Gerçək və yalan arasında seçim olundu

13 Aprel 2015 00:25

Aprelin 24-nə çox qalmayıb. Ermənistan rəhbərliyi və ümumiyyətlə, ermənilər çox narahatdırlar. Onlar təşvişdədirlər. Axı Rusiya prezidenti Vladimir Putinin qondarma "erməni soyqırımı" ilə bağlı Yerevanda keçiriləcək tədbirlərə qatılacağı barədə konkret heç bir açıqlama verilməyib.
 

Rusiya prezidentinin "yaxın günlərdə Ermənistana səfər edəcəyi" vurğulanır, amma vizitin formatı barədə heç nə deyilməyib.

Dünən Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov söyləyib: "Rusiya Türkiyədə aprelin 24-də keçiriləcək tədbirlərdə ən yüksək səviyyədə təmsil olunacaq".
 

Beləliklə, İkinci Dünya Müharibəsində qələbənin 70 illik yubileyi ərəfəsində dünyanın bir çox ölkələrində, habelə Rusiyada keçiriləcək təntənəli tədbirlər ərəfəsində Moskvanın Qərblə yanaşı, postsovet ölkələri ilə münasibətləri 1-ci Dünya Müharibəsi ilə bağlı iki tarixi günlə sınağa çəkilir.

Türkiyədə Çanaqqala Savaşının 100 illiyi münasibətilə keçiriləcək tədbirlər qondarma erməni soyqırımından 100 il keçməsilə bağlı Yerevanda təşkil ediləcək kütləvi vaysınmalara təsadüf edəcək.
 

Ermənistanın Cənubi Qafqaz bölgəsində Rusiyanın forpostu və faktiki olaraq müstəmləkəsi olduğunu, Türkiyənin isə Kreml üçün Avrasiyadakı ən önəmli tərəfdaşlardan birinə çevrildiyini nəzərə alsaq, Moskva Ankara-Yerevan seçimi arasında qalıb.
 

Rusiya prezidenti Vladimir Putin, təbii ki, aprelin 24-də, bir gündə Çanaqqala və Yerevandakı tədbirlərdə eyni vaxtda iştirak edə bilməz. İki alternativ yubiley - Çanaqqalanın şanlı gerçəyi ilə ermənilərin uydurma və yalanları.
 

Moskva qərarını verib.
 

Ermənistana prezident Vladimir Putin, Türkiyəyə isə Dövlət Dumasının spikeri Sergey Narışkin yollanacaq.

Yerevanda Ermənistan parlamentinin deputatları ilə görüş zamanı S.Narışkin demişdi: "Erməni xalqının soyqırımının yüzilliyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək Vladimir Putinin gözlənilən səfəri, çox yəqin ki, dövlətlərimiz arasındakı əlaqələrin inkişafına yeni təkan verəcək".

Ermənistanın XİN başçısı Edvard Nalbandyan bir həftə sonra Moskvada səfərdə olanda, həmkarı Sergey Lavrovla görüşəndə demişdi ki, qondarma soyqırımın ildönümünün qeyd olunacağı gün ermənilər Yerevanda Vladimir Putini səbirsizliklə gözləyəcəklər.
 

Mayın 9-da isə Ermənistan prezidenti Serj Sarkisyan 2-ci Dünya Müharibəsində qələbənin 70 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Moskvaya yollanacaq.

Ermənilər şadlanıb sakitləşmişdilər ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov onları yerindən oynadan, nigaran qoyan bəyanatla çıxış edib.

Dövlət başçısının Yerevana səfəri məsələsinin hələ də gündəmdə olduğunu vurğulayan D.Peskov "bununla bağlı müvafiq açıqlama ilə çıxış edəcəyik" deyərək ermənilərin təlaşını daha da artırıb.
 

100 il əvvəl Çanaqqala savaşı Qərb ölkələrinin Türkiyəyə qarşı yarım ildən çox apardıqları Dardanel əməliyyatının uğursuz sonluğu oldu. Taleyin ironiyasına bax ki, həmin savaşda Britaniya və Fransa məğlub olmuş, Türkiyə torpaqlarına çıxardıqları desantı geri çəkməyə, qoşunlarına "Qaçın!" əmrini verməyə məcbur olmuşdular.
 

Türk millətinin həmin zəfərindən bir əsr keçdiyi indiki dönəmdə Ermənistan 1915-ci ildə Osmanlı Türkiyəsindəki ermənilərin guya "soyqırım"a məruz qalması ilə bağlı iddiaları davam etdirir, böyük dövlətlərlə münasibətlərindən tutmuş, qonşu ölkələrlə əlaqələrinədək geniş müstəvidə geosiyasi "təsir vasitəsi" kimi yararlanmağa çalışır.
 

Ermənilər aprelin 24-də Yerevana Fransa prezidenti Fransua Olland və ABŞ-ın vitse-prezidenti Cozef Baydenin də gəlişini gözləyirlər.

Türkiyə isə qondarma "erməni soyqırımı" iddiaları ilə indiyədək seçdiyi "passiv müdafiə" taktikasından əl çəkərək aktiv diplomatik və siyasi "hücum"a keçib.

