürcüstana gedən sərnişin avtobusu arxadan eyni istiqamətdə hərəkətdə olan  yük avtomobilinə çırpılıb.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Bakıdan Gürcüstana gedən sərnişin avtobusunda 40 nəfər sərnişin olub. Onlardan 20 nəfəri ağır bədən xəsarətləri alıb.

Qeyd edək ki, çırpılmanın təsirindən sərnişin avtobusu alışaraq yanıb. Hazırda hadisə yerində FHN-in xilasedici dəstələri işləyir. Aldığımız məlumatlara görə, yaralananlar arasında yanaraq həlak olanlar da var.
Bu haqda daha ətraflı araşdırmalardan sonra məlumat veriləcək.

Zərbənin təsirindən alovlanan avtobusdan sərnişinlərin əksəriyyəti vaxtında çıxa bilib. Lakin şahidlərin sözlərinə görə, 3 nəfəri xilas etmək mümkün olmayıb. Onlardan ikisinin azyaşlı olduğu bildirilir. Avtobus sürücüsünün köməkçisinin dediyinə görə, qəzaya səbəb qarşıda gedən yük maşını olub.

Elmar Adıgözəlov - sürücü köməkçisi: "Biz Bakıdan Gürcüstana gedirdik. Qarşımızda yük maşını gedirdi. Birdən başladı sağa-sola çıxmağa, sürücümüz də saxlaya bilmədi, getdi vurdu ona. Vuran kimi maşın alışdı". 

Hadisədə  yaralanan digər sərnişinlər Gəncə şəhər TTYX-ya yerləşdiriliblər.

Rafael İsgəndərov - travmatoloq: "Bu gün saat 4 radələrində şöbəyə 20 nəfər avtoqəza nəticəsində xəsarət almış xəstə gətirilib. Xəstələrin iki nəfəri reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətləri ağırdır. 3 nəfər diz nahiyəsinin diz oynağının sınığı ilə şöbədə yatır. Yerdə qalan xəstələrə ambulator  yardım olunub".

Faktla bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.
 
---------
10:12

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Trend-ə verilən məlumata görə, yol qəzası ilə bağlı xəstəxanaya 7 yaralı yerləşdirilib. Xəsarət alanlar bunlardır:

Şəmsiyeva Dilavər Məhəmməd qızı
(1968-ci il təvəllüdlü);
Osmanov Vasif Əli oğlu (1985)
Alıyeva Gülşən Dursun qızı (1963)
Süleymanova Həmayıl Cahangir qızı (1968)
Hacıyeva Nabat Qurban qızı (1955)
Ayvazova Hürü Mustafa qızı (1953)
Mamedov Bəhruz İlham oğlu (1993).

Xəstəxanadan Trend-ə bildirilib ki, yaralılar əsasən yanıq xəsarətləri və müxtəlif travmalarla daxil olublar.

XXX

Fövqəladə Hallar Nazirliyi yol qəzası ilə bağlı yeni məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Göygöl rayonu Hacıməlik kəndi, Bakı-Qazax yolunun 364-cü kilometrliyində vətəndaşlara məxsus "KamAZ" markalı yük avtomobili ilə "Mercedes" markalı sərnişin avtobusunun toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş müvafiq qüvvələri yanğınsöndürmə və xilasetmə işlərinə başlamışlar. Hadisə yerində 2005-ci il təvəllüdlü İsgəndərov Fuad Amid oğlu və şəxsiyyəti məlum olmayan kişi cəsədi aşkar olunmuşdur. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 04:40-da başa çatmışdır.

---------
09:47

Milli.Az Trend-ə istinadən bildirir ki, yol qəzası ilə bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.

Məlumatda bildirilir ki, Bakı-Qazax yolunun 364-cü kilometrliyində, Göygöl rayonu ərazisində "KAMAZ" markalı yük avtomobili ilə "MERCEDES" markalı sərnişin avtobusunun toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yanğın nəticəsində sərnişin avtobusunun yanar hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

-----------
09:11

Bakı-Qazax magistral yolunun Göygöl rayon ərazisinə keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Bakıdan Gürcüstana hərəkət edən sərnişin avtobusu eyni istiqamətdə hərəkət edən "KamAZ" markalı avtomobilə arxadan çırpılıb. Zərbənin təsirindən sərnişin avtobusu alışıb. Nəticədə sərnişin avtobusunda olan 40-a yaxın sərnişin ağır xəsarətlər alıb.

İlkin məlumatlara görə, xəsarət alanlar arasında ölənlərin olduğu bildirilir. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Onlardan 3 nəfərin vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdirilib. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstəsi tərəfindən əməliyyat aparılır.

Milli.Az

----------
14:29

Videonu izləmək üçün şəkilə klikləyin.



------------
10:42

Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün şəklə klikləyin.