Azərbaycanlı aktrisa: "Atam məni evdən qovdu..." - FOTO

29 Oktyabr 2014 04:00
Əməkdar artist Firəngiz Babayevanın Milli.Az-a müsahibəsi.

- Firəngiz xanım, tamaşaçılar sizi "Məhkumlar", "Toy gecəsi" və s. seriallardan, bədii filmlərdən yaxşı tanıyırlar. Üstəlik də uzun illərdir ki, müxtəlif teatrlarda çalışmısınız. İlk iş yeriniz hansı teatr olub?

- Mən o vaxt universiteti qırmızı diplomla bitirdiyim üçün seçimimdə azad idim. Qanuna əsasən, istədiyim teatrı seçə bilərdim. Mən də Mingəçevir teatrını istədim. Orada mənə birotaqlı mənzil də verdilər. Bir neçə il sözügedən teatrda işlədim.

- Sonra nə oldu?

- Sonra o şəhər mənə yadlaşmağa başladı. Sıxılırdım, qala bilmirdim. Ona görə də Sumqayıt Dövlət Teatrına gəldim. Fəaliyyətimi bir müddət də orada davam etdirdim. Ən axırda isə Bakıya köçdüm. Bakı Bələdiyyə Teatrında çalışmağa başladım. O gündən bu yana həmin teatrdayam.

- Bakıya gələndə ailə qurmuşdunuz?

- Bəli, həmin ərəfədə artıq ailə qurmuşdum. Ancaq yoldaşımı çox tez itirdim. Qızım on yaşında olanda o, dünyasını dəyişdi.

- Evin bütün yükü sizin çiyinlərinizə düşdü... O vaxt seriallar da yox idi. Yalnız teatr məvacibi ilə necə dolanırdınız?

- Həm də nəzərə alın ki, məvacibimiz də yüksək deyildi. Sağ olsunlar, Amaliya xanım və rəhmətlik Yusif müəllim, mənə teatrda əlavə bir işi - truppa müdirliyini də həvalə etdilər. İki işin məvacibini almağa başladım.

- Amma belə baxanda siz tələbəlik illərində, eləcə də Mingəçevirdə olanda tək yaşamısınız. Özünüzü yaxşı-pis dolandıra bilirdiniz. Təkliyə də öyrəşmisdiniz, imkansızlığa da...

- Orası elədir, ancaq tələbəlik illərində özüm qazandıqlarımdan savayı, evdən də mənə pul göndərirdilər. Lakin üstü açılanda ki mən İncəsənət Universitetində oxuyuram, atam məni evdən qovdu. İllərlə mənimlə danışmadı.

- Bu "sirr"in üstünü kim açdı ki?

- Dördüncü kursda oxuyanda rayona getmişdim. Qardaşım tələbə biletimi görüb atama göstərdi. Rəhmətliyin başından elə bil "qaynar su" tökdülər (gülür). Elə həmin gün gecəylə Bakıya gəldim.

- O, dünyadan köçməmiş sizə halallıq verdi?

- Bəli, şükürlər olsun ki, ondan halallıq ala bildim.

- Sonra sizin üçün necə günlər başladı?

- Nəyin bahasına olursa-olsun, qızımı sağlam böyütməyə çalışdım. Ona atasızlığını hiss etdirmək istəmirdim. Bütün səylərim bunun üçün idi.

- İndi qızınız da Dövlət Mədəniyyət və İncəsənət Universitetində oxuyur. Aktrisalığı öz seçimi ilə etdi, yoxsa onu siz yönləndirdiniz?

- Öz istəyi ilə bu peşəni seçdi. Mən heç vaxt isətməzdim ki, qızım aktrisa olsun. Onu hüquqşünas kimi görmək istəyirdim. Ancaq çox təəssüf ki, onu fikrindən daşındıra bilmədim. Hal-hazırda üçüncü kurs tələbəsidir. Artıq seriala çəkilir. "Qisas" serialında baş rolu canlandırır.

- Maraqlıdır, onun sənətə marağı haradan yarandı?

- O, uşaq olanda mən onu özümlə teatra aparırdım. Bir dəfə Yusif müəllim onu gördü. Dedi, bu gözəl qız aktrisa olmalıdır. Onu səhnəyə çıxartdı. Bizimlə birlikdə tamaşa oynadı. Səhəri gün iclasda hamımızdan yaxşı onun oynadığı vurğulandı (gülür). O isə "yaxşı oynadımsa, pulumu verin" dedi. Rəhmətlik Yusif müəllim də cibindən pul çıxardıb ona verdi. Dedi ki, qızım, halal xoşun olsun. Qızım o pulu boş yerə istəmirdi. Sonradan mənə məlum oldu ki, xəstəxanada yatan atası üçün dərman pulu istəyirmiş.

- Firəngiz xanım, sizin tay-tuşlarınızın çoxu artıq xalq artistləridir. Sizcə, vaxt yetişib?

- Hələ ki, əlimdən gözləməkdən başqa bir şey gəlmir (gülür)...

Cavidan Abdullayev
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.