APA-nın xəbərinə görə, bu gün saat 13:30 radələrində yolun 193-cü kilometrliyində, Göyçayın Şahsoltanlı kəndi ərazisində "Mercedes" markalı minik maşını qarşı tərəfdən gələn 23-BX-232 dövlət nömrə nişanlı, "Mitsubishi Pajero" markalı minik maşını ilə toqquşub. Baş verən yol qəzasında "Mitsubishi Pajero" markalı minik maşının sürücüsü, Göyçay rayonu Potu kənd sakini Əsgərov Bəxtiyar Firudin oğlu ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Əsgərova Nahidə Seyfəddin qızı, atası 1936-cı il təvəllüdlü Əsgərov Firudin Ələkbər oğlu, anası 1938-ci il təvəllüdlü Əsgərova Lumu Kərim qızı aldığı ağır bədən xəsarətləri səbəbindən dünyasını dəyişib.
Həmçinin Ağsudan Göyçayın Şahsoltanlı kəndinə toy mərasiminə gedən maşın karvanındakı "Mercedes" markalı minik avtomobilinin sürücüsü - Ağsu şəhər sakini, 1962-ci il təvəllüdlü Məmmədov Davud Məmməd oğlu, eləcə də sərnişinlər - Ağsu sakinləri, 1963-cü il təvəllüdlü Məmmədova Jalə Qubadəli qızı, 2014-cü il təvəllüdlü Bədəlova Mələk Rauf qızı, 1985-ci il təvəllüdlü Məhərrəmli Günel Veyis qızı, 2008-ci il təvəllüdlü Məhərrəmov Ramiz Rüstəm oğlu, 1990-cı il təvəllüdlü Bədəlova Gülay Davud qızı aldıqları ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, avtomobillərin toqquşması səbəbindən Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti bir saatdan çox müddətdə məhdudlaşıb.
Hadisə zamanı ağır yaralanan 6 şəxs Ağsu və Göyçay xəstəxanalarına aparılıb. Sonradan yaralılardan 5 nəfəri də dünyasını dəyişib. Hazırda ölən şəxslərdən 6-nın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsində, 3-nün meyiti isə Göyçay rayon şöbəsindədir.
Bir nəfər yaralı isə ağır vəziyyətdə Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
----------