Qurani-kərimin bu ayəsi insanları Allah yolunda öz mallarını xərcləməyə təşviq etməklə yanaşı, bunu Allaha layiq şəkildə etməyi buyurur. Allah bütün gözəlliklərin mənbəyi və sahibi olduğu üçün, Onun yolunda malik olduğumuz malın ən yaxşısını və bizə ən sevimli olanını verməliyik. Bu, səxavətin, infaqın ən yüksək həddidir. Buna iysar deyirlər. İysar - öz malını fədakarlıqla hədiyyə etmək, son tikəni başqası ilə bölüşmək, heç nəyi əsirgəməmək və qısqanmamaqdır. İysarın kökü Həzrət Adəmin (ə) zamanından gəlir. O həzrətin oğulları Habillə Qabil öz qurbanlarını Allaha təqdim edərkən, Qabil simiclik göstərmiş və tarladan yığdığı məhsulların ən xırdalarını və çürüklərini qurbangaha gətirmişdi. Habil isə əksinə, sürünün içindən ən kök heyvanı kəsmişdi. Nəticədə, Allah öz malının ən yaxşısını və ən sevimlisini gətirənin qurbanını qəbul etdi."Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!" (Ali-İmran, 92).