"Səməndər Rzayev çəkilişi saxlayıb, rejissordan əsl şampan tələb etdi" - FOTO
15 Sentyabr 2014 11:20
"Səməndər başladı qışqırmağa: "Ə, bu nədir, ay Rasim? Biz o qədər acizik ki, şampan şərabı da içə bilməyək?""
Modern.az saytının "Kadrarxası" layihəsi bu həftə "Ad günü" filmi haqda bəhs edəcək.
Operator Kənan Məmmədovla birgə filmin maraqlı məqamlarından söhbət açırıq.
Arayış: 1946-cı ilin oktyabrın 9-da Bakıda doğulan Kənan Məmmədov Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib, "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərdə quruluşçu operator kimi fəaliyyətə başlayıb. Əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatıdır. 1996-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyət göstərib, 2010-cu ildə Avropa Kino Akademiyasının üzvü seçilib. Hazırda C.Cabbarlı adına Kinostudiyanın baş operatorudur.
"Ad günü" filminin çəkilişlərinə 1976-cı ildə başlanılıb. İstehsal müddəti təxminən 2-3 aya qədər davam edən ekran əsəri 1977-ci ildə tamaşaçılara təqdim olunub.
" hekayələri əsasında Moskva Mərkəzi Televiziyasının sifarişi ilə çəkilib. Ekran əsəri əsasən insani münasibətlərin hər şeydən üstün olduğunu göstərməyə xidmət edir. İki insan arasında dostluq münasibətlərinin yüksək səviyyədə əks olunduğu film tamaşaçıların da rəğbətini qazanıb. Uzun illər əvvəl çəkilməsinə baxmayaraq filmdəki mövzu, hadisələr öz aktuallığını hələ də itirməyib. Çünki, əslində oradakı obrazların hər biri bizik...
Filmin quruluşçu rejissoru Rasim Ocaqov, quruluşçu operatoru Zaur Məhərrəmov, quruluşçu rəssam Kamil Nəcəfzadə, operator Kənan Məmmədov, bəstəkar Emin Sabitoğlu, direktor Qəhrəman Hümbətov olub.
Baş rollarda Hacı İsmayılov, Şəfiqə Məmmədova, David Uplisaşvili, Şüküfə Yusupova, Sədayə Mustafayeva, Fuad Poladov, Yaşar Nuri, Səməndər Rzayev, Hüseynağa Sadıqov və başqaları çəkilib.
"Ad günü" filminə 1979-cu ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalında I mükafat, 1980-ci ildə Berlində ADR televiziyasının diplomu, 1980-ci ildə Azərbaycan dövlət mükafatı verilib.
Rasim Ocaqov əfsanəsi
Kənan Məmmədov: " Rasim Ocaqov rejissor kimi əvvəl "Qatır Məmməd", "Tütək səsi", daha sonra isə "Ad günü "filmini çəkdi. Bundan əvvəl o, operator kimi fəaliyyətdə idi. Bu film Moskva Mərkəzi Televiziyası tərəfindən ekranlaşdırıldı. Müəyyən filmlər vardı ki, onu böyük ekran üçün çəkirdilər. O vaxt televiziya filmlərini kinostudiyada çəkirdilər. İndi serialları kanallar çəkdiyi kimi...
Ssenari təsdiq olunandan sonra hazırlıqlar başladı. Filmin rejissoru bildiyiniz kimi işinin ustadı, rejissorluq sənətində əfsanə olan Rasim Ocaqov olub. Quruluşçu operatoru Zaur Məhərrəmov hazırda Türkiyədə yaşayır, quruluşçu rəssam Kamil Nəcəfzadə başdan-başa istedad idi. Mən filmə dəvət alanda Moskvada universiteti bitirib Cəfər Cabbarlı adına kinostudiyada yenicə çalışmağa başlamışdım. Bu filmdə ikinci operator kimi fəaliyyət göstərirdim. Baş operatorla birlikdə studiyada olan bütün sexlərin, laboratoriyaların, avadanlıqların texniki vəziyyətinə mən cavabdeh idim. Çəkilişlər başlayandan ta sona qədər mən də yaradıcı heyətlə birlikdə işin içində idim".
