"Qızlarla tanış olum, bəyənənlərimin sayı çox olsun deyə sosial şəbəkələrdən..." - FOTO

16 Sentyabr 2014 16:12

Elnur Kərimov: "Kollektivimizdə sağlam rəqabət var"

"Gənclik qəzeti"nin bugünkü qonağı gənc, tanınmış aktyor Elnur Kərimovdur. Elnur Kərimov uzun müddətdir ki, Gənc Tamaşaçılar Teatrını əksər tamaşalarında baş rolların qəhrəmanıdır. Bundan başqa televiziya aləmində "Azərlotoreya" verilişinin aparıcısı olaraq da tanınır. Serial aləmində isə "Qaynana", "Bir ailəm var" kimi seriallarında maraqlı obrazlar yaradıb. Bu gün isə qəzetimizin qonaq qismində çıxış edir.

- Artıq yeni mövsüm başlayıb. Bu mövsüm tamaşaçılar Elnur Kərimovu hansı ampluada görə biləcək?

- Teatrda məşqlərimiz başlayıb. Yeni tamaşaların adları tam dəqiqləşməyib. Ötən mövsümdə premyerası olan İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" əsərini Sentyabrın 20-də, axşam saat 19:00-da nümayiş etməklə mövsümü açıq elan edəcəyik.

- "Bir ailəm var" serialında yaratdığınız Samir obrazı öldürüldü. Bu da o deməkdir ki, siz serialı tərk edirsiniz. Bəs bu mövsümdə sizi hansısa bir serialda görə biləcəyikmi?

- Xəzər Televiziyasında dəvət aldığım seriallar mənim yaradıcılığıma böyük təsiri olub. "Qaynana" serialında Sənubər İsgəndərli, Vəfa Zeynalova və bir çox sənətkarlarla bir arada çəkildim. Ondan sonra yeni bir layihədə - "Bir ailəm var" serialında iştirak etdim. Burada Həmidə Ömərova, Elşən Rüstəmovla bir serialı paylaşdım. Samirin ölüb və ya sağ qalmağından tam olaraq xəbərsizəm. Başqa seriallara hələ ki, getmirəm. Çünki Xəzər Televiziyası ilə müqaviləm var. Serialda hər bir şey ola bilər. Mən qayıda da bilərəm, qayıtmaya da. Bunu növbəti seriallarda biləcəyik. İstərdim ki, tamaşaçıların diqqəti serialda olsun. Samir orada olmasa da onunla bağlı bir çox faktlar açılacaq. Samir öldüsə, yəqin onun anası Sona xanım bu işi belə qoymayacaq.

- Bəs sizi bir aparıcı kimi yeni mövsümdə hansı ampulada görə biləcəyik?

- 8 ildir ki, "Azərlotoreya"da işləyirəm. Qorxmaz Əlilidən sonra "Azərlotoreya"nın tanınmış siması olaraq tanındım. Ötən ay lotereyanın rəhbəri ilə belə məsləhətə gəldik ki, mən bir aylıq fasiləyə çıxım. Hələ ki, lotereya verilişini mən aparmayacam. Çünki oraya yeni aparıcılar gəlib. Başqa verilişlərlə bağlı heç bir təklif almamışam və bundan əlavə, heç bir kanala da müraciət etməmişəm. Allahın köməkliyi ilə işimi teatr və seriallarla davam etdirəcəm.

- Sizin üçün hansı daha asandır, aparıcılıq, yoxsa aktyorluq?

- Aktyorluq sənəti sintetik sənətdir. Aktyorluq bir çox sahələri özündə birləşdirən sənətdir. Aktyor musiqini də, rəssamlığı da, aparıcılığı da bilməlidir. Hər şeyin kökündə aktyor sənəti dayanır. Hər bir sahədə çətinlik çəkəndə aktyor sənətindən yığdıqların sənə kömək edir. Aktyorluq sənəti çox çətindir.

