Nisə Qasımova indiyədək ailə qurmamasının səbəbini açıqladı

7 Oktyabr 2014 16:07

Xalq artisti Nisə Qasımova müğənni həmkarlarına təhlükəli rəqib olduğunu deyib

Axşam.az-ın məlumatına görə, müğənni "Stop" verilişinin qonağı olub. Bildirib ki, bu sənətdə çoxlu qadağaya məruz qalıb: "Özüm də istəmədən çoxları üçün təhlükəli rəqib olmuşam. Bilmirəm mənim kimi zərif, cılız insandan niyə qorxurlar? Axı mənim milyonlarla pulum yoxdur, "daydayı"sızam, dəstəksizəm... Nisə Qasımova heç vaxt milyonlara dəyər verən olmayıb. Bu gün pul qazanmaq üçün şou-proqramlara qatılıram. İstədiyim qonorarı alıram. Amma məkanlarda mən özümü "sənətçicik"lərlə yan-yana görəndə içimdə ağlayıram".
 

Şəxsi həyatından danışan N.Qasımova ailə qurmamağının səbəbini açıqlayıb:

"Mənə layiq adam olmadı, ona görə ailə qurmadım. Bunu insanlar qarşısında deyə bilmirəm. Qınayacaqlar ki, necə oldu ki, bu qədər insandan birini bəyənmədim. Bəyəndim, amma qəlbimə girəcək birini görmədim. Məni duya biləcək bir eşq aradım. Əslində, mən bir qadın, ana, yar kimi həsrət çəkmişəm: istəmişəm soba arxasına keçib öz istədiyim yeməkləri hazırlayım. İçimdə hər zaman bir niskil var, onu etiraf edə bilmirəm. Mən mətbəx verilişlərini sevmirəm. Orada ev xanımı kimi yeməklərdən danışırsan, evdarlıq edirsən. Məndə bu yoxdur, bundan sonra da olmayacaq".

Milli.Az