Çəkilişləri 1976-cı ilin sentyabr ayının sonları başlayan film qısa zamanda hazır olub: "Sentyabrda çəkilişlərə başladıq, təxminən 2-3 aya tamamladıq. Filmdə gördüyünüz səhnələrin əksəriyyəti əsasən Bakı küçə və meydanlarında lentə alınıb. Orada olan mühüm dekor çəkilişlərini kinostudiyanın pavilyonlarından birində həyata keçirdik. Əsas dekorasiya işi isə evlərin qurulması idi. Bildiyiniz kimi evlərdən biri baş qəhrəman Əlinin, digəri isə poçt işçisi Fəridənin evi idi. Hər ikisi kinostudiyada qurulmuş evlər idi. Sadəcə ustalıqla tikilmişdi deyə, tamaşaçıda real ev təəssüratı yaradır. Bu da Kamil Nəcəfzadənin peşəkarlığının nəticəsi idi.
Dekorasiya Kamil Nəcəfzadə tərəfindən qurulmuşdu. Rasim Ocaqov onu qəbul etdikdən sonra biz Zaur Məhərrəmovla birlikdə işıqlandırma işini həyata keçirdik. Bu işin məsuliyyəti də operatorun üzərinə düşür. Əgər gündüz çəkilişləridirsə, işıq ona uyğun qurulmalı idi. İşıqdan effekt yaradılması peşəkarlıq tələb edən məsələdir".
"Çəkiliş meydanına iki yanğınsöndürən çağırıldı"
Kənan Məmmədov: "Baş qəhrəman Əlinin bazarlıqdan qayıdarkən pilləkənlərlə evə qalxdığı səhnə real interyerdə çəkilib. Həmin ev hazırda Texniki Universitetin yaxınlığındakı Rasim Ocaqovun barelyefi vurulan binanın yaxınlığında yerləşir. Mustafa və Fəridənin yağışa düşdükləri səhnə də orada ekranlaşdırılıb".
Yağış səhnəsinə gəlincə operator onun yanğınsöndürənlər tərəfindən reallaşdırıldığını deyir: "Nə qədər güclü yağış yağsa belə, heç bir halda real yağışda film çəkilmir. Məsələ burasındadır ki, yağış damcılarını kadra salmaq olmur. Buna görə də mütləq süni yağıntıdan istifadə edilməlidir.
Yağış səhnəsi bitəndə təkcə Hacı və Şəfiqə xanım yox, hamımız suyun içində idik. Mustafanın Fəridənin evindən çıxandan sonra yolboyu hərəkəti keçmiş Əzizbəyov heykəlinin yanındakı "Almaz" zərgər mağazasında lentə alınmışdı. Ora iki böyük yanğınsöndürən maşını çağırılmışdı. Yağış səhnəsi çəkiləndə təkcə səhnə deyil, həm də ön planda da su görülməlidir. Əks təqdirdə, tamaşaçıda elə təəssürat yaranar ki, yağış ancaq aktyorların üstünə yağır.
Mustafanın pis vəziyyətdə, kor-peşman, əynində ağ plaşla üstündən su tökülərək getməsi səhnəsi araba ilə çəkilib. O səhnəni Zaur Məhərrəmovla birgə çəkirdik. Fokus məsələsinə də mən baxırdım. Böyük polietilenə bükülmüş kamera və biz suyun içində idik. Əsas məsələ o idi ki, kameranın ekranına su dəyməsin. Biz o səhnəni çəkəndə Rasim Ocaqov qucağında sarı yarpaqlarla dayandı. Çəkiliş gedə-gedə yarpaqları kameranın qarşısında səpələməyə başladı. Rasim müəllim o qədər real insan idi ki, burada da payız fəslinin reallığını əks olunmasını istəyirdi. Bunu etməklə guya ağacdan yarpaq düşməsini əks etdirirdi.
Rasim Ocaqovla birgə 4 filmdə əməkdaşlığımız olub: "Özgə ömür", "Yeddi gün qətldən sonra", "Təhminə" və "Otel otağı". Mən onun iş üslubuna yaxşı bələd olduğumdan nə istədiyini bilirdim. O çəkilişə o qədər hazırlıqlı gəlirdi ki, hardasa, nəsə problemin baş verməsi mümkün ola bilməzdi".
