Yaxşı insanların etdikləri pisliklər

16 Sentyabr 2014 19:50

Milli.Az literaz.com-a istinadən 20-ci əsrin ən böyük fikir adamlarından biri, görkəmli mütəfəkkir Bertran Rasselin maraqlı esselərini oxuculara təqdim edir.

"Skeptik esselər" 

1.

Yüz il əvvəl hamının çox pis insan kimi tanıdığı Ceremi Bentam adlı bir filosof yaşayıb. Uşaq olanda onun adını ilk dəfə eşitdiyim anı heç vaxt unutmamışam. Bu, Bentamın insanların ölmüş nənələrindən şorba bişirmələri lazım olduğunu iddia etdiyi barədə müqəddəs ata Sidney Smitin sözlərini eşitdiyim an idi. Belə bir şey, mənə aşpazlıq yönündən olduğu kimi, əxlaq baxımından da dadsız görünmüşdü. Buna görə Bentam haqqında pis fikirdə idim. Bu sözlərin, hörmətli insanların xeyirxahlıq uğrunda deməyə vərdiş etdikləri məsuliyyətsiz yalanlardan biri olduğunu sonralar başa düşdüm. Bundan başqa, Bentama qarşı həqiqi ittihamın nə olduğunu da anladım. Təqribən belə bir şey idi:

O, "yaxşı" insanı yaxşılıq edən insanla eyniləşdirmişdi. Ağlı başında olan bir oxucunun dərhal başa düşəcəyi kimi, bu eyniləşdirmə həqiqi əxlaq prinsiplərini alt-üst edən fikir idi. "Yaxşılıq ondan faydalanan insana duyulan sevgidən qaynaqlanırsa, deməli xeyirxahlıq naminə edilməyib, yox əgər əxlaq prinsiplərindən qaynaqlanırsa, deməli xeyirxahlıq naminə edilib" deyən Kantın düşüncəsi daha alidir. Eyni qaydalar, təbii ki, əks istiqamətdə, qəddar davranışlara da yol aça bilər. Xeyirxah olmağın mükafatının xeyirxahlığın özü olduğunu bilirik. Bundan yəqin o nəticə çıxır ki, ona dözmək də onun cəzasını meydana gətirir. Bu səbəbdən Kant, Bentamdan daha ali bir moralistdir və xeyirxahlığı xeyirxahlıq olduğu üçün sevdiyini söyləyən hamı onun tərəfini saxlayır.

Bentamın öz "yaxşı insan" tərifinə uyğun yaşadığı həqiqətdir: o, çox yaxşılıqlar edib. On doqquzuncu əsrin ortaları, qırx il boyunca İngiltərədə maddi, fikri və əxlaqi baxımdan inanılmaz dərəcədə irəliləyiş müşahidə olunduğu illərdir. Bu dövrün əvvəllərində, daha öncə aristokratları təmsil edən Parlamenti, orta sinifi təmsil edən vəziyyətə gətirən "İslahat Qanunu" çıxmışdır.

Qanun, İngiltərədə demokratiyaya doğru atılan addımların ən çətini olmuşdur. Ardınca da Yamaykada quldarlığın ləğv olunması kimi başqa əhəmiyyətli islahatlar aparılmışdır. Bu dövrün əvvəlində adi oğurluğun cəzası asılaraq edam olunmaq idi. Çox keçmədən ölüm cəzası yalnız insan öldürmə və vətənə xəyanət cinayətlərinə tətbiq olundu. Qida qiymətlərini qorxunc səfalətə gətirib çıxaracaq ölçüdə artıran "Əkinçilik Qanunları" 1846-cı ildə qüvvədən düşdü. 1870-ci ildə icbari təhsil qanunu qüvvəyə mindi. Bu gün Viktoriya dövrünü pisləmək dəbdədir; amma mən arzu eləyirəm ki, bizim dövrümüzdə onlarının dövründə edilənlərin yarısı qədər yaxşı işlər görülsün. Ancaq indiki mövzumuz bunlar deyil. Toxunmaq istədiyim məqam budur: o illərdəki inkişafın böyük bir hissəsinin Bentamın təsiri sayəsində reallaşdığı qəbul olunmalıdır. Keçən əsrin ikinci yarısında İngiltərədə yaşayan insanların ondan doqquzunun, Bentam olmasaydı, yaşaya biləcəklərindən daha xoşbəxt yaşadıqlarına şübhə yoxdur. Onun fəlsəfəsi elə sadə idi ki, sanki ona etdiklərinin səbəbi kimi baxırdı. Bizlər, indiki daha maariflənmiş dövrümüzdə, onun fikirlərinin əbəs olduğunu görə bilərik. Ancaq, Bentamın çox da xeyirxah sayılmayan praqmatizm prinsipini rədd etmə səbəblərinə nəzər salmaq bizi ürəkləndirə bilər. 

