Azərbaycanda ilk dəfə Gəncə şəhərində...

29 Sentyabr 2014 16:09
Kərpicdən hələ keçmiş zamanlardan X-XII əsrlərdən başlayaraq tikintidə geniş istifadə olunub. Bu tikinti materialının uzunömürlülüyü imkan verir ki, müasir dövrdə də tikintidə kərpicdən istifadə edilsin.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncənin Şah İsmayıl Xətai prospektində yerləşən 3 çox mərtəbəli yaşayış binasının kərpic elementi ilə üzlənməsi başa çatıb. Burada kərpic elementi ilə üzlənəcək binaların bünövrəsi 1 metr dərinliyində qazılaraq betonla bərkidilib. Həmçinin çoxmərtəbəli binaların bütün qapı və pəncərələri dəyişdirilib, eyvan müasir görkəmə salınıb. Ümumilikdə 4 min kv.metr ərazi kərpiclə üzlənib.

İlham Abdullayev, iş icraçısı: "Gəncədə görülən əvəzolunmaz möhtəşəm işlər çərçivəsində Respublikamızda ilk dəfə olaraq Gəncədə çoxmərtəbəli yaşayış binalarının üzü kərpic elementi ilə üzlənir. Biz artıq 3 çoxmərtəbəli yaşayış binasının fasadını kərpic üzlüklə işləyib başa çatdırmışıq. Məqsədimiz odur ki, heç kimi təqlid etmədən memarlığımıza əsaslanaraq, Gəncəmizi yenidən gözəlləşdirək, bərpa edək".

Bundan başqa şəhərin 10 küçə və prospektində hasarların, həmçinin yaşayış evlərinin fasadının üzlənməsi də başa çatıb.

İlham Abdullayev: "Prospekt və küçələrdə də evlərin üzləri kərpic elementi ilə üzlənir. Şəhər rəhbərliyinin nəzarəti altında görüdüyümüz işlərdə Gəncənin qədimliyi qorunur, şəhər müasir formaya salınır. Biz kərpic üzləmə işlərini görərkən Azərbaycanın, eləcə də Gəncənin bütün qədim ornamentlərindən istifadə edirik. Bu da Azərbaycanın, eləcə də Gəncənin keçmiş memarlıq üslubunun yaşadılması deməkdir".

Gələcəkdə görülən işlər çərçivəsində Gəncə şəhərində 42 çoxmərtəbəli binanın kərpiclə üzlənməsi nəzərdə tutulub.

Milli.Az