Bakıda səhiyyə sahəsində 3 beynəlxalq sərgi keçiriləcək - FOTO
24 Sentyabr 2014 14:33
Sabah Bakıda "Iteca Caspian" və onun tərəfdaşı "ITE Group Plc" şirkətlərinin təşkilatçıılığı ilə tibb sahəsində regionun ən iri ixtisaslaşdırılmış tədbiri olan 20-ci Yubiley Azərbaycan Beynəlxalq Səhiyyə - BIHE, 9-cu Azərbaycan Beynəlxalq Stomatologiya , 8-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb ("Beauty Azerbaijan 2014") sərgiləri keçiriləcək.
Trend-in məlumatına görə, sərgilərlə əlaqədar bu gün Trend Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində keçirilən mətbuat konfrasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Azərbaycan səhiyyəsinin son illərdə əldə etdiyi nailiyyətlərdən danışıb. O, bu sərgilərin keçirilməsinin Azərbaycan səhiyyəsinin inkişafına töhfə verdiyini qeyd edib.
Layihələrin meneceri Elmira Ağayeva bildirib ki, 25-27 sentyabr tarixində keçiriləcək 20-ci Yubiley Azərbaycan Beynəlxalq Səhiyyə - BIHE sərgisində 17 ölkədən 147 şirkət müasir səhiyyə sektoru üçün zəruri olan ən yeni məhsullarını nümayiş etdirəcək. Bu ölkələr arasında Azərbaycan, Belarus, Böyük Britaniya, Almaniya, İtaliya, Rusiya, Ukrayna, Türkiyə, İsveçrə, Çin, ABŞ və digərləri yer alır. Sərgidə nümayiş etdirilən tibbi məhsul və xidmətlərin geniş spektrinə tibbi və laboratoriya avadanlıqları, stomatoloji avadanlıqlar, əczaçılıq preparatları, istehlak materialları, dezinfeksiya vasitələri, ortopedik məhsullar, yüksək texnoloji diaqnostika və müalicə metodları, tibbi texnika və s. daxildir. Bu il sərgidə xarici ölkələrdə tibbi xidmətlər təklif edən doqquz beynəlxalq klinika və mərkəz, eləcə də iki turizm agentliyi iştirak edəcək.
Builki BIHE sərgisi yubileyinə həsr edilmiş tədbirlər proqramı ilə seçilir. Bu il Azərbaycan Tibb Universitetinə ən yüksək balla daxil olan tələbəyə xüsusi mükafatın təqdim edilməsi bu tədbirlərdən bir olacaq. Həmçinin ziyarətçilər və iştirakçılar sərginin keçirildiyi 20 il ərzində onun tarixi anlarını əks etdirən yubiley stendi sayəsində keçmişə virtual səfər edə biləcəklər.
BIHE sərgisinə paralel olaraq iki tədbir - 9-cu Azərbaycan Beynəlxalq Stomatologiya ("Stomatology Azerbaijan 2014") və 8-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb ("Beauty Azerbaijan 2014") sərgiləri keçiriləcək. Azərbaycan, Bəhreyn, Gürcüstan, İtaliya, BƏƏ, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrin peşəkar kosmetika bazarında fəaliyyət göstərən aparıcı şirkətləri 8-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb ("Beauty Azerbaijan 2014") sərgisində iştirak edəcəklər. Eksponentlər gözəllik salonları, fitnes klublar, spa mərkəzləri və bərbərxanaların işində geniş şəkildə tətbiq edilən məhsul və texnologiyaları nümayiş etdirəcəklər. Sərgi ekspozisiyasında lazer kosmetologiya avadanlıqları, aşqarlar, mezoterapiya məhsulları, doldurucular, peşəkar kosmetika, bədənə qulluq məhsulları, gözəllik salonları üçün avadanlıqlar, dırnaqlara qulluq vasitələri, ətriyyat, saçlar üçün peşəkar kosmetika və bir çox digər məhsullar var. Sərgi ziyarətçiləri öz sahəsinin aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilən ustad dərsləri, habelə saçın modelləşdirilməsi, manikür, eləcə də dəriyə qulluq proseduraları üzrə nümayişlər zamanı məhsullarla yaxından və bilavasitə təcrübədə tanış olacaqlar. "Stomatology Azerbaijan" sərgisinin iştirakçıları stomatoloji avadanlıqlar və birdəfəlik istifadə materialları ilə bağlı yenilikləri, implantologiya və dişlərin ağardılması sahəsində yeni texnologiyalar və ağız boşluğunun gigiyenası vasitələrini nümayiş etdirəcəklər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.