"iPod Classic" olmayacaq

10 Sentyabr 2014 17:18
"Apple" şirkəti "iPod classic" pleyerinin satışlarını dayandırıb. Qurğu şirkətin internet mağazasından və şirkətin rəsmi saytında "iPod" pleyerlərinin istehsal xəttinin təsvirindən çıxarılıb.

Hazırda "iPod" istehsal xəttinə üç model daxildir: "iPod shuffle", "iPad nano" və "iPod touch".

Milli.Az ICTnews-a istinadən bildirir ki, "iPod classic" "Apple" şirkətinin birinci MP3 pleyeridir. 2001-ci ildə onu Stiv Cobs təqdim edib. O zaman cihaz 5 Gb yaddaş və mexaniki idarəetmə düyməsindən ibarət olub. Bununla belə, məhsul musiqi sənayesində böyük uğur qazandı.

"Apple"ın pleyerləri arasında məhz "classic" modelində 160 Gb-lıq yaddaş təklif edilib. O zaman fləş-yaddaş deyil, daha ucuz və ağır sərt disk istifadə olunmuşdu.

"iPod classic" pleyerləri sensor ekrana malik olmayıb. Musiqi və pley-listlər üzrə naviqasiya "Click Wheel" adlı sensor düymənin köməyi ilə həyata keçirilib. Məhz bu düymə "Apple" pleyerini rəqiblərindən fərqləndirib.

"iPod classic" sonuncu dəfə 2009-cu ildə yenilənib. Pleyerin altı nəsli buraxılıb.

2008-ci ildən etibarən "iPod" pleyerlərinin satış həcmi azalmağa başlayıb. 2008 maliyyə ilində satış həcmi 54,8 milyon təşkil edib. 2013-cü ildə bu göstərici 26,4 milyon olub, yəni 2 dəfə azalıb.

Milli.Az