Moldova XİN rəhbəri: ""Şərq tərəfdaşlığı" ölkələri üçün təhlükəsizlik məsələsi olduqca önəmlidir"

9 Sentyabr 2014 13:49
""Şərq tərəfdaşlığı" ölkələri üçün təhlükəsizlik məsələsi olduqca önəmlidir". Trend xəbər verir ki, bunu Moldova baş nazirinin müavini və xarici işlər naziri Natalya German çərşənbə axşamı Bakıda Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin dördüncü qeyri-rəsmi görüşündən sonra keçirilən brifinqdə deyib.

XİN rəhbəri bildirib: "Biz öz fəaliyyətimizi beynəlxalq hüquq prinsipləri əsasında qururuq. Fəaliyyətlər ərazi bütövlüyü, suverenlik və daxili işlərə qarışmama yönündə olmalıdır. "Şərq tərəfdaşlığı" ölkələri bir-birinə dəstək göstərirlər. Biz əməkdaşlığımızı GUAM çərçivəsində koordinasiya edirik. Dörd ölkənin səsinin beynəlxalq səhnədə eşidilməsini istəyirik. Moldova Ukraynanın qonşusudur və Ukraynada baş verənləri narahatlıqla müşahidə edirik. Krımın qanunsuz qəsb edilməsini dəstəkləmirik. Biz bütün regiona Ukraynadakı münaqişənin təsirini nəzərə alırıq".

O qeyd edib ki, Ukraynada davam edən münaqişəyə rəğmən Moldova öz qəti seçimini etdi: "Biz Aİ-yə inteqrasiya etmək istəyirik. Hər bir ölkənin suveren seçim hüququ var. Biz regionda qonşularımızla əməkdaşlığı bu əsasda quracağıq".

Milli.Az