Mərminin düşdüyü ev uçub, sakinlər müxtəlif dərəcəli xəsarət alıblar
İŞİD terror qruplaşmasının Suriyadan minaatanla açdığı atəş Türkiyənin Şanlıurfa vilayətində yaşayış evlərindən birinə dəyərək dağıntıya və sakinlərin yaralanmasına səbəb olub.
Anspress-in yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə vilayətin Suruc rayonunun Kobani (Suriya) ilə həmsərhəd Alanyurt məhəlləsində baş verib.
Top mərmisinin dəydiyi evdə dağıntı medana gəlib və 3 nəfər ev sakini aldıqları xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Hadisədən sonra məhəllə sakinləri evlərini tərk edərək Tavşanlı məhəlləsindəki qohumlarının evlərinə sığınıblar. Ətrafda təhlükəsizlik tədbirlərini çoxaldan jandarm qüvvələri isə sakinlərin məhəlləni təxliyyə etmələri üçün kürdcə anonslar səsləndiriblər.
Bundan başqa, daha 2 top mərmisi Suruc rayonunda boş ərazilərə düşərək partlayıb. Bu zaman dağıntı və xəsarət alan olmayıb.
Məlumata görə, Türkiyə Silahlı Qüvvələri (TSK) bütün atəşlərə artilleriya atəşi ilə cavab verib.