Azərbaycan Ordusu üçün istiliyi qeydə alan nişangahlar istehsal ediləcək
16 Sentyabr 2014 14:00
"Azərbaycanda insan bədəninin istilik enerjisini qeydə alan teplovizion nişangahların istehsalı təşkil ediləcək. Artıq bir neçə dövlət qurumu belə nişangahları sifariş də verib".
Bunu Trend-ə açıqlamasında Müdafiə Sənayesi Nazirliyinin (MSN) Optika-Mexanika İstehsalat Birliyinin "Alov" zavodunun baş direktoru Kamal Əsgərov deyib.
Onun sözlərinə görə, bu iş Türkiyənin ASELSAN şirkəti ilə birgə həyata keçiriləcək: "Azərbaycanda insan bədəninin istilik enerjisini qeydə alan teplovizion nişangahların istehsalının yaradılması qısa zamanda başa çatdırılacaq. Teplovizion nişangahlardan həm uzaq məsafəli hədəfləri vuran silahlarda, snayperlərdə, həm də yaxın məsafəli hədəfləri vuran silahlarda istifadə edilməsi nəzərdə tutulub".
Zavodun baş direktoru bildirib ki, bu nişangahlar insan bədəninin istilik enerjisini 10 mikron spektrədək qeydə ala bilir: "Teplovizion nişangahlar 8-12 mikron spektr aralığında işlədiyinə görə istənilən canlı orqanizmin istiliyini qeyd edir və bununla da həmin canlının cizgilərini görməklə - istər meşə şəraiti, istərsə də qapalı yerlədə olsun - onun yerləşdiyi yeri dəqiq öyrənmək olur. Bu, bizim ordumuz üçün çox mühüm idi. Biz onu da yaxın zamanlarda istehsal edib orduda silahlanmaya verəcəyik. Artıq bununla bağlı sifarişlər var. Bizim yaratdığımız hər bir nişangahın sifarişçisi ilk növbədə, Müdafiə Nazirliyi, eyni zamanda, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Milli Təhlükəsizlik Nazirliyi və s. dövlət qurumlarıdır. Biz öz istehsal proqramımızı bu sifarişlər əsasında qururuq".
K.Əsgərov, həmçinin qeyd edib ki, Türkiyənin ASELSAN şirkəti ilə perspektivdə 4 və 6 qat böyüməyə malik optik gecəgörmə nişangahlarının da Azərbaycanda istehsal edilməsi üzərində işlər gedir.
Qeyd edək ki, ADEX-2014 sərgisi çərçivəsində MSN-in Optika-Mexanika İstehsalat Birliyinin "Alov" zavodu ilə Türkiyənin ASELSAN şirkəti arasında yeni məhsulların Azərbaycanda istehsalı və birgə müəssisənin yaradılmasına dair niyyət protokolları imzalanıb. Protokola əsasən "Alov" zavodu və ASELSAN-ın iştirakı ilə Bakıda birgə müəssisənin təsis olunması nəzərdə tutulur.
Milli.Az