Namiq Yusifov: ""Qarabağ"ın qrupda birinci olması mümkündür"

4 Oktyabr 2014 11:41

Milli.Az Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində İtaliyada "İnter"ə 0:2 hesabı ilə uduzan "Qarabağ"ın futbolçusu Namiq Yusifovun apasport.az saytına müsahibəsini təqdim edir.
 

- "İnter" Avropanın tanınmış klublarından hesab edilsə də, rəqibə qarşı sona qədər mübarizə apardınız. Uduzduğunuz qarşılaşma haqda nə deyə bilərsiniz?

- Maraqlı oyun alındı. Buraxılan ilk qola qədər hadisələrin axarı gözlədiyimizdən daha yaxşı davam etdi. Qoldan sonra isə sanki komandamızda ruh düşkünlüyü yarandı. Bu, kənardan daha yaxşı görünə bilər. Birinci hissənin sonlarına yaxın komandamız bir qədər toparlandı və yenə öz oyunumuzu nümayiş etdirməyə çalışdıq.
  

- Rəqibin hər iki qolu gözlənilməz alındı. Komanda sanki bunun qarşısını almağa hazır deyildi...

- Açığı, hər iki qol düşünülmüş hücumlardan sonra vurulmadı. Heç nədən qollar buraxdıq. Birinci qoldan əvvəl bizim iki real şansımız oldu. İstifadə edə bilmədik. Futbolda da belə deyim var: vurmayana vurarlar. Ani diqqətsizliyimizdən istifadə edib, hesabı açdılar. İkinci hissədə də qol vurmağa çalışdıq. Buna görə də müəyyən boşluqlar verdik. Rəqib bundan istifadə edib, əks-hücum qurdu və ikinci qolu vurdu.
  

- Kapitan sarğısı sizə həvalə olundu və 55 dəqiqə meydanda oldunuz. Oyununuz qənaətbəxş alındı?

- Öz oyunumdan tam razı qalmadım. Komanda məğlub olubsa, öz oyunumdan necə razı qala bilərəm? Sadəcə, komanda kimi pis təsir bağışlamadıq.
  

- Turnir cədvəlinə diqqət yetirdikdə, 3 komandanın bir-birinə yaxın olduğunu görürük. "Qarabağ" növbəti mərhələyə yüksəlməyə imkan verən iki vəsiqədən birinin sahibi ola biləcəkmi?

- "İnter"in 6, "Sent-Etyen"in 2, "Dnepr"lə bizim 1 xalımız var. Bu nəticə haradasa gözlənilən idi. Çünki "İnter" qrupun aşkar favoriti hesab edilirdi. Hazırkı məqamda vahid lider olması da başa düşüləndir. "Dnepr"lə ardıcıl iki oyunumuz var. Bu oyunlardan maksimum xallar toplamaq istəyirik. Yəni, qrupdan çıxmaq istəyiriksə, bu oyunlardan düzgün istifadə etməliyik.
  

- İkinci pilləni tutmaq şansınızı real görürsünüz?

- Əlbəttə, hətta qrupda birinci pilləni də tutmağımız mümkündür.
  

- "Sent-Etyen"lə oynamısınız və güclərini bilirsiniz. Bəs "Dnepr"?

- Bunların arasında ən çətin rəqib elə "Dnepr"dir. Sadəcə, bizim başqa çıxış yolumuz yoxdur. Qrupdan çıxmaq istəyiriksə, "Dnepr"ə səfərdə uduzmamalı, evdə isə qalib gəlməliyik. Başqa cür mümkün olmayacaq.

Milli.Az