- Sosial şəbəkələrdə çox aktivsiniz. Bu aktivlik sizin işinizə maneçilik törətmirmi?

- Sosial şəbəkələrdən tam fərqli cəhətdən istifadə edirəm. Qızlarla tanış olum, bəyənənlərimin sayı çox olsun deyə sosial şəbəkələrdən istifadə etmirəm. Facebook səhifəmdəki köməkçim həyat yoldaşımdır. Mənə hər hansı bir mesaj ünvanlananda, sual veriləndə çəkiliş qabağı sualla müraciət ediləndə mənə evdən dərhal xəbər gəlir. Mən özüm daxil olanda yeni tamaşalarımız, yeni layihələrimiz, kiminsə ad günü, bədbəxt bir hadisə baş verəndə bu məlumatları izləyicilərimlə bölüşürəm. İnstagram səhifələrimə baxsanız orada tamaşalarımız, qastrollarımızdan qısaca məlumat yerləşdirmişəm. Bəzən tamaşalarımızın repertuarını sosial şəbəkədə paylaşıram. Bu kimi vərdişlərim mənim işimə heç də mane olmur. Əksinə, bu işimizə də kömək olur. Çox istərdim ki, hər kəs belə işlərdə aktiv olsun. Yəni kiminsə dalınca danışmaq, özünü reklam etmək kimi bir xasiyyətim yoxdur. Gecə saat 3-ə qədər facebookda oturub mətbuatı izləyirəm. Mədəniyyət aləmində, eləcə də cəmiyyətdə baş verən ən son xəbərlərdən agah oluram.

- Mətbuatı ən çox izləyən sənət adamı olaraq sizi mətbuatda nə qane etmir?

- Xəbərləri oxuyarkən çox zaman jurnalistlərin peşəkarlığından şübhə etməyə başlayıram. Bəzən məlumatın başlığı ilə onun məğzi eynilik təşkil etmir. Bilirəm, onlar da həmin o başlıqlara görə qonorar alırlar. Ancaq qonorar aldıqlarına görə çalışsınlar ki, insanlarda mətbuata qarşı nifrət hissi yaranmasın. Elə saytlar var ki, teatrla bağlı maraqlı məlumatlar hazırlayırlar. Teatrın mədəniyyəti, tarixi, nəzəriyyəsi ilə bağlı diqqətçəkən yazılar olur. Ötən həftə bir başlıq oxudum. Əsəbimi cilovlaya bilmədim. Başlığın adı belə idi "Murad Dadaşov bıçaqlanıb". Ancaq içini oxuyanda gördüm ki, hansısa rayonda bir vətəndaşın adıdır. Oxuyandan sonra əsəb keçirdim. Jurnalistlər çox zaman xəbərlərin başlıqlarına önəm vermirlər. Məlumat xatirinə yazı yazılmamalıdır. Azər Mirzəyev rəhmətə gedəndə bütün kanallara və saytlara məlumatı mən verdim. Hər kəs məni istinad etmişdi. Çünki məlumatın doğru olub-olmaması təhlükəsi də vardı. Çox zaman mən özüm də mətbuata yeni məlumatlar verirəm. Teatrda baş verən ən son yenilikləri mətbuatda çalışıram dostlarımla bölüşürəm.

- Teatrda aparıcı aktyorlardan birisiniz. Demək olar ki, əksər tamaşaların baş rolları sizə həvalə olunur. Həmkarlarım tərəfindən qısqanclıqlara məruz qalmırsınızmı?