""Təzə bazar"da gizli kamera quraşdırmışdıq"
Operatorun ayrı-ayrı epizodların çəkildiyi məkanlar barədə danışdıqları da çox maraqlıdır. "Mustafanın avtobus səhnəsi Kürdəmir-Bakı yolunda lentə alınıb. Asanlıqla başa gələn bir səhnə oldu. Xüsusi nələrsə tələb etməyən bir epizod idi.
Mustafa ilə Əlinin bir-birini tanımadan eyni yerdə olduqları epizodda kütləvi səhnədən istifadə olunub. Briqadiri oynayan Muxtar Manıyev idi. Rasim Ocaqov təcrübəsinə əsaslanaraq, əvvəlcədən ölçülü-biçili səhnələr idi.
Poçt səhnəsi isə keçmiş "Baş Poçtamt İdarəsi"ndə real interyerdə ekranlaşdırılmışdı. Oradakı insanlar, yaşlı kişi, qadın hamısı kütləvi səhnənin iştirakçıları idilər. Hazırda belə bir idarə yoxdur".
Müsahibimiz Əlinin övladının ad günü üçün bazarlıq etdiyi səhnədən maraqlı məqamları bizimlə bölüşür: "Bazar səhnəsinə hazılıq prosesində bir neçə variant üzərində çalışdıq. Əvvəl istədik ki, pavilyon quraq, sonra qərara gəldik ki, çəkilişləri Sirkin yanındakı "Təzə bazar"da həyata keçirək.
"Təzə bazar" adlanmağına baxmayın, oranın ən az 70 yaşı var. O vaxt həmin bazar indiki kimi deyildi. İndi orada bazarlıq qalmayıb, hər şey dəyişib, artıq müxtəlif cihazlar, dəmir-dümür satılan bir yerə çevrilib. Əvvəl isə səliqə-səhman var idi, o dövrdə Bakının ən böyük bazarı sayılırdı. Bazarın içində isə ət satılan böyük bir ərazi vardı.
Əvvəlcədən baş rejissor, baş operator, mən birlikdə gedib həmin yerlərə baxdıq, çəkiliş aparacağımız yerləri müəyyən etdik. Epizodun təbii alınması üçün qərara gəlindi ki, bunu kütləvi səhnə şəklində çəkək. Amma gördük ki, mümkün deyil, bazar elə qəliz yerdir ki, çəkiliş müddətində orada olan hamı kameraya baxırdı. Bu səbəbdən də həmin səhnəni gizlin çəkdik. Uzun fokuslu obyektivlə işlədik, çalışdıq ki, kameranı gizlədək. Əlinin ət aldığı səhnədən başqa hamısı - meyvə sıralarında girib onlardan dadması, tərəvəzlərlə maraqlanması, xiyarı dişləməsi bazardakı satıcılardan xəbərsiz çəkilmişdi. Ət səhnəsi böyük planda çəkildiyindən elə də problem olmadı. (yəni bazardakı hamının kameraya tərəf baxması). Onu çəkəndə satıcının xəbəri var idi. Filmdə maraq doğuran, canlı səhnələrdən biridir".
"Səməndər Rzayev çəkilişi dayandırdı və təbii şampan şərabı tələb etdi"
Evdə ad günü səhnəsinin çəkilişi zamanı çox gülməli məqamlar olub. Operator onu belə xatırlayır.
"Qonaqlıqda Yaşar Nuri, Tariyel Qasımov, Səməndər Rzayev və başqaları çəkilirdi. Bir epizodda Səməndər ayağa durub sağlıq deyir. Aparat getdikcə ondan uzaqlaşır və ümumi plana keçir. Bildiyiniz kimi, film çəkilişlərində araq şüşələrinə su, şampan şüşələrinə çay və limonad tökülür. Yəni, real içki olmur. Əks təqdirdə, içki səhnəsi 3-4 dubla çəkilərsə, aktyorun aqibəti yaxşı olmaz.
Dubl çəkilməyə başladı. Səməndər Rzayev sağlıq deyir ki, "bunu içək dostluğun, qardaşlığın, birliyin şərəfinə" və s. Badəni qaldırıb içən kimi Səməndər başladı qışqırmağa: "Ə, bu nədir, ay Rasim? Biz o qədər acizik ki, şampan şərabı da içə bilməyək? "Stop kadr" deyildi və səhnənin çəkilişi dayandı. Səməndər Rzayev canfəşanlıqla bildirdi ki," əşşi bu nədir, mən sağlıq deyirəm, çayı doldurmusuz bura". Rasim Ocaqov başa düşdü ki, real şampan şərabı olmasa, mümkün olmayacaq. Çəkilişi 10-15 dəqiqəliyinə saxladıq. İşçilərdən biri dükana qaçıb 4-5 şüşə şampan şərabı aldı. Yalnız bundan sonra çəkiliş davam etdi.
