Su, kölgə, gözləri bərəli meymun... - REPORTAJ - FOTO

11 Sentyabr 2014 13:51

"Biz istiləri birtəhər yola veririk, bu yazıq heyvanlar Allah bilir nə zülm çəkir. Dilləri yox, ağızları yox"

Nəvələri ilə gəlib zooparka İsmayıl dayı. Elə uşaqlar da maraqla kölgəliyə sığınmış heyvanlara baxırlar...Heyvanların isə sanki veclərinə deyil, təki kölgəlik olsun, hə, bir də qabaqlarında su.

Əslində, Bakı Heyvanat Parkına yollanmağımızın da səbəbi elə bu idi: istinin yeri-göyü qovurduğu bu günlərdə, görəsən ölkənin yeganə zooparkında vəziyyət necədir?

Gülnarə xanım deyir ki, oğlu heyvanları çox sevir, tez-tez bura gəlirlər: "Burda heyvanlara yaxşı qulluq edilir. Bayaqdan gəzirik, hər şeyə yaxşıdı, bircə bu qoxu olmaya da. Bəlkə də istidəndir, ətrafı iy bürüyüb. Amma heyvanlar tənbəlləşib, yəqin istidəndir".

Bakı Heyvanat Parkının baytarı Çingiz Sultanovun Lent.az-a bildirdiyinə görə, yayda heyvanların sərinlənməsi üçün xüsusi rejim yaratmayıblar. Sadəcə, qida rasionunda su və kölgəliklər artırılıb:

"İstilərlə əlaqədar xüsusi rejim yaratmamışıq, su və kölgəliyə daha çox üstünlük vermişik. Onlar üçün əsas su və kölgəliyin olmasıdır ki, bu da parkımızda var. Bu səbəbdən ölüm halları da qeydə alınmayıb. Bacardığımız qədər onlara daha yaxşı qulluq etməyə çalışırıq".

Baytarın sözlərinə görə, istilərlə əlaqədar heyvanların qidalarında dəyişiklik olmayıb: "Yemlərində bir dəyişiklik etməmişik, elə qışda verdiyimiz yemlərdi. Məsələn, canavarla, yaquar çiy ət yeyir, gündə iki dəfə. O biriləri də eləcə".

Onun dediyinə görə, soyuq ölkədən gətirilən heyvanlar istiyə daha həssasdır. Hə, bir də ayılar. "Ayılar istiyə daha çox dözümsüzdülər. Onlar üçün kölgəlik yaratmışıq ki, rahat dincələ bilsinlər, istiyə dözsünlər. Afrikadan gətirilən heyvanlar üçün isə istiyə dözmək çətin deyil. Onlar belə iqlimə öyrəşiblər".

Baytar deyir ki, son aylarda Bakı Heyvanat Parkında bircə dəfə də ölüm halı qeydə alınmayıb. Ç.Sultanov isti havalarda ev heyvanlarının saxlanılmasından da danışdı: "Ev heyvanlarını saxlayanlar, onların suyuna və kölgəliklərinə diqqət etsinlər. İstiyə ən həssas heyvan qoyundur, daim kölgəlik axtarır. Belə havada onların yununu qırxmaq lazımdır".

Bakı şəhər sakini İradə Əhmədova isə ən çox küçə heyvanlarının halına acıyır. Bir neçə xarici ölkədə olduğunu deyən İradə xanımın sözlərinə görə, gəzdiyi ölkələrdə, eləcə də qonşu Türkiyədə bələdiyyələr tərəfindən küçələrdə içərisində yem və su olan xüsusi qablar qoyulur:

"Türkiyədə bələdiyyələr küçə it-pişiklərini öz himayələrinə götürüb, onları qida ilə təmin edir. Həmçinin onlara quduzluğa qarşı peyvəndlər vururlar. Heyvanların qulaqlarında olan xüsusi "birka"lar onların peyvənd edildiyini göstərir".

Pişik saxlayan İradə xanım ona yaxşı baxdığını, istiylə əlaqədar daha çox maye verdiyini deyir: "3 aydan bir qurdlara qarşı dərman verirəm, bit-birəyə qarşı xüsusi şampunlarla yuyuram. Belə havada isə daha çox maye verirəm".

Zooparkda müşahidə etdiyimiz əsas məqam o idi ki, istilər heyvanlarda sözün həqiqi mənasında tənbəllik yaratmışdı. Sanki hamısı yuxulayırdı. Heyvanat aləminin necə deyərlər ən dəcəl heyvanı olan meymun da meymunluq edə bilmirdi. Gözlərini bərəldib bir nöqtəyə baxırdı. Elə o biri heyvanlar da kölgəyə çəkilməyə üstünlük vermişdilər.

O ki qaldı zooparkdakı qoxuya, parkın işçisinin dediyinə görə, bunun da əsas səbəbi ərazinin geniş olmamasıdır. Düzdür, gündə bir neçə dəfə heyvanların yeri təmizlənir, yuyulur, amma parkın yerləşdiyi ərazinin müvafiq normalardan azlığı və sıxlıq ətrafa pis qoxunun yayılmasına səbəb olur.

Amma az qalıb. Bakı Heyvanat Parkı bu darısqallıqdan xilas olacaq. Çünki prezident İlham Əliyev "Abşeron rayonu ərazisində yeni Zooloji Parkın tikintisi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, zooparkın tikintisi üçün dövlət başçısının ehtiyat fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) 4,5 milyon manat vəsait ayrılır. Zoopark Abşeron rayonunda, Bakı-Sumqayıt yolunun yaxınlığında tikiləcək. Və indiki zooparkdan qat-qat böyük bir ərazidə.

Lent.az

Böyütmək üçün şəkillərə klikləyin.