Dini təhsil ardınca xaricə... Axı niyə?
26 Sentyabr 2014 19:57
Dini təhsil hər bir cəmiyyət üçün önəmli, eyni zamanda həssas sahələrdən biridir. İstənilən toplumda dindar təbəqənin ümumi səviyyəsi ruhanilər və ilahiyyatçılar yetişdirən təhsil ocaqlarının keyfiyyətilə sıx bağlıdır. Şübhəsiz ki, bu və ya digər ölkə üçün ənənəvi sayılan dinləri təmsil edən din xadimlərinin elə həmin ölkədə yetişdirilməsi ən optimal hesab edilir. Bunun üçün isə dindar toplumun dini-mənəvi tələbatını ödəyə biləcək güclü mütəxəssislər yetişdirmək qabiliyyətində olan dini təhsil ocaqlarının olması labüddür. Əks halda dindarlar ölkə xaricində fəaliyyət göstərən dini təsisatlardan asılı vəziyyətə düşür ki, bu da bəzən arzuolunmaz nəticələrə gətirib çıxarır.
Bəs bizim ölkəmizdə dindar təbəqənin sözügedən ehtiyaclarını lazımınca təmin edə biləcək kadrlar yetişdirən təhsil ocağı varmı?
Qeyd edək ki, ölkəmizin yeganə ali dini tədris müəssisəsi olan Bakı İslam Universiteti 20 ildən artıqdır fəaliyyət göstərir. 2009-cu ildə Təhsil Nazirliyi bu təhsil ocağının fəaliyyətinə xüsusi razılıq - lisenziya verib və həmin razılığa əsasən universitetdə bakalavr səviyyəsində Dinşünaslıq ixtisası, magistratura səviyyəsində isə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşmaları üzrə kadr hazırlığı aparılır. Amma 20 ildən artıq müddətdə fəaliyyət göstərən ali dini tədris müəssisəsi hələ də dindar təbəqənin dini biliklərə olan tələbatını ödəmək iqtidarında deyil və hər il xeyli sayda gənc daha peşəkar dini təhsil üçün İran, Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və s. ölkələrə üz tutur.
Ölkə qanunvericiliyinə görə xaricdə İslam təhsili alımış şəxslərin Azərbaycanda dini mərasimləri aparması yasaqlansa da, hələ də din təhsili almaq istəyən gənclərimizin böyük bir qismi Bakı İslam Universitetini deyil, digər dövlətlərin təhsil mərkəzlərini tərcih edirlər. Digər tərəfdən, son illərin göstəricilərinə görə, Bakı İslam Universitetinə qəbul olunmaq istəyən abituriyentlərin sayında nəzərəçarpacaq azalma müşahidə olunur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 3-cü qrup üzrə keçirdiyi imtahanlarda cəmi 100 bal toplayan abituriyentlərin bu universitetdə tələbə adını qazana bilməsi faktı olduqca düşündürücüdür. Halbuki din sahəsi məsuliyyətli bir sahədir və burada təhsil alan tələbələrin kifayət qədər savadlı və dərin biliklərə malik olması labüddür.
Sözügedən durum ölkəmizdə dini təhsil sahəsinə diqqətin artırılmasını, dini təhsil müəssisələrimizin standartlarının yüksəldilməsini zəruri edir. Ölkə xaricindəki dini təhsil müəssisələrindən asılılığı aradan qaldırmaq üçün yerli ali dini təhsil müəssisəmizin səviyyəsini, ən azından, onların səviyyəsinə qaldırılmalıdır. Dini təhsil ocağında həm yüksək akademik, həm də yüksək mənəvi bir mühit hökm sürməlidir ki, buranı bitirən məzunlar dərin elmlərə yiyələnməklə bərabər, insanların mənəvi baxımdan da etimad edəcəyi kadrlar kimi seçilsinlər.
Qeyd etdiyimiz kimi, hazırda ölkəmizin yeganə ali dini tədris müəssisəsində yalnız bakalavr və magistr pillələri üzrə kadr hazırlığı aparılır. Din sahəsində daha yüksək elmi səviyyəyə yiyələnmək, doktorantura təhsili almaq, elmi iş müdafiə etmək kimi məsələlər də hələ də problem olaraq qalır. Bu isə din alimi kimi yetişmək istəyənlərin nəzərini zorən xaricə yönəldir. Din sahəsində alim olmaq arzusunda olanlar üçün sadəcə başqa seçim imkanı qoyulmur.
Ölkəmizdə dini təhsilin səviyyəsinin yüksəldilməsi həm Azərbaycan elminin inkişafı, həm də din sahəsində sabitliyin təmin olunması baxımından əhəmiyyət kəsb edir. Ümid edək ki, məsul qurumlar bu əhəmiyyətin fərqinə varıb, dini təhsil sahəsində təxirəsalınmaz islahatların aparılmasına çalışacaqlar.
İslam.az