İndiyədək dövlət səviyyəsində, böyük tədbir günü qismində qeyd olunmamış Çanaqqala zəfərinin bu ay beynəlxalq rezonans doğuracaq olay kimi gündəmə gətirilməsi də Ankaranın erməni həyasızlığından usanaraq Yerevanla yanaşı, dünya erməniliyinin "erməni soyqırımı"nı qeyd etdikləri aprelin 24-də Qərbə uydurma yox, gerçəyi göstərmək niyyətindən xəbər verir.
 

Rusiyanın eyni vaxtda Çanaqqala və Yerevanda təmsil olunması ilə bağlı Moskva, gerçəkdən də, asan olmayan seçim qarşısındadır.

Vladimir Putin anlayır ki, onun Yerevandakı tədbirlərə qatılması istənilən halda Türkiyə ilə münasibətlərə kölgə salacaq.
 

Moskvadakı Karnegi Mərkəzinin eksperti Aleksey Malaşenko "Kommersant"a verdiyi açıqlamasında deyib: "Moskva ağır vəziyyətə düşüb. Çətin situasiyadır. Prezident Vladimir Putinin Çanaqqala və Yerevandakı tədbirlərdə ümumiyyətlə iştirak etməməsi həmin tədbirlərə qatılmasından daha üstün variant olardı. Moskvanın Türkiyə və Ermənistandakı tədbirlərə prezident komandasından kimisə yollaması, dövlət başçısının getməməsi daha optimal olardı".

Politoloq Boris Tumanov hesab edir ki, Vladimir Putinin Yerevana getməməsi Rusiya və Ermənistan arasındakı əlaqələrin intensivliyini azalda bilər: "Dağlıq Qarabağ münaqişəsi bölgəsində situasiya həddən artıq gərgindir. Belə vəziyyətdə Putinin ermənilərin dəvətini yerə salaraq Ermənistana yollanmamasını Yerevan özünəməxsus şəkildə dəyərləndirərək Moskvanın Yerevana verdiyi dəstəyi zəiflətməsi saya bilər".
 

Rusiya xarici işlər nazirinin sabiq müavini, Moskvadakı Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Andrey Fyodorov deyib ki, indiki vəziyyətdə Rusiyanın balanslaşdırılmış qərarlar verməsi asan deyil.
 

"Bir tərəfdən, Ermənistanla ənənəvi sıx əlaqələr, Yerevanın bu yaxınlarda Avrasiya İqtisadi Birliyinə üzv olması Moskvanı ermənilər qarşısında müəyyən öhdəliklər qarşısında qoyub. Digər tərəfdən, Türkiyə ilə münasibətlər Rusiya üçün indi həddən artıq vacibdir. Qərbin yürütdüyü sanksiyaları və xüsusilə də Rusiyanın təbii qazının Avropa Birliyinə çıxarılmasına yönəlmiş "Türk axını" boru kəməri layihəsini nəzərə alsaq, Moskvaya heç bir halda, heç bir şərtlə Ankara ilə təmasların passivləşməsi sərfedici məsələ deyil. Vladimir Putin üçün Ermənistana səfər zamanı "soyqırımı" məsələsini qabartmamaq optimal variantdır", - A.Fyodorov söyləyib.
 

Rus ekspertlər nikbindirlər və Moskvanın üzləşdiyi problemi minimallaşdırmağa çalışırlar. Lakin Vladimir Putinin Ermənistana səfəri əsnasında onun qondarma "erməni soyqırımı" məsələsini qabartması, gerçəkdən də, Moskva və Ankaranın münasibətlərini sərinləşdirə bilər. Təmaslar korlanmayacaq: siyasət ani hisslərdən asılı olmur, Ankara da Rusiya ilə Ermənistan arasındakı əlaqələrin mövcud durumunu anlamaqla yanaşı, tarixinə də bələddir və bilir ki, Vladimir Putin Yerevanı bundan sonra da nəzarətdə saxlamaq istəyirsə, mütləq Ermənistana getməlidir.
 

Gümrüdə Rusiyanın 102-ci hərbi bazasında rus hərbçinin erməni ailəyə divan tutması və tutulmasının Ermənistanı çalxalamasından, on minlərlə insanın küçələrə çıxaraq "Rusiya bizi müstəmləkə sayır" bağırmalarından çox ötməyib.

İndi də Moskvanın qondarma saysa da, üstünü vurmadığı "soyqırım" məsələsində Ermənistana birbaşa arxa çevirməsi Cənubi Qafqazdakı yeganə forpostun itirilməsi ilə sonuclanacaq hadisələrin başlanğıcı ola bilər.
 

Bu səbəbdən Ankara anlamlı davranır.

Rusiya prezidentinin də Ermənistana səfəri elə təşkil ediləcək ki, bu vizit Türkiyənin qondarma "erməni soyqırımı"nda suçlanması yox, Moskvanın Yerevana olan haqq və hüquqlarının bir daha nümayişi təsiri bağışlayacaq.
 

Rusiya göstərəcək ki, iki əsrdən bəri "erməni" torpaqlarındadır, bu ərazilərin "qorunması" üçün yüzlərlə rus əsgəri həlak olub və ona görə də Rusiya Ermənistandan vaz keçməyəcək, bu ölkəni kimsəyə verməyəcək.

O cümlədən ermənilərin özlərinə də.
 

Orxan Hun

Milli.Az