Əlinin uşağı obrazında oynayan kinostudiyanın dublyaj redaksiyasında çalışan Rafiq adlı bir işçinin övladı idi. Qonaqların hamısının gəlib səbəbkarı gözlədiyi səhnədə uşaq anasının qucağından düşüb o biri otağa gedir. Həmin epizodda uşağın ağlaması üçün onu çimdiklədilər".
"Qonaqlıq səhnəsinin çəkilişlərindən bir gün əvvəl Rasim Ocaqov məni yanına çağırıb dedi ki, "ssenaridə olmayan bir personajı filmə salmaq istəyirəm: dolma yeyən adam. Xahiş edirəm ki, bu rolu sən oynayasan". Mən dedim ki, "yox ey, Rasim müəllim, mənim o qədər işim, problemim var, kostyumda oturub filmə çəkilməyə həvəsim yoxdur". Rejissor təkidlə dedi ki, "mənə problem haqqında danışma. O səhnəni çəkəndə kostyum geyinib orda oturacaqsan, vəssalam". Razılaşmaqdan başqa çarəm qalmadı. Həmin obrazın mahiyyəti onun qarınqulu olduğunu göstərmək idi. Yəni, hamının başı sağlığa, söhbətə qarışıb, amma bu kişi dolma yeməklə məşğuldur. Arada da qapını açıb, "a bala gəlin də, harda qaldız" deyirəm. Yemək zamanı hətta orda bildirirəm ki, "dolma mənim ən sevdiyim yeməkdir". Aktyor olmasam da, çalışdım ki, öhdəsindən gəlim. Daha sonra film dövlət mükafatı alanda Rasim müəllim mənə dedi ki, "hər filmimdə sənə qısaca da olsa, bir rol verəcəm". Onu da deyim ki, mən də Rasim Ocaqovu "Özgə ömür" filmində çəkmişəm".
Müsahibimiz bildirir ki, Rasim Ocaqov bütün filmlərində olduğu kimi, burada da bəstəkar Emin Sabitoğlu ilə işləyib.
"Bəstəkar film üçün gözəl mahnılar yazdı. Biz onunla "Qaçaq Nəbi" filminin çəkilişlərində tanış olmuşduq. Ecazkar sənətkar idi".
Filmin bütün ideyası final səhnəsində əks olunub. Əli ilə Mustafa süfrə arxasında oturarkən biri qarmonda, digəri stolda musiqi ifa edir. Operator bildirir ki, orada səslənən qarmonu Aftandil İsrafilov ifa edirdi. "Onu Rasim Ocaqov dəvət etmişdi. Səhnə çəkilməmişdən əvvəl Aftandil müəllimi dəvət etdik. Film üçün mahnını çaldı. David Uplisaşvili fonoqramı çox gözəl canlandırıb, inandırıcı alınıb.
O səhnənin isti, doğma alınması üçün çox hazırlaşmışdıq. İstəyirdik ki, hər şey təbii alınsın. Baxanda fikirləşmək olar ki, əşşi burda nə böyük iş var ki? Amma filmdə faktiki olaraq iki qol var. Biri Mustafanın , digəri isə Əlinin xəttidir. Film boyu onlar heç yerdə bir-birilə kəsişmir. Yalnız finalda rastlaşırlar. Günün yorğunluğu və içki Əlini yatızdırır, ayılanda görür ki, qonaqlıq dağılıb, hamı gedib. Həyat yoldaşından soruşur ki, "bəs dostlarım məni soruşmadı". Yoldaşı cavabında ona deyir ki, "sən yatmışdın, onlar da yeyib-içib getdilər, çox da lazım idin onlara...".
Bundan məyus olan Əli balkonda olarkən həyətdə var-gəl edən bir adam görür. Əsl ad günü bundan sonra başlayır. Daxilən tənha olan iki insan finalda birləşir. Əsas mahiyyət də bundan ibarətdir. Mənən birləşmə, dostluğun təcəssümü, insani hisslərin hər şeydən üstün olması".