Stiv Cobs övladlarına iPhone və iPad-ı niyə qadağan etmişdi?

3 Oktyabr 2014 12:48
Stiv Cobs Apple şirkətinə rəhbərlik edərkən övladarına iPhone və iPad-ı uzun müddət istifadə etməyi qadağan etmişdi. Nəyə görə? 

Milli.Az-ın Adme.ru-ya istinadən məlumatına görə, bir dəfə "The New York Times" qəzetinin jurnalisti Nik Bilton müsahibə zamanı Stiv Cobsa belə sual verib: "Yəqin, sizin övladlarınız da iPad-a heyrandırlar?" Cavab isə gözlənilməz olub: "Onlar iPad istifadə etmirlər. Evdə biz uşaqların iPad ekranı qarşısında keçirilən vaxtlarını məhdudlaşdırırıq". 

Texnologiyanın inkişafına böyük töhfələr vermiş bir insan, yəqin ki, onun ziyanları haqda da bizdən çox bilib. Bu barədə düşünməyə dəyər. 

Stiv Cobsun belə reaksiyası jurnalisti heyrətləndirib. Ona nədənsə elə gəlirdi ki, Cobsun evi böyük sensorlu ekranlarla bəzədilib, qonaqlara şirniyyat və çay əvəzinə iPad təklif edilir. Ancaq bu heç də belə deyildi. 

Cobsun evində qadjetlərə qarşı bir məhdudiyyət tətbiq edilirdi. Onlar gecə vaxtları və istirahət günlərində iPhone və ya iPad istifadə edə bilməzdilər. 

Digər İT nəhənglərin rəhbərləri də bu cür davranırlar. 

"3D Robotics" şirkətinin baş direktoru Kris Anderson da bu cür davranır. Onun ailəsində qadjetlərin istifadəsinə məhdudiyyət qoyulub. Hətta onları elə nizamlayıb ki, gün ərzində bir neçə saatdan çox istifadə etmək mümkün olmasın. Andersonun 5 övladı var və məhdudiyyətlər onların hər birinə aiddir. 

"Mən İnternetə həddən artıq aludə olmağın zərərlərini bilirəm. Mən özüm bu aludəçiliyə görə problemlərlə üzləşmişəm. İndi istəmirəm ki, eyni problemlər övladlarımda da olsun", - o deyib. 

"OutCast Agency" şirkətinin direktoru Aleks Konstantinopol isə bir qədər də irəli gedib. O deyir ki, 5 yaşlı övladı həftə içi qadjetlərdən istifadə edə bilməz. 10 və 13 yaşlı övladları isə gün ərzində cəmi 30 dəqiqə qadjetlərdən istifadə edə bilər. 

Blogger və Twitter kimi nəhəng şirkətlərin təsisçisi Evan Uilyams isə deyir ki, hər iki oğlunda belə məhdudiyyətlər var. Övladları gün ərzində cəmi 1 saat smartfon və planşetlərdən istifadə edə bilərlər. 

Tədqiqatlar isə göstərir ki, 10 yaşına qədər uşaqlar yeni texnologiyalara daha meyllidirlər. Onlar daha tez asılı vəziyyətə düşürlər. 10-14 yaşlı uşaqlara isə icazə verilə bilər ki, kompüterdən istifadə etsinlər. Bu da yalnız ev tapşırıqlarının edilməsi üçün ola bilər. 


Milli.Az