"Türkvizyon 2014" mahnı yarışmasında üç ölkənin təmsilçisi məlumdur - FOTO

24 Sentyabr 2014 20:42
TMB TV-nin təşkilatçılığı ilə Tatarıstanın paytaxtı Kazanda bu il keçiriləcək "Türkvizyon 2014" mahnı müsabiqəsində Azərbaycan, Moldova və Tatarıstan təmsilçiləri müəyyən olunub.

Trend-in məlumatına görə, Azərbaycanı bu il "Türkvizyon 2014" yarışmasında Elvin Ordubadlı təmsil edəcək. Gənc müğənni ATV telekanalında yayımlanan "Azərbaycanın səsi" adı altında təşkil olunan və 3 ay davam edən Azərbaycan milli seçim turunun qalibi olub. Münsiflər heyətinə Nadir Qafarzadə, Namiq Qaraçuxurlu, Elza Seyidcahan və TMB TV-nin numayəndəsi olan Kəmalə Qasımova daxil idi.
 

Moldovada, Qaqauz muxtar bölgəsində keçirilən milli seçim turunda isə Mariya Topal qalib gəlib. Moldovada tanınan M.Topal artıq dəfələrlə ölkə miqyasında müxtəlif musiqi müsabiqələrinin qalibi olub.

Tatarıstanda "Türkvizyon 2014" milli seçim turunda isə Aydar Süleyman qalib gəlib. O, 16 vokalçının, iki duetin və beş qrupun mübarizə apardığı yarışmada daha uğurla çıxış edərək "Türkvizyon 2014" yarışmasında Rusiyanın Tatarstan Respublikasını təmsil edəcək.
 

Bu il "Türkvizyon" musiqi müsabiqəsinin finalı Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunan Kazanda keçiriləcək. 20-dən çox ölkə təmsilçisinin iştirak edəcəyi "Türkvizyon 2014" mahnı müsabiqəsinin final konserti 15 min tamaşaçı tutumu olan "Tatneft Arena" idman-konsert kompleksində 21 noyabrda keçiriləcək. TMB TV və tərəfdaş telekanallar vasitəsilə 300 milyondan çox tamaşaçı izləyəcək.

Qeyd etmək lazımdır ki, ötən il Türkiyənin Əskişəhər şəhərində keçirilən "Türkvizyon 2013" müsabiqənin qalibi Azərbaycan təmsilçisi Fərid Həsənov olmuşdu.

Milli.Az