"Niva" yarışı hansı məmurun başını aparacaq?

20 Sentyabr 2014 13:06

DYP bu avtomobillərlə "avtoş"luq edənləri axtarır

"07" ilə "avtoş"luq edənlərin dövrü artıq başa çatır. İndi avtoxuliqanlar üçün dəbdə olan maşınlar "Niva" və "Lada-Priora"dır. Youtube-da bir neçə gün əvvələ qədər üzərində Almaniya nömrə nişanları olan "Niva"ların "avtoş"luq səhnələri əks edilən video dolaşırdı. Rusiya istehsalı olan avtomobilin üzərində alman nömrələri, ərazinin Bakının küçələrinə həddindən artıq oxşarlığı müəyyən şübhələr yaradırdı.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bu nömrələr saxta nömrələrdir, "avtoş"ların dili ilə desək, "lipa" nömrələrdir. Üstəlik, həmin nömrələrin Bakıda hazırlanması xəbəri də var. Avtomobilin nömrələrini və üzlərini gizlədən bu gənclər isə heç də sadə insanlar deyillər. Məlumata görə, onlar imkanlı şəxslərin övladlarıdır və gecələr Bakıda bu cür əyləncələr təşkil edib avtoralliyə çıxırlar. Avtomobillərin birinin nömrə yerinə "Rokc-N-Roll", digərinə isə H-333-R yazılıb.

Videonun konkret nə vaxt çəkildiyi məlum olmasa da, görünən budur ki, "Niva"larla "avtoş"luq edənlər gecə yarısı şəhərə çıxırlar. Çünki kadrlardan görünür ki, küçələr boşdur, tək-tük avtomobil gözə dəyir. Onlar isə ancaq mərkəzi küçələrdə hərəkət edirlər, asfaltda təkərlərin izini qoyub adrenalin çıxarırlar.

Hər halda, nəzərə almaq lazımdır ki, hazırda avtomobil bazarında yeni "Niva" 10-12 min manatdır. Maşının "avtoş"luq üçün uyğunlaşdırılmasına da azı 4-5 min manat lazım gəlir. Bu cür tüninq nəticəsində "Niva"nın arxa asqısı salondan idarə edilir. Belə "Niva"ya malik "avtoş" yol polisini görəndə düyməni basıb maşını normal vəziyyətə gətirir. Yol polisinin olmadığı yerlərdə isə öz bildikləri kimi hərəkət edirlər. Yəni maşının arxa hissəsi aşağı enir, qarşı tərəfi isə yuxarı qalxır.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məsələ ilə bağlı "Yeni Müsavat"a deyib ki, DYP sosial şəbəkələrdə yayılan və yollarda qanunazidd hərəkətlərə yol verilməsi əks olunan materialları diqqətlə nəzərdən keçirir: "Dediyiniz video artıq youtube-dən çıxarılıb. Buna baxmayaraq, müvafiq araşdırma aparılır".

"Yeni Müsavat"