Prezident İlham Əliyev: ""Cənub Qaz Dəhlizi" layihəsi tranzit ölkələr üçün əlavə imkanlar yaradır" - YENİLƏNİB - FOTO

20 Sentyabr 2014 18:36
18:36

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından "Əsrin müqaviləsi"nin 20 illiyinə və "Cənub" qaz dəhlizinin təməlinin qoyulmasına həsr edilən təntənəli mərasimdə iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə nahar verilib.

Milli.Az AzərTAc-a istinadən bildiri ki, dövlət, hökumət və nümayəndə heyətlərinin başçıları Dağüstü parka gəldilər. Qonaqlar buradan Bakının mənzərəsini seyr etdilər.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyevin adından qonaqların şərəfinə nahar verildi.

----------
13:51


"Cənub Qaz Dəhlizi"nin Azərbaycan üçün böyük faydası var. Çünki bizə imkan verəcək ki, öz qaz resurslarımızı dünya bazarlarına çıxaraq və beləliklə, əlavə gəlir əldə edək.  Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Səngəçal terminalında "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

İlham Əliyev bildirib ki, bu layihə tranzit ölkələr üçün əlavə imkanlar yaradır: "Qazı alan, yəni istehlak edən ölkələr üçün alternativ, yeni qaz mənbəyi təmin edilir. Hazırda dünyada, xüsusilə Avropada enerji təhlükəsizliyi, enerji resurslarının şaxələndirilməsi məsələlərinə çox böyük önəm verilir. Azərbaycan burada öz rolunu oynayır".

Azərbaycan Prezidenti "Cənub Qaz Dəhlizi"ni "Əsrin layihəsi" adlandırıb və deyib ki, bu layihə ən azı 100 il ərzində hamımıza fayda gətirəcək.

Dövlət başçısı qeyd edib ki, Enerji İpək Yolu, Dəmiryol İpək Yolu - Bakı-Tbilisi-Qars dəmir yolu tikilir: "Deyə bilərəm ki, 20 il əvvəl Azərbaycanın təşəbbüsü ilə başlanılan bizim enerji siyasətimiz bu reallıqlara gətirib çıxarmışdır. Çünki bu gün - 20 sentyabr bizim üçün, o cümlədən ona görə tarixi gündür ki, düz 20 il öncə xarici petrol şirkətləri ilə Azərbaycan "Əsrin müqaviləsi"ni bağladı və bir dəhliz müəyyən edildi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi Ərzurum neft-qaz kəmərlərinin tikintisi bugünkü reallıqlarımızı təmin etdi. Əgər o vaxt bu addımlar atılmasaydı, bu gün bu mərasim də olmazdı. Ona görə də biz bu gün enerji siyasətimizin yeni mərhələsinə qədəm qoyuruq. Burada Azərbaycan, bizim qonşularımız, Avropa ölkələri bir komanda şəklində çalışacaqlar. Burada uduzan tərəf yoxdur. Hər kəs qalib gələcək".


---------
13:04


"20 il əvvəl - 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalanmışdı. Bu, tarixi bir hadisə idi. Çünki gənc, müstəqil Azərbaycan dünyada o qədər də tanınan ölkə deyildi". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyi və "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində çıxışı zamanı deyib.


Dövlət başçısı deyib ki, Azərbaycan çox böyük problemlərlə üzləşmişdi: "Müstəqilliyimizin ilk illəri çox ağrılı keçib. Erməni işğalı, vətəndaş müharibəsi, siyasi böhran - bütün bu amillər ölkəmizin inkişafına böyük problemlər yaradırdı, böyük maneə idi. Bu gün ulu öndər Heydər Əliyevin adını daşıyan bu mərkəzdə Prezident Heydər Əliyevin fəaliyyətini bir daha yüksək qiymətləndiririk. Məhz onun uzaqgörənliyi, cəsarəti sayəsində "Əsrin müqaviləsi" imzalanmışdı".
 

Azərbaycan Prezidenti qeyd edib ki, beləliklə, Azərbaycanın inkişafı üçün yeni imkanlar yaranmış, Azərbaycana böyük həcmdə investisiyalar qoyulmağa, Xəzər dənizində tarixdə ilk dəfə olaraq, beynəlxalq əməkdaşlıq prosesi başlamışdı: "Azərbaycan öz zəngin neft resurslarını dünya bazarlarına çıxarmaq üçün imkan əldə etmişdi və ölkəmizin ümumi iqtisadi və siyasi inkişafı məhz "Əsrin müqaviləsi"ndən başlamışdı. Yeni neft strategiyamız 20 ildir ki, icra edilir, ölkəmiz üçün böyük fayda gətirib".

