Əvvəl təminat, sonra meyvə-tərəvəz...

24 Sentyabr 2014 18:11

Ekspert: Rusiya azı 5 il təminat verməsə, fermerlərin istehsalı artırması riskli işdir

Rusiya Azərbaycandan meyvə-tərəvəz idxalını artırmaq məqsədilə əməli tədbirlər görür. Qonşu ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyukayev yerli RBK telekanalına müsahibəsində belə deyib.

"Biz hazırda Türkiyə və Azərbaycanla meyvə və tərəvəz istehsalı ilə bağlı yeni birgə müəssisələrin, o cümlədən logistik mərkəzlərin, anbarların və s.-in yaradılması üzərində işləyirik. Biz bu problemin həllinə çalışırıq. Biz ərzaq bazarında pozulan balansı aradan qaldırmalıyıq. O cümlədən, əlavə idxal üçün əvvəllər məhsul gətirmədiyimiz ölkələrə müraciət etməliyik", - deyə nazir bildirib (APA).

Rusiyanın kənd təsərrüfatı naziri Nikolay Fyodorov isə Rusiyaya meyvə-tərəvəz tədarükündə Azərbaycanla yanaşı, Özbəkistan, Tacikistan, müəyyən qədər Qırğızıstanı da perspektivli ölkə sayır.

Bəlli olduğu kimi, Rusiya bu il avqustun 6-dan ABŞ, Avropa İttifaqı, Avstraliya, Kanada və Norveçdən meyvə, tərəvəz, mal və donuz əti, balıq, süd məhsullarının idxalını bir il müddətində qadağan edib. Qeyd edək ki, Rusiyanın ərzaq idxalında bu ölkələrin payı böyükdür və Moskva alternativ tədarük mənbələri axtarmağa məcbur olub.

Rusiya bu mənbələrdən biri kimi Azərbaycanı görür. Bu günlərdə Moskvada keçirilən bir tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülübüloğlu bəyan edib ki, Rusiyaya məhsul satışının artırılması üçün Azərbaycan fermeri təminat almalıdır. Yəni, Rusiya hökuməti təminat verməlidir ki, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanların əziyyəti boşa getməyəcək, yetişdirdiyi məhsulu Rusiya alacaq.

Rusiya Dövlət Dumasının maliyyə bazarı üzrə iş komitəsinin sədr müavini Dmitri Savelyev isə həmin tədbirdə bildirmişdi ki, Azərbaycanın Rusiya bazarında yer alması üçün böyük şans yaranıb: "Azərbaycan məhsulları Orta Asiya və Çin məhsullarından daha keyfiyyətlidir. Rusiya bazarında bu məhsulları böyük məmnuniyyətlə və böyük həcmdə görmək istərdik".

Beləliklə də, aydın görünür ki, Rusiya Azərbaycandan daha çox kənd təsərrüfatı məhsulu almaq istəyir. Bu məqsədlə Rusiya Azərbaycandan meyvə və tərəvəz istehsalını artırmağı, daha çox məhsul istehsal etməyi istəyir.

Amma Azərbaycanın daha çox məhsul istehsalına ehtiyatla yanaşır. Rusiyanın iqtisadi inkişaf nazirinin fikirlərinə münasibət bildirən aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov deyir ki, kənd təsərrüfatı sahəsi üzrə birgə müəssisə 2 ölkənin sahibkarlarının maliyyə və digər resurslarını cəmləşdirərək fəaliyyətinin birgə təşkilini nəzərdə tutur. Bu məsələdə hökumətlər sahibkarların bir-birilə ortaq şirkət yaradılmasına yardımçı ola bilər, ucuz kredit ayıra bilər, istehsalı təşkil etmək üçün yer ayıra bilər.

Məhərrəmov qeyd edir ki, embarqo ilə əlaqədar olaraq Rusiyada vəziyyət ciddi hal alıb. Rusiya hökuməti çalışır ki, əhalinin ərzaq məhsullarına olan tələbatını beynəlxalq tələblərə uyğun səviyyədə həll etsin. "Rusiya hökuməti digər ölkələrə nisbətən əhalinin ərzaq məhsullarına olan tələbatının Dünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi normalara uyğun ödənilməsi üçün daha böyük öhdəlik götürüb", - ekspert bildirir. Onun sözlərinə görə, Rusiyada əhalinin adambaşına meyvə istehlakı az, amma tərəvəz istehlakı çoxdur.

Rusiyada alıcılıq qabiliyyəti yüksək olduğunu da deyən Məhərrəmov əmindir ki, bu ölkəyə xaricdən istənilən qiymətə və istənilən qədər məhsul gətirilərək əhalinin təəbatını ödəmək mümkündür.

Bununla yanaşı, ekspert hesab edir ki, Rusiyanın MDB respublikalarından, Türkiyədən meyvə-tərəvəz istehsalını təşkil etmək, idxalı artırmaq istəyini sırf iqtisadi amillərlə bağlamaq çətindir. Onun fikrincə, Rusiyanın meyvə-tərəvəz istehsalını artırmaqla bu məhsullara olan tələbatını ödəmək üçün imkanları Türkiyə və Azərbaycandan genişdir: "Rusiyanın geniş torpaq sahəsi var. Rusiyanın cənub bölgələrindəki iqlim şəraiti, torpağın münbitliyi, su resursları, kənd təsərrüfatı texnikası, maliyyə vəsaiti imkan verir ki, müxtəlif kənd təsərrüfatı məhsulları istehsal edib öz tələbatını ödəsin. Rusiya istəsə embarqo ilə bağlı yaranan boşluğu yerli istehsal hesabına doldura bilər. Azərbaycanın mövcud potensialı Rusiyanın meyvə və tərəvəzə olan tələbatının olduqca az hissəsini ödəmək imkanına malikdir".

Rusiyanın imkanlarını nəzərə alan Məhərrəmov hesab edir ki, bu ölkənin son davranışlarında daha çox siyasi məqsədlərin olması hiss edilir. Belə ki, Rusiya Avropa ilə münasibətləri pozduqdan sonra özünə Avropa ölkələrini əvəzləyəcək dost axtarır. Buna görə də Moskva Azərbaycana və digər ölkələrə dostluq münasibətlərinin bir qədər də yaxşılaşdırılmasının imkanların olduğunu nümayiş etdirir.

Məhərrəmov həmçinin vurğalayır ki, istənilən halda sahibkarların daha çox məhsul istehsalı üçün təminat olmalıdır: "Embaqro 1 il müddətinə qüvvədədir. Heç bir sahibkar 1 il üçün məhsul istehsalını ciddi artırmaz. Çünki məhsulun istehsalından çox onun satışı, bazarının tapılması daha önəmlidir. Hazırkı vəziyyətdə nə Rusiya, nə də Azərbaycan hökuməti satışla bağlı təminatı verə bilməz. Bir il müddəti olduqca az müddətdir. Fermerlərə azı 5 il təminat verməlidir ki, fermer böyük sərmayə qoyaraq məhsul istehsalını artırsın".

Əks halda meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsullarının istehsalının artırılması risk vəd edir.

Ekspress.az