Tarixi görüş baş tutdu

12 Aprel 2015 20:49

Panamada keçirilən "Amerikalar sammiti" çərçivəsində ABŞ prezidenti Barak Obama və Kuba rəhbəri Raul Kastro təkbətək görüş formatında danışıqlar aparıblar.

Milli.Az BBC-yə istinadən bildirir ki, iki ölkə liderləri arasında 1959 iıldən bəri bu, ilk birbaşa ikitərəfli görüş olub.
 

O zaman, Kubada təzəcə hakimiyyətə gəlmiş Fidel Kastro ABŞ-ın o dövrdəki vitse-prezidenti Riçard Nikson ilə görüşmüşdü.

Müşahidəçilərin pronozlarının əksinə olaraq, ABŞ prezidenti Barak Obama görüşdən sonra bildirib ki, Kubanın adını terrorçuluğu dəstəkləyən dövlətlər siyahısından çıxarılıb-çıxarılmaması üzərində o, "hələ düşünməlidir".
 

Qeyd olunan "qara" siyahıdan o və ya bu dövlətin adının çıxarılması həmin dövlətlə ABŞ arasında tam miqyaslı diplomatik münasibətlərin qurulması üçün əsas şərt sayılır.
 

Obama-Kastro görüşü Panama paytaxtında şənbə günü keçirilmiş "Amerikalar sammitində" təşkil edilib və 1 saatdan artıq davam edib.
 

Milli.Az