İlham Əliyevin sözlərinə görə, ilk dəfə olaraq, o illərdə Xəzəri Qara dəniz, Aralıq dənizi ilə neft kəmərləri birləşdirdi: "Bu da tarixi nailiyyətdir. Bütövlükdə, deyə bilərəm ki, 1994-cü ildən başlayaraq bu günə qədər neft-qaz sahəsində 1 neçə önəmli mərhələ olmuşdur. Mən indi onların bir neçəsini sadalamaq istəyirəm.

Dövlət başçısı bildirib ki, 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması, 1996-cı ildə "Şahdəniz" qaz yatağı üzrə sazişin bağlanması da çox önəmli hadisə idi, çünki bu gün "Cənub Qaz Dəhlizi"nin resurs mənbəyi dünyanın ən böyük qaz yataqlarından biri olan "Şahdəniz" qaz yatağıdır - orada qaz ehtiyatları 1 trilyon kubmetrdən çoxdur.

İlham Əliyev qeyd edib ki, 1999-cu ildə Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilmişdi. Bu da yeni bir ixrac marşrutu idi.

Azərbaycan Prezidenti deyib ki, 2003-cü ildə də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşı qoyuldu: "O kəmər ki, Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi və nəinki bu gün Azərbaycan üçün, Xəzər sahilinin şərq hissəsindəki ölkələr üçün də bir ixrac boru kəməri kimi fəaliyyət göstərdi. Ondan sonra 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Çünki o hadisədən sonra Azərbaycan dünyada artıq qaz ölkəsi kimi özünü göstərməyə başlamışdı. Bu kəmərin yeni xəttinin tikintisi əslində bu gün başlayır. Azərbaycan artıq "Cənub Qaz Dəhlizi"nin birinci hissəsini 2007-ci ildə istifadəyə vermişdir. Ondan sonrakı dövr ərzində biz böyük layihə üzərində işləyirdik. Bildiyiniz kimi, bir neçə variant var idi. 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində Trans-Anadolu kəmərinin tikintisi ilə bağlı razılıq əldə edilmişdir. TANAP layihəsi və onun həyata keçirilməsi tarixi hadisədir".

İlham Əliyevin sözlərinə görə, məhz TANAP layihəsinin razılaşdırılmasından sonra artıq "Cənub Qaz Dəhlizi"nin konturları görünməyə başlamışdır: "2013-cü ildə TAP layihəsi - Trans-Adriatik kəmərin əsas ixrac marşrutu kimi seçilməsi də tarixi hadisə idi. Eyni zamanda, keçən il qazın satışı ilə bağlı kontraktlar imzalanmışdı. Yəni, bu gün bizim önümüzdə bütün üfüqlər açıqdır, yollar aydındır və sadəcə olaraq biz birgə səylərlə "Cənub Qaz Dəhlizi"nin tamamlanmasını təmin etməliyik və bunu edəcəyik. Bir sözlə, bax, bu son illər ərzində Azərbaycan ardıcıl şəkildə öz enerji siyasətini irəliyə aparıb. Yəni, bugünkü mərasim sadəcə olaraq görülən işlərin zirvəsidir. Əgər əvvəlki dövrlərdə dediyim məsələlər öz həllini tapmasaydı, bu gün "Cənub Qaz Dəhlizi"ndən söhbət belə gedə bilməzdi. Hal-hazırda layihə tam hazırdır. Bu gün dəhlizin tikintisi başlayır. Əlbəttə ki, biz gələcəkdə çalışmalıyıq ki, bütün bu işləri tərəfdaş ölkələrlə birgə edək. Koordinasiya yüksək səviyyədə olmalıdır. Bu layihə Azərbaycana əlavə dividentlər gətirəcək. Ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək. Baxmayaraq ki, son 10 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. Bu layihə bizim üçün yeni imkanlar açır".

