"Ded Hasan"ın varisi tutuldu

8 Oktyabr 2014 09:43

Rusiya operativ qüvvələri 17 kriminal avtoriteti "oğru söhbəti" zamanı yaxalayıb

2013-cü ildə qətlə yetirilən Rusiyanın erməni əsilli kriminal başçısı Aslan Usoyanın (Ded-Hasan) keçmiş sağ əli və xələfi Yura Usoyan ələ keçirilib.

Anspress-in məlumatına görə, keçən axşam Moskva mərkəzində "Qanuni oğruların Ümumrusiya iclası" adlandırılan məclis keçirilib. Avtoritetlərdən ibarət qrup "oğru söhbətləri"nin keçirilməsi ilə məşhur olan Presnensk rayonunda yerləşən "Boçka" kafesinə yığışıblar.

Bu zaman hüquq mühafizə orqanları ələ düşən fürsətdən istifadə edərək bütün ölkədə məşhur olan kriminal avtoritetlərin həbsi ilə məşğul olub. Bunların arasında "Ded Hasan"ın xələfi Yura Usoyandan başqa, Yakutiya mütəşəkkil cinayətkar dəstəsinin lideri Vladimir Malakşin, daha bir erməni əsilli "Kotik" ləqəbli Georgi Kalaşyan, "Tkaç Nyaqanski" ləqəbli Andrey Tkaçenko, "Zyat" ləqəbli Vladimir Zyatkov, "Voskres" ləqəbli Vasiliy Xristoforov da var.

Xüsusi əməliyyatı Moskva Cinayət-Axtarış İdarəsinin mütəşəkkil cinayətlə mübarizə şöbəsi çevik qüvvələrin xüsusi dəstəsinin köməyi ilə həyata keçirib.

Yaxalananlar dindirilmə üçün polis bölməsinə aparılıblar.

Milli.Az