Daha bir McDonalds bağlandı

27 Sentyabr 2014 18:46

Rusiyada McDonalds restoranlarının bağlanması davam edir

Rusiyanın daha bir bölgəsində McDonalds restoranı bağlanıb.

Anspress-in məlumatına görə, bu barədə Rusiya mətbuatı yazır.

McDonalds restoranlar şəbəkəsinin Nijni Novqoroddakı nümayəndəliyi texniki səbəblərə görə bağlanıb. Restoranın qapısında da bu barədə elan vurulub: "Texniki səbəblərə görə restoran işləmir".

Bağlanan restoran 1997-ci ildə Nijni Novqorodda açılan ilk McDonalds olub.

Hazırda Rusiyada fəaliyyət göstərən McDonalds restoranlar şəbəkəsinin 100 restoranında yoxlamalar aparılır.

Qeyd edək ki, Ukrayna hadisələrinə görə, ABŞ və Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etdikdən sonra rəsmi Moskva da qarşılıq verməyə başlayıb. McDonalds restoranlar şəbəkəsinin restoranlarının bağlanması Qərbə cavab kimi qiymətləndirilir.

Milli.Az