2.

Hamımız "yaxşı" insan dedikdə nə başa düşdüyümüzü bilirik. İdeal yaxşı insan içki içmir, siqaret çəkmir, söyüş söymür, təkcə kişilərin olduğu yığıncaqda belə sanki qadınlar var kimi danışır, kilsəyə vaxtı-vaxtında gedir, istənilən mövzu barədə özünəməxusus fikirləri olur. Haqsızlığa nifrət edir, günahkarı cəzalandırmağın bizim ağrılı vəzifəmiz olduğunu qəbul edir. O, yanlış düşünməyə daha çox nifrət edir və fikirləşir ki, gəncləri, əsasən, orta yaşlı, uğur qazanmış həmvətənlərinin mənimsədiyi yanaşmaların doğru olub-olmadığını öyrənməyə çalışan şəxslərdən qorumaq dövlətin vəzifəsidir.

Ürəklə peşə fəaliyyətini həyata keçirməklə yanaşı, xeyirxah işlərə də vaxt ayırır: vətənpərvərliyi və hərbi təlimi təşviq edir, işçilərin və onların uşaqlarının çalışqan, soyuqqanlı və xeyirxah olmaqlarını dəstəkləyir və onların bu mövzulardakı uğursuzluqlarının cəzalandırılmasını alqışlayır, mümkündür ki hər hansı bir universitetin idarə heyətinin üzvüdür və zərərli fikirləri olan professorlara vəzifə verməyərək təhsilə istiqamətlənəcək hörmətsizliyin qarşısını alır. Sübhəsiz, onun hər şeydən daha çox, dar mənada "şəxsi əxlaqı" mükəmməldir.

Bu mənada "yaxşı" insanın, ümumiyyətlə, "pis" bir insandan daha çox yaxşılıq etdiyinə şübhə etmək olar. "Pis" insan dedikdə, yuxarıda bəhs etdiyimiz insanın əksi olan şəxsi nəzərdə tuturam. "Pis" insan siqaret çəkir, arada bir içki də içir; hətta yüngülvari narahat ediləndə ağzından nalayiq ifadələr də çıxara bilər. Onun söhbətləri elədir ki, onlardan həmişə hər yerdə danışmaq olmaz; bəzən hava yaxşı olanda bazar günləri kilsəyə getmək əvəzinə təbiət qoynunda gəzişir. Zərərli fikirlərə də sahibdir. Məsələn, sülh istəyirsinizsə, müharibəyə yox, sülhə hazırlaşmağın lazım olduğunu düşünə bilər. İnsanların etdiyi yanlışlara münasibəti, maşını qəzaya uğrayanda olduğu kimi, elmidir. Moizə və həbs cəzası partlamış avtomobil şininin təmirinə necə köməklik edirsə, pis vərdişləri düzəltməyə də o cür köməklik edir. Yanlış düşüncə barəsində daha da tərsdir. Onun fikrincə "yanlış düşünmə" sadəcə düşünmək, "doğru düşünmə" də sözləri tutuquşu kimi təkrarlamaqdır. Bu vəziyyət, onun hər cür qəribə fikirləri olan şəxslərə yaxınlıq duymasına gətirib çıxarır.

İş saatları istisna olmaqla, onlar yalnız xoşu gələn şeylərlə məşğul olmur, və ya daha pisi, iqtidar sahiblərinin rahatlığına toxunmayan bəzi qarşısı alına bilən pisliklər barədə narahatlıq yaradıb aranı qarışdırırlar. Və hətta ola bilər ki, "şəxsi əxlaq" barədə bəzi qüsurlarını, həqiqətən xeyirxah olan şəxslər kimi ehtiyatla gizlətməz; özünü, dürüst olmağın yaxşı bir nümunə olmaqdan daha yaxşı olduğu kimi səhv bir düşüncə ilə müdafiə edir. Sıravi və hörmətli bir vətəndaşın, haqqında danışdığımız bu xüsusiyyətlərin bir və ya bir neçəsinə sahib bir insan haqqındakı qənaəti mənfidir; bu səbəbdən hakim, müəllim və ya qubernator kimi geniş səlahiyyətli vəzifələr tutmalarına icazə verilmir. Bu cür işlərdə çalışmaq ancaq "yaxşı" insanların üzünə açıqdır.