Dövlət başçısı deyib ki, son 10 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 3 dəfədən çox artıb: "Büdcə xərcləri 20 dəfə artmışdır, xarici dövlət borcu ümumi daxili məhsulumuzun cəmi 8 faizini təşkil edir. İşsizlik 5 faizə düşmüşdür. Yoxsulluq 5 faizdən bir qədər çoxdur. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 38-ci yerdədir. Bu, bizim üçün çox böyük nailiyyətdir və onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir. Neft-qaz resurslarımız, sadəcə olaraq, bizim üçün əlavə bir imkandır, dəstəkdir. Bu bizə imkan verir ki, biz öz investisiyalarımızı bu layihələrə qoyaq. TANAP layihəsində Azərbaycan əsas səhmdardır və əsas maliyyə yükünü Azərbaycan öz üzərinə götürəcəkdir. "Şahdəniz"də, TAP-da və digər layihələrdə Azərbaycan öz payını özü maliyyələşdirir. Beləliklə, vaxtilə əldə edilmiş mənfəət bu gün bizim ümumi maraqlarımıza xidmət edir".


---------
12:32


Milli.Az Trend-ə istinadən xəbər verir ki, Prezident İlham Əliyev qeyd edib ki, "Şahdəniz" qaz yatağı əsas resurs mənbəyidir. Ancaq Azərbaycanın qaz ehtiyatları daha da böyükdür: "Təsdiq edilmiş qaz ehtiyatlarımız 2,5 trilyon kubmetrə bərabərdir. Ehtimal olunan, proqnozlaşdırılan ehtiyatlarımız 4-5 trilyon kubmetr səviyyəsindədir və Xəzər qazı Avropa üçün yeganə yeni mənbədir. Digər mənbələr var, o mənbələrdən Avropa qidalanır, o mənbələrin həcmi arta bilər, ancaq yeni mənbə hal-hazırda Azərbaycandır".
 

Azərbaycan Prezidenti əminliyini bildirib ki, enerji təhlükəsizliyi, marşrutların diversifikasiyası, şaxələndirilməsi, hasilatçı, tranzit, istehlakçı ölkələrin birgə fəaliyyəti uğur gətirəcək: "Çünki bu işlərdə çox ciddi koordinasiya aparılmalıdır. Bu günə qədər bizim qaz və neft layihələrimizdə ancaq 3 ölkə iştirak edirdi - Azərbaycan, Gürcüstan və Türkiyə. Bu gündən sonra biz geniş beynəlxalq əməkdaşlıq prosesinə qədəm qoyuruq".
 

Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan qazın istehsalçısı kimi öz resurslarını dünya bazarlarına çıxaracaq və ondan sonra Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, gələcək mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələr bu layihəyə qoşula bilərlər: "Ona görə də burada koordinasiya işləri çox yüksək səviyyədə aparılmalıdır. Mən hesab edirəm ki, bu gün bu sahədə - neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Komandanın bütün üzvləri bu gün bu salondadır. Əminəm ki, bizim birgə fəaliyyətimiz uğurlu olacaq və bizim komandamız qələbə qazanacaqdır. Qoy yolumuz açıq olsun!"


---------
12:21


"Cənub Qaz Dəhlizi" layihəsi tərəfdaş ölkələrimiz üçün də çox faydalıdır. Bu layihənin icrası nəticəsində uduzan tərəf olmayacaq. Hər bir tərəf fayda götürəcək". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyi və "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində çıxışı zamanı deyib.

İlham Əliyev qeyd edib ki, tranzit ölkələr - onlar eyni zamanda istehlakçı ölkələrdir, istehlakçı ölkələr də qaz mənbələrinin şaxələndirilməsinə nail olacaqlar: "Bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edən layihədir və təsadüfi deyil ki, 3 il bundan əvvəl Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənəd məhz bu amili diqqət mərkəzinə qoyur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli rol oynayan bir ölkədir. Bu gündən sonra bu rol daha da artacaq. Enerji təhlükəsizliyi, əslində, hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz hamımız tərəfdaşlarımızla iştirak edəcəyik".


----------
10:44

Bu gün Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyi və "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimi başlayıb.

Trend xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, bir sıra ölkələrin dövlət başçıları, rəsmi şəxslər iştirak edirlər.

Milli.Az

---------
18:16

Böyütmək üçün şəkillərə klikləyin

Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyi, "Cənub" qaz dəhlizinin təməlinin qoyulması ilə bağlı təntənəli mərasim keçirilib



Fotolar: AzərTAc