- Bizim teatrın təməlində elə bir şey dayanmır. Bizim teatrda azad seçim var. Direktorumuz da bizi tam dəstəkləyir. Baş rol istəyən aktyor yazılı müraciət edir, müraciətdən sonra məşqdə iştirak edərək o obrazı canlandırmaq şansı əldə edirlər. Teatra gələn yeni, gənc aktyorlarla da hər gün münasibətdə olur, onlara bildiklərimi öyrədirəm. Onlar da məni bir qardaş kimi dinləyirlər. Teatrda sevgisi olan insanlar davamlı olaraq qalır. Tanınmaq üçün teatra gələn insanlar müəyyən müddətdən sonra teatrı tərk edirlər. Elə aktyorlar var ki, seriallarda baş rollara çəkiləndən sonra teatra dırnaq arası baxırlar, teatrı unudurlar. Ancaq unutmaq olmaz ki, onları teatrdakı fəaliyyətinə görə seriallara dəvət edirlər. Bizdə qısqanclıq yoxdur. Gənclər bir-birinə əlindən gələn köməkliyi göstərirlər. Kollektivimizin arasında sağlam rəqabət mövcuddur. Bu gün teatrda gənc nəsil aktyorlarımız yetişir. Onlara məsləhətimiz odur ki, teatra məşhur olmaq, yaxud da pul qazanmaq üçün gəlməsinlər. Teatrda məvacibin az, işin çox olmasını bəhanə gətirməsinlər. Mən teatrı sevirəm və onun verdiyi 10 qəpik belə məni qane edir. Mən teatra pula görə getmirəm. Sevib işlədiyim sənətimə görə gedirəm. Deyəcəklər ki, yəqin Elnur milyonlar qazanır. Əslində bu belə deyil. Bu mövsüm mən nə serialda, nə də aparıcılıqda da yoxam. Ancaq oturub teatrın maaşı ilə dolanacam. Buna da şükür edirəm. Çünki sevdiyim işlə məşğulam. Nə qədər ki, işinə ciddi yanaşırsan, o zaman sənin üçün hər zaman yaşıl işıq olacaq. 14 ildir teatrda çalışıram. Mən teatra gələndə serial və veriliş yox idi. Teatra ilk dəfə gələndə söylədilər ki, tamaşalar oynayacaqsan, maaşım da çox az olacaq. Kurs rəhbərim Dilşad Baxşıyeva daxilimdə elə bir sevgi yaratdı ki, ondan sonra teatrı çox sevdim və bu gün də teatra olan sevgimlə yaşayıram. Mən teatrı hər zaman hər şeydən üstün bilmişəm.

- Qeyd etdiniz ki, aktyorlar seriala gedəndən sonra teatra dırnaqarası baxırlar. Axı serial aktyorun tanınması üçün birbaşa təsir göstərir.

- Teatrda bizim öz tamaşaçılarımız var. Mən deyərdim ki, seriala çəkilməmişdən öncə də mənim teatrda öz tamaşaçılarım olub. Onlar mənim iştirak etdiyim tamaşalara çox tez-tez gəlirlər. Düzdür, serial aktyorun tanınması üçün çox kömək olur. Bu, bizi sevindirir. Teatra axın az olduğu üçün aktyorlar daha çox seriallarda məşhurlaşırlar. Əgər serialda aktyor kimi fəaliyyət göstərirsənsə, teatrın sənə verdiyi əziyyətin bəhrəsini qazanırsan. Teatr aktyor üçün böyük bir baza yaradır. Serialda aylarla məşq etmirlər. Mən aparıcılıq edəndə belə aktyorluqdan bəhrələnirəm. Bizim xüsusi uşaq tamaşalarımız var ki, onlarla uşaqların zövqünü oxşamağa çalışırıq. Gələcək nəsil üçün insanların qəlbində teatra məhəbbət yaratmaq lazımdır. Uşaqları teatra valideyn gətirir. Valideyn əgər tamaşanı bəyənmirsə, məcbur edir ki, o da bəyənməsin. Böyük insanlarla, yetişkin insanlarla kiçik uşaqların psixologiyası eyni deyil. Tamaşada təpəgözün divan olduğunu görən valideyn söyləyir ki, indiki zəmanə div yoxdur və uşaqları tamaşadan uzaqlaşdırır. Mən deyərdim ki, ilk növbədə valideynin tamaşaya məhəbbəti olmalıdır ki, onu uşağa sevdirsin.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.