Bütün bu vəziyyət son zamanlara xasdır. Kromvelin vaxtında, Puritanların az davam edən hakimiyyəti dövründə vəziyyət belə idi və onlar tərəfindən Amerikaya aşılanmamışdı. İngiltərədə yenə ortaya çıxması onunla əlaqədar idi ki, Fransız İnqilabından sonra Yakobinizmə - yəni indilərdə Bolşevizm adlandıra biləcəyimiz məvhuma - qarşı mübarizədə faydalı ola bilərdi. Vordsvortun həyatı bu dəyişikliyə misal çəkilə bilər.

Cavanlığında Fransız İnqilabına meyilli olmuş, Fransaya getmiş, gözəl şerlər yazmış və evlilikdən kənar bir qızı olmuşdu. Bu dövrdə o, "pis" insan idi. Sonradan "yaxşı" oldu; qızını başlı-başına buraxıb getdi, doğru prinsiplərə yiyələndi və pis şerlər yazdı. Kolricin həyatında da bunabənzər bir dəyişiklik oldu: "pis" olduğu dövrdə "Kubilay xan"-ı, "yaxşı" olduğu dövrdə isə teoloji yazılar yazdı.

Yaxşı şerlər yazdığı vaxtlar "yaxşı" olan bir şair nümunəsi tapmaq çətindir. Dante zərərli fikirləri təbliğ etdiyi üçün ölkədən xaric edilmişdi. Sonetlərinə baxaraq hökm verilsə, amerikan immiqrant bürosunun səlahiyyətli nümayəndələrinə görə Şekspirin Nyu Yorka ayağını basmasına icazə verilə bilməzdi. "Yaxşı" insanın təbiətində hökumətə meyililik olmalıdır. Buna görə Kromvelin hökmranlığı dövründə Milton yaxşı, ondan əvvəl və sonrakı dövrlərdə isə pis insan sayılırdı, ancaq əslində şerlərin çoxunu bolşevik olmaqda təqsirləndirilərək edam edilməkdən tasadüf nəticəsində xilas olduqdan sonra yazmışdır. Don, müqəddəs Paul kilsəsinin ruhani başçısı olduqdan sonra xeyirxah oldu, ancaq bütün şerlərini bundan əvvəl yazılmışdı və buna görə, təyinatı skandala səbəb olmuşdu. Suinbörn cavanlığında, azadlıq üçün döyüşənləri tərifləyən "Şəfəqdən əvvəlki mahnılar"ı ("Songs Before Sunrise") yazdığı dövrdə "pis" insan idi. Qocalığında, şiddətli təcavüzlərə qarşı azadlıqlarını müdafiə etdikləri üçün Boerlərə qarşı olduqca təhqiramiz yazılar yazdığı vaxt isə xeyirxah bir insan idi. Nümunələri artırmağa ehtiyac yoxdur; indiki vaxtda etibarlı olan xeyirxahlıq ölçülərinin yaxşı şer yazmaqla uyğun gəlmədiyinə işarə edən kifayət qədər söz var.

Eyni şey başqa sahələrdə də keçərlidir. Hamımız bilirik ki, Qalileo və Darvin pis şəxslər idi. Ölümündən yüz il sonraya qədər Spinozanın çoxlu günahların sahibi olduğu düşünülürdü. Dekart təqiblərin qorxusundan xaricə qaçmışdı. Ucdantutma bütün renessans rəssamları pis insanlar idi. Daha yüngül mövzulara gəlincə, qarşısı alına bilən ölümlərə qarşı çıxanlar mütləq pis şəxslər sayılırdı. Mən Londonun bir hissəsi çox varlı, bir hissəsi də çox kasıb olan bölgəsində yaşamışam. Burada körpə ölümü nisbətləri anormal dərəcədə yüksəkdir və varlılar rüşvət və ya qorxutma yoluyla yerli idarəetməni əllərində saxlayırlar. Varlılar güclərini əhaliyə və uşaqlara ayrılan səhiyyə büdcəsini azaltmağa və az maaşla part-taym işləyəcək tibb bacıları işə götürməyə nail olmaq üçün istifadə edirlər.

Varlıların süfrəsinin zənginliyini kasıbın uşaqlarının həyatından daha vacib hesab etməyən heç kim o bölgədəki önəmli şəxslərin hörmətini qazana bilməz.

Dünyanın hər yerində eyni qaydalar keçərlidir. Bunlardan nəticə çıxararaq, bir insanı "yaxşı" bir insan edən xüsusiyyətləri ümumiləşdirə bilərik: Yaxşı insanlar o şəxslərdir ki, onların düşüncələri və davranışları iqtidar sahiblərinə xoş gəlir.
 

Milli.Az