Kompüter təki yaddaş kartı buraxıldı

15 Sentyabr 2014 19:39
512 QB tutumunda SD formatlı SanDisk yaddaş kartı daxilində JPEG formatında 200 min fotoşəklin yerləşdirilməsinə imkan verir və 4K formatlı videonun çəkilməsi üçün optimallaşdırılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, SanDisk korporasiyası rekord tutuma (512 QB) malik SD formatlı yaddaş kartını buraxıb.

Sözügedən yaddaş kartı 4K (3840x2160p) formatı ilə işləyən peşəkar fotoqraf və videooperatorlar üçün nəzərdə tutulub. Kartın yaddaşında JPEG formatında 8 meqapiksel təsvir ölçülü təxminən 200 min şəkil və ya RAW formatında eyni təsvir ölçüsünə malik təxminən 20 min şəkil saxlamaq olar.

SanDisk Extreme PRO SDXC UHS-I yaddaş kartında məlumatların karta yazılması sürəti 90 MB/s və ötürülmə sürəti 95 MB/s təşkil edir. Yaddaş kartı yüksək və aşağı temperatur (-25°C-dən 85°C-dək), nəmlilik, mexaniki təsir və rentgen şüalarının təsirinə qarşı davamiyyət baxımından sınaqdan keçirilib.

Şirkətdən bildirilib ki, yaddaş kartlarının tutumu 11 ildə 1000 dəfə artırılıb. 2003-cü ildə şirkət 512 MB tutumunda yaddaş kartını buraxıb.

512 QB-lıq yaddaş kartının qiyməti 800 dollardır.

Milli.Az