Azərbaycan səfiri Cənubi Amerika ermənilərinin yalanını ifşa etdi

13 Sentyabr 2014 14:31

"Argentinadakı erməni icma təşkilatlarının müvafiq təxribatları onların son illərdə Azərbaycan və Argentina arasında əlaqələrin inkişafından ciddi təlaş keçirmələri ilə bağlıdır".
 

Bunu Trend-ə Azərbaycanın Argentinadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə erməni mətbuatında Azərbaycan tərəfinin Buenos-Ayres şəhərinin meydanlarından birinin "Azərbaycan Respublikası" adlandırılması ilə bağlı göstərdiyi səylərin uğursuzluğa düçar olduğu barədə yayılmış məlumatları şərh edərkən deyib.
 

M.Əhmədzadə qeyd edib ki, bu məlumat Azərbaycanla bağlı ənənəvi təxribatını davam etdirən radikal erməni təşkilatı olan Cənubi Amerika Erməni Milli Şurası və ona bağlı, icmadan kənarda heç bir oxucu kütləsi belə olmayan "Prensa Armenia" adlı mətbuat qurumunun növbəti bir uydurmasıdır: "Bu qurumlar və digər oxşar Argentina erməni icma təşkilatları mütəmadi olaraq səfirliyimizin fəaliyyəti ilə bağlı nə isə "icad etmək", onun ətrafında guya ki, "qalmaqal yaratmaq" və vəziyyətdən guya ki, "qalib" çıxmaq görüntüsü yaradırlar. Bütün bunlar özünü aldatmadan başqa bir şey deyil və Argentina ictimaiyyəti üçün heç bir maraq kəsb etmir".
 

Səfir bildirib ki, bu kimi icma təşkilatları özlərinin yerli erməni icmasına lazım olmalarını göstərmək üçün bütün məkirli vasitələrdən istifadə edərək Azərbaycan mövzusunu gündəmdə saxlamağa ehtiyac duyurlar.
 

Onun sözlərinə görə, habelə bu təşkilatların müvafiq təxribatları son illərdə Azərbaycan və Argentina arasında əlaqələrin inkişafından onların ciddi təlaş keçirmələri ilə də bağlıdır: "Bu təxribatlara münasibətdə iki fikir bildirmək istəyirəm: birincisi, Azərbaycan-Argentina əməkdaşlığı iki ölkə arasında qarşılıqlı anlayış və etimada əsaslanır və bu əməkdaşlıq xalqlarımızın qarşılıqlı faydası üçün getdikcə daha da dərinləşəcək. İkincisi, əgər Azərbaycan tərəfinin dünyanın ən gözəl şəhərlərindən biri olan Buenos-Ayresin küçə və ya meydanlarından birinin "Azərbaycan Respublikası" adlandırılması ilə bağlı istəyi olsaydı, müvafiq qurumlar Azərbaycan və Argentina arasında dost və yaxın münasibətləri nəzərə alaraq buna müsbət münasibət göstərərdilər".

Milli.Az