Bakıda kəlləmayallaq məmur işi - FOTO

29 Sentyabr 2014 01:00

Azərbaycanda şapalaqla üz qızartmaq məmurların iş prinsipinə çevrilməkdədir. Bu bəlanın qarşısı alınmasa, həyat normasına dönəcək. Onlar üçün işin necə görülməsi yox, cılız əmrlərin tez bir zamanda icrası daha vacibdir. Nəticədə isə sizlərə təqdim edəcəyimiz gülməli mənzərə yaranır

Bakının çox sadə, amma bərbad vəziyyətdə olan sərnişindaşımasında olan sistemsizlik heç kimə qaranlıq deyil. Avtobus dayanacaqlarını Bakı şəhər İcra Hakimiyyəti quraşdırır, onun içərisindəki sistem, eyni zamanda avtobusların hərəkətinə nəzarət Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) aiddir. Problem yaranarsa, nöqsan olarsa, bunu NİİM qeydə alaraq Bakı Sərnişin Nəqliyyat Departamentinə ünvanlayır, həmin qurum isə nəticə çıxarılması, tədbir görülməsi üçün avtobusun sahibkarlarına çatdırır.

Yaxşı bir deyim var: "Tövbəli çörəyin ağası çox olar". Belə çoxpilləli nəqliyyat sisteminə bir neçə qurum "nəzarət" edir, təkcə sərnişinlərin çəkdikləri əziyyət və itirdikləri vaxtı nəzərə alan yoxdur. Əgər belə olmasaydı, Milli.Az əməkdaşının Parlament prospektində, sökülmüş 20 saylı məktəbin qarşısında çəkdiyi fotodakı gülməli mənzərə yaranmazdı. İctimai nəqliyyatda sistemin qurulmasındakı sistemsizlik, onun sökülməsində də görünür.

Avtobus dayanacağı sökülüb, amma görün necə... Yenə ağalar öz işində, sistemsiz şəkildə əsas işdən yox, sonuncudan başlayıblar. Dayanacaqda intellektual sistemin monitoru, elektrik sistemləri sökülməmiş dəmir dirəklər, lövhələr, şüşələr sökülüb. Bahalı, insanlara bir vaxtlar nağıl kimi vəd edilən elektrotexnika məhsulu yağışın, günün altında "can verir", avtobuslardakı bərbad vəziyyətdə illərdir can verən sərnişin kimi...

Fotoda görünən mənzərənin məsuliyyətinin kimdə olmasını bir-birinin üzərinə atacaq qurumların mövqeyini Milli.Az saytında verməyə hazırıq.

Anar Məmmədov
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




FOTO: Ceyhun Ələkbərov