"ABŞ dünyanın ən qüdrətli dövləti, qlobal gücdür".
Güc idi, indi belə deyil.
Birləşmiş Ştatların dünyanın supergücü qismindəki mövqelərinin laxlaması, Vaşinqtonun geosiyasi süqutu Suriyada başlandı.
Amerikalı siyasətçilərin "Prokrastinator" adlandırdıqları prezident Barak Obama Dəməşqdəki hakimiyyətə raket-bomba zərbələri planını ləğv etmək məcburiyyətində qaldı.
Rəsmi Vaşinqton sinirlənmişdi, imicinin darmadağın olmasını istəmədiyindən Suriya prezident Bəşər Əsədə "dərs" verilməsini tələb edirdi. Amma amerikalı generallar az qala qiyam qaldırdılar, yeni savaşa başlamayacaqlarını dedilər.
Onları maliyyəçilər də dəstəklədilər. Çünki xarici borclarının ümumi səviyyəsi və daxili borclarının toplam tutumu ümumdaxili məhsulu çoxdan üstələmiş bir ölkə başqa dövlətə qarşı qısamüddətli də olsa, müharibə aparmaq istəyərsə, özünü hədsiz ağır problemlərə düçar edər.
Suriyadakı olaylar Vaşinqtonun fiaskosu, ağır məğlubiyyəti oldu.
Almaniyanın nüfuzlu "Deutsche Wirtschafts Nachrichten" qəzeti yazır: "Barak Obama administrasiyasının Ukraynadakı hadisələrdən sonra Rusiyaya qarşı başladığı yeni soyuq savaş amerikalılara aldadıcı "üstünlük" hissindən savayı heç nə verməyib. Sanksiyalar, qadağalar və embarqolar vasitəsilə Moskvaya təzyiqlər Avropa Birliyinin strukturları ilə yanaşı, Avropa ölkələrində parçalanmalara səbəb olub. Üstəlik, bu sanksiyalar ABŞ şirkətlərinə milyardlarla dollar ziyan vurub. Ziyanlar davam edir".
Çinlə bağlı məsələlərdə isə ABŞ daha ağır məğlubiyyətlərə düçar olub. Vaşinqtonun sadiq müttəfiq saydığı bir çox ölkə Pekinin yaratdığı, amerikalıların nəzarətindəki Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna alternativ olacaq Asiya İnfrastruktur İnvestisiyaları Bankı layihəsinə qatıldı.
ABŞ-ın daxilində də təbəddülatlarla problemlər sürətlə artır. Barak Obamanın administrasiyası "iqtisadi ikiüzlülük"də suçlanır. Özünü dünyanın lider dövləti kimi təbliğ və təqdim edən ölkədə varlılarla kasıblar arasında belə uçurumun olmamasının gərəkdiyi vurğulanır. Rəsmi Vaşinqton böhranı pərdələməyə çalışır, kosmetik islahatlar aparır. Lakin yeni iş yerləri əksər hallarda xidmət və iaşə sahələrində yaradılır ki, orada da maaş çox aşağıdır.
Dünya bazarlarında xam neftin qiymətlərinin aşağı düşməsi isə ABŞ iqtisadiyyatının energetika sahəsindəki şirkətlərdə minlərlə əməkdaşın işsiz qalmasına səbəb olub.
Səhnəyə gül atın - təlxək inciməsin
ABŞ-ın 2001-ci ildən bəri yürütdüyü "beynəlxalq terrorizmə qarşı amansız mübarizə" əslində Vaşinqtonun monotamaşası olmaqla yanaşı, amerikalıların vətəndaş haqları və azadlıqlarının kobud şəkildə pozulmasıdır. Demokratik dəyərlər yaydıqlarını iddia edərək bu və digər ölkənin bombalanmasını istəyən, qrotesk tamaşanın təlxəkləri təsiri bağışlayan amerikalı siyasətçilərin taktikası isə növbəti prezident seçkilərinə hazırlıqdan başqa heç nə deyil.
Bunu Yəməndəki olaylar da göstərir. Səudiyyə Ərəbistanının və bu ölkənin yaratdığı koalisiyanın yəmənliləri bombalamasına nə ABŞ, nə də Avropa Birliyi sərt reaksiya vermədilər. Tam əksinə, bombardmanlar, qırğın və qan dəstəkləndi.
Qərb siyasətinin əslində ikili standartlar olduğunu dünya bir daha gördü və anladı ki, ABŞ-ın bəlağətlə danışdığı, başqa ölkələrə sırımağa çalışdığı "demoratik dəyərlər mənəviyyatı" söz yığınıymış.
Yalan, yalan, yenə də yalan
ABŞ-ın Əmək Statistikası Bürosu belə, rəsmi Vaşinqtonun "iqtisadi uğurlar"la bağlı yalanlarını ört-basdır etməkdən usanıb.
