Milli.Az AZAL klubunun baş məşqçisi Tərlan Əhmədovun apasport.az saytına müsahibəsini təqdim edir.
- Yığmanın oyunu ilə əlaqədar yaranmış fasilədən necə bəhrələndiniz?
- Əsas odur ki, zədəli futbolçularımız sıraya döndü. Ruslan Məcidov və Tomi Kostadinov artıq hazırlıqlara qoşulub. Taktiki, eyni zamanda, fiziki hazırlığımızı yüksəltmək baxımından məşqlər etdik. Standart problem isə oyun keçirə bilməməyimizlə bağlıdır. Ancaq əvəzedicilərimizlə qarşılaşdıq. Başqa komanda tapa bilmədik.
- Oyun keçirməməyiniz problem yarada bilərmi?
- Problem yaratdı və ya yaratmadı artıq arxada qaldı. Ancaq bu boşluq bizə çətinlik yaradır. Çünki uzunmüddətli fasilə deyil. Buna görə də ölkə xaricinə yollana, orada hansısa komanda ilə yoxlama oyunu keçirə bilmirsən. Onsuz da Premyer Liqa çərçivəsində bir klubla mövsüm ərzində 4 dəfə qarşılaşırsan. Bir dəfə də yoxlama oyunu keçirmək istəsən, bu futbolçulara psixoloji baxımdan pis təsir edir. Çətinlik olsa da, yoluna qoymağa çalışırıq. Başqa çıxış yolumuz yoxdur.
- Şənbə günü Topaz Premyer Liqasının V turu çərçivəsində "Qarabağ"la qarşılaşacaqsınız. Bu oyuna hazırsınızmı?
- "Qarabağ"ın necə oynadığını bilirik. Biz öz oyunumuzu nümayiş etdirməyə çalışırıq. Yeni transferlərin komandaya uyğunlaşması gedir. Yaxşı futbol oynamağa çalışacağıq. Rəqib güclü futbolçulardan qurulub, artıq təkmilləşib. Bir-birilərini yaxşı anlayırlar. Futboldur, necə olacağını oyundan sonra biləcəyik. Evdə çıxış edirik, 3 xal qazanmaq istəyirik.
- Oyunlar göstərdi ki, "Qarabağ" hələ Premyer Liqaya köklənə bilməyib. Üstəlik, gələn həftə bu komandanın Avropa Liqasının qrup mərhələsi çərçivəsində oyunu var. Rəqib futbolçuların "Sent-Etyen"lə dueli daha çox düşünməsi işinizə yarıyacaqmı?
- Hər oyunun öz mahiyyəti var. Əvvəlki oyunlarla müqayisə aparmayaq. Ola bilsin, "Tvente ilə oyun ərəfəsində bütün diqqətini qrup mərhələsinə düşməyə yönəltsin. Ancaq indi çempionatı yaddan çıxaracaqlarına inanmıram. Digər yandan bu "Qarabağ"ın işidir. Hər bir komandanın öz planı var. Onlara Avropa Liqasında uğurlar arzulayıram. Bu matça da köklənəcəklərinə əminəm. Ancaq fasilənin onlar üçün də problem yaratdığını demək olar. Çünki əksər futbolçuları yığmanın düşərgəsində oyunlar keçirib. İndi geri döndükdən sonra həm bizimlə, həm də gələn həftə keçirəcəkləri "Sent-Etyen" matçına hazırlaşmalıdırlar.
- Ötən mövsümün statistikasına baxsaq, AZAL "Qarabağ" üçün arzuolunmaz rəqibdir. 1 qələbə, 2 heç-heçə. Yalnız son oyunda uduzmusunuz. Bu dəfə necə olacaq?
- İldən-ilə klublar dəyişir, hamı yenilik edir. Turnir cədvəlindəki yerimizi yaxşılaşdırmalıyıq. Ötən ilki oyunlar tarixdə qaldı. Yeni səhifə açmağa çalışırıq. Futbolda qalib də var, məğlub da. Biz qalib olmaq istəyirik.
- 2014-cü ildə ilk qələbənizi ötən oyunda qazandınız. Səfərdə "Qəbələ"ni udmaqla buna nail oldunuz. Bu qələbənin seriya halını alması gözlənilirmi?
- Əvvəlcədən heç nə demək olmaz. Hər şey Allahın əlindədir. Deyim ki, hamısını udacağıq, düzgün olmaz. Heyətə 11-12 yeni futbolçu cəlb edilib. Tədricən buna nail olacağıq. Əzmkar oyun sayəsində bu qələbəni qazandıq, davamını gətirmək istəyirik. Çox istərdim ki, Qəbələdəki əzmkarlığı bu dəfə də nümayiş etdirək.
- Heyətə cəlb edilən futbolçular üçün adaptasiya prosesi başa çatıbmı?
- Tam uyğunlaşıblar, demək olmaz. Ruslanla Tominin zədəsini sağaltması, Fredin komandaya qoşulması bu prosesin bir müddətdeə davam edəcəyini göstərir. Fred 15 günə yaxın idi bizimlə birgə məşq etmirdi. Ancaq hazırlıqlarda hiss olunur ki, tədricən bir-birilərinə uyğunlaşırlar. Məşq prosesində bunu hiss etmək mümkündür. Ancaq proses tam başa çatmayıb. Zinəddin Zidan da "Real"a keçən vaxt 1 ilə uyğunlaşma prosesi getdi. Hiss edirəm ki, komandada irəliləyiş var.
Milli.Az