Bu gün artıq elçilik öz mahiyyətini itirmək üzrədir. Elçilik, sanki, dəb xarakteri alıb. Elçilik mərasimində söz, nüfuz sahibi yox, vəzifəli şəxslərə daha çox yer verilir. Vaxtilə gülə-gülə baxdığımız "Evləri köndələn yar" teletamaşasındakı eçlilik hadisəsi artıq günümüzün reallığıdır. Bəs bunun hansı fəsadları var?
Ərlə arvad arasında meydana gələn narazılıq tədricən dava-dalaşa çevrilir, sonda isə hətta boşanma ilə yekunlaşır. Gənc ailələrin evlənməsində yalançı öhdəçilik daşıyan "ağsaqqallardan" isə xəbər-ətər olmur. Təbii ki, ən böyük zərbə gənc ailələrdə doğulmuş körpələrə dəyir. Ata-ananın birgə nəvazişindən məhrum olan körpələrin gələcək taleləri isə yük olaraq bir valideynin üzərində qalır. Bəzən isə boşanmış cütlük ortada qalmış uşaqlara heç özləri də sahib çıxmır, onların tərbiyəsini nənə-babalarına tapşırırlar. Bəli, elçilik institutunun tənəzzülə uğraması sonda ailə institutunun sıradan çıxması ilə nəticələnir.