Qadınları boşadığınız zaman...

30 Sentyabr 2014 20:38
"Ya Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın. Gözləmə müddətini (iddəti) sayın.

Rəbbiniz olan Allahdan qorxun. Onları açıq-aşkar bir pis iş (zina) etməyincə (gözləmə müddəti qurtarmamış) yaşadıqları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir (hökmləridir). Allahın müəyyən etdiyi hədləri aşan kimsə özünə zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin" (ət-Talaq, 65/1).

Talaq (boşama) evliliyin davamı məqsədilə dinimizdə tövsiyə edilən bütün yolların sınanmasına baxmayaraq, tərəflərin yenə də razılaşa bilmədiyi hallarda ailədə yol ayrılığı mənasındadır.

"Talaq" sözü İslam hüququnda həm tək tərəfli iradə bəyanı ilə, həm iki tərəfin razılaşaraq ailədə həyat yoldaşlarının yollarının ayrılması ilə, həm də məhkəmə qərarı ilə meydana gələn boşanma mənalarına gəlir.

Yuxarıda oxuduğumuz ayədən anlamalı olduğumuz məna ailə təşkilatının dini, əxlaqi və hüquqi təməlini meydana gətirən nikah müqaviləsinin və ailə birliyinin özbaşına şəkildə sonlandırılmasının doğru olmamasıdır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, ailənin meydana gəlməsi mərhələsində qadın və kişi insanlara xas və insan şərəfinə yaraşan tərzdə bir-biri ilə tanış olub razılaşaraq nikah bağladıqları kimi, nikahın sona çatdırılmasının da müəyyən qaydaları, şərtləri və mərhələləri, əlbəttə, olacaq. Məhz bu məzmunda ayəni anlamağa çalışmalıyıq. Uca Allah (c.c.) ayəyə "Ey Peyğəmbər!" şəklində başlamaqla birlikdə sözün axışı və xüsusilə istifadə edilən fellərin cəm formada olması ilə Rəsulullahın şəxsində möminlərə xitab edildiyini, evlənmə və boşanmanın eyni zamanda ictimai bir mövzu olduğunu göstərməkdədir. Xüsusi olaraq Peyğəmbərə xitab edilməsi isə bu hökmlərin təbliğ edilməsi və doğru tətbiq olunmasının təmin edilməsində ona verilən vəzifənin, ümumiyyətlə, mövzunun əhəmiyyətinə diqqət çəkmə məqsədi kimi də izah oluna bilər. Bu üslubdan da aydın olduğu kimi evlilik haqqındakı hökmlər qoyularkən yaxşı niyyət və haqqın sui-istifadə edilməməsi kimi bəzi təməl qanunlar vurğulanır, ailə büdcəsi mövzusunda ölçülü olmağımız istənilir. Məqbul, qanuni və taraz olmayan, sonunda bizi Allaha üsyana aparan bəzi özbaşına istəklərimizin bizi pərişan edərək ailələrimizin, cəmiyyətimizin və mədəniyyətlərin çökməsinə yol aça biləcəyinə eyham vurulur. Nəticə olaraq, kainatda etdiyimiz heç bir şeyin Uca Rəbbimizin gücü və məlumatı xaricində qala bilməyəcəyi xatırladılır. Evlilik müəssisəsini sarsıdacaq hallarla qarşılaşıldıqda və evliliyi sonlandırmaq qaçılmaz hala gəldiyində diqqət yetirilməsi və tabe olunması istənən, yaxud tövsiyə edilən xüsuslar geniş şəkildə, xüsusilə, Bəqərə surəsinin 2/226-232-ci ayələrində izah edildiyi üçün mövzunun təfsilatına girmirik. Bu surədə isə əsas olaraq evliliyin sona çatmasının nəticələri üzərində durulur.

"Zaman Azərbaycan"