Son aylarda Birləşmiş Ştatların iqtisadiyyatının "inkişaf"ı ilə bağlı rəsmi hesabatlarla məruzələrin istisnasız olaraq hamısı hipoteza, təxmin, ehtimal təsiri bağışlayır. Uoll-Stritdəki banklarda və Ağ Evdə çalışanlar ildə milyonlarla dollar maaş alırlar. Və bu adamlar iş yerlərini itirməmək üçün həyasızcasına yalan yayırlar.
Məsələn, son hesabatlarda bildirilir ki, martda ABŞ-da 245 min yeni iş yeri açılıb.
İş yerlərinin siyahısına baxın: xadimə, barmen, ofisiant, klerk, aşpaz köməkçisi...
Yanvar və fevral aylarında iş yerlərinin artırılması ilə bağlı hesabatlar yayılsa da, əslində elə həmin aylarda ABŞ-da rəsmi statistikaya görə, 69 min amerikalı işsiz qalmışdı.
Sonradan rəsmi statistiklər hesablamalarında 13 faizlik səhvə yol verdiklərini dedilər.
Paradoks: normal şirkətdə hesabatda 13 faizlik səhvə yol verən adam işdən qovular - Ağ Evdə isə belələrini mükafatlandırır və hətta işlərindən çox razı qaldıqlarını deyirlər.
"İqtisadi inkişaf"la bağlı Ağ Evin yeni press-relizində də işsizliklə bağlı azsaylı rəqəmlər 2000 sözlük mətnin lap sonundadır.
Ağ Evin rəsmi statistikası iddia edir ki, mart ayında ABŞ-da aşağı maaşlı iş yerlərinin sayı 126 min artıb. Vurğulanır ki, yeni şirkətlər 72 min iş yeri yaradıblar.
Halbuki gerçəklik tam fərqlidir. Martda ABŞ-da bağlanan, qapadılan, iflas edən şirkətlərin sayı yeni yaradılan şirkətlərlə müqayisədə dəfələrlə çox olub.
Çox yəqin ki, "126 min yeni iş yeri" barədə iddiaları Ağ Ev bir-iki il sonra növbəti press-relizində açıqlayar.
Və ya daha bir yalan. Ağ Evin hesabatında bildirilir ki, yeni iş yerlərinin sayı mart ayında fevral ayı ilə müqayisədə 34 min çox olub. İlin əvvəlindən bəri isə 130 min yeni iş yeri yaradılıb.
ABŞ-ın Maliyyə Nazirliyi isə 390 min yeni iş yerinin yaradıldığını bəyan edir.
Əcəba, Ağ Ev yalan danışır, yoxsa Maliyyə Nazirliyi?!
Federal Əmək Bürosunun hesabatında isə vurğulanır ki, yanvar ayından üzübəri ölkədə əmək qabiliyyətinə malik insanların sayı 357 min nəfər artsa da, onların yalnız 130 min nəfəri işlə təmin olunub.
Barak Obamanın administrasiyası bildirir ki, işsizliyin səviyyəsi 5,7 faizdən 5,5 faizədək azalıb.
Bəs belədə kim yalan danışır?
Və ən nəhayət, Federal Əmək Bürosunun hesabatlarına inansaq, əmək qabiliyyətinə malik 631 min amerikalı "könüllü" olaraq iqtisadi cəhətdən aktiv vətəndaşların sıralarını tərk edib. Amma rəsmi statistikada onlar işsiz sayılmırlar.
Bəs yaxşı, 631 min amerikalı haraya gedib, necə "yoxa" çıxıb?!
Reallıq budur ki, hazırda Birləşmiş Ştatlarda minimum 9 milyon insan iş axtarır və bu da ölkədə işsizlik səviyyəsinin 11 faizədək artdığını göstərir.
Bəzi ekspertlər isə işsizliyin artıq 23 faizə yaxınlaşdığını deyirlər.
ABŞ-da ötən ilin ortalarından bəri maaşların məbləğlərinin orta statistik artımı 2 faizdisə, orta statistik amerikalı ailənin ərzaq, tibbi sığorta, icarə haqqı və s. ödənişlərinin məbləği 15 faiz çoxalıb.
Beləliklə, Birləşmiş Ştatlarda 2008-ci ildəki ağır resessiyanın yenidən başladığı, maliyyə bazarı ilə iqtisadiyyatdakı məşəqqətlərin təkrarlanacağı gözlənilir.
Rəqəmləri dəyişmək, statistikanı arzuolunan hala salmaq, hesabatları xoşagələn etmək mümkündür. Amma olmayanları gerçək, olanları da xəyal təki təqdim etməyin məntiqi sonu ifşadır.
Ağ Ev amerikalıların yaşamlarının çox yaxşı olduğunu iddia edir, amerikalılarsa həyat səviyyələrinin sürəkli aşağı düşdüyünü söyləyirlər.
Milyonlarla işsizi işlə təmin etmək istənilən halda qanadlı raketlər və bombalar vasitəsilə demokratiya yaymaqdan daha çətin məsələdir.
Orxan Hun
Milli.Az