I Avropa Oyunları ilə əlaqədar Bakıda optik kabel infrastrukturu yaradılıb

26 Sentyabr 2014 20:34
"2015-ci ildə I Avropa Oyunlarının keçiriləcəyi Bakıda idman obyektləri, o cümlədən yarışların təşkili ilə əlaqədar digər məkanlar istiqamətində optik kabel infrastrukturunun yaradılması üzrə işlər başa çatıb". Trend-in məlumatına görə, bunu jurnalistlərə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov deyib.

Onun sözlərinə əsasən, hazırda optik kabel infrastrukturunun sınaqdan keçirilməsi və keyfiyyətinin yoxlanılması üzrə işlər aparılır.
 

İ.Məmmədov qeyd edib ki, optik xətlərin ümumi uzunluğu 230, mis kabel infrastrukturunun isə təqribən 70 kilometr təşkil edəcək. Xətlər Oyunların keçiriləcəyi obyektlər, həmçinin yarışların təşkili ilə əlaqədar digər yerlər istiqamətində çəkilib.
 

Nazir müavini əlavə edib ki, məlumatların ötürülmə sürəti 1-10 qiqabit/saniyə olacaq.

Onun sözlərinə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yarışların keçirilməsi ilə bağlı görəcəyi işlər 2015-ci ilin fevral ayında başa çatacaq: "Həmin işlər çərçivəsində simsiz Wi-Fi şəbəkələrinin inkişafı, Oyunların keçiriləcəyi obyektlər və yarışların təşkili üzrə digər yerlərin sabit və keyfiyyətli rabitə ilə təmin edilməsi, simsiz texnologiyalar və "Azerspace 1"-in resurslarından istifadə etməklə alternativ rabitə xətlərinin yaradılması, internet resursları və operator şəbəkələrinin informasiya təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur".
 

İşlər çərçivəsində ISDN xidmətləri tətbiq ediləcək, internetə giriş infrastrukturu genişləndiriləcək, ictimai yerlərdə (park, stadion, ticarət-əyləncə mərkəzləri) ödənişsiz Wi-Fi şəbəkələri açılacaq. Həmçinin teleradio verilişləri (eləcə də HD formatında yayımın təşkili) üçün keyfiyyətli və davamlı infrastrukturun təşkili üzrə işlərin görülməsi planlaşdırılır.

Milli.Az