Əslən bakılı Hollivud ulduzu qadınların sirrini axtarır

15 Dekabr 2010 16:44
Milli.Az xəbər portalı "Today.Az"a istinadən bildirir ki, Hollivudun məşhur müğənni və bəstəkarı, Bakıda doğulub ABŞ-da böyüyən Ella Leya (Naroditskaya) yeni albomunu satışa çıxarıb.
"Qadınların sirli həyatı" adlı albom rus romanslarından ibarət olaraq qadınların iç dünyasından, onların mənəvi yaşantılarından bəhs edir.
Ella Leyanın bundan əvvəlki "Gecə kraliçası" və "Rus romansları" albomları "Billboard Magazine", "New York Times", "Chicago Tribune" və "Los Angeles Times" tərəfindən çox yüksək dəyərləndirilib.

Əslən Bakıdan olan sənətçinin əsərləri " Ocean's Twelve", "PU-239", "Samantha Who", "Dirty Sexy Money" və "My Sassy Girl" filmlərində səslənib.
Kaliforniyadakı Laquna Biç şəhərciyi və Londonda növbə ilə yaşayan Ella "İnternational Review of Music"ə verdiyi müsahibəsində bildirib ki, albomun ideyası onun ruhuna Parisdəki Alma meydanında, şahzadə Diananın qəzada həlak olduğu yerdən cəmi bir neçə metr aralıda hopub.

"Hər birinin həyatında kişi çapığı olan qadınlar barəsində düşündüm. Mənim qəhrəmanlarım olan qadınlar haqqında. Düşündüm ki, bəlkə onlara səs verəm?! Belə olardısa, həmin qadınlar həyatlarının indiyədək sirli qalmış yönlərindən, itirilmiş arzularından və gerçəklərindən bəhs edə bilərdilər, - Ella Leya deyib. - Onlar itirilmiş səbəblərini pıçıldamalıydılar. Ümid edirəm ki, istəyimə çatmışam".

Tural
Milli.Az