Donetskdə Malayziya təyyarəsinin vurulması yenidən gündəmdə

9 Sentyabr 2014 10:53

Hollandiya "Malaysia Airlines" qəzasının ilkin hesabatını bu gün təqdim edəcək

Beynəlxalq təhqiqat komissiyasının "Malaysia Airlines" aviaşirkətinə aid sərnişin təyyarəsinin Ukraynanın şərqində vurulması barədə ilkin hesabatı bu gün Hollandiyada dərc ediləcək.

Anspress-in məlumatına görə, hesabatın dərci Donbasda baş verən hərbi əməliyyatlar və bütün informasiya mənbələrini yenidən yoxlamağa imkan olmaması səbəbindən bir neçə dəfə təxirə salınıb.

Xatırladaq ki, 25 nəfər müşahidəçidən ibarət beynəlxalq qrup Ukraynada avqustun ortalarınadək istintaq aparıb. Daha sonra onlar Haaqaya keçərək hesabat üzərində işləməyə başlayıblar.

Xatırladaq ki, Amsterdam - Kuala-Lumpur istiqamətində hərəkət edən "Malaysia Airlines" aviaşirkətinə aid "Boeing 777" sərnişin təyyarəsi 17 iyul tarixində Ukraynanın döyüşlər gedən Donetsk vilayətində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 298 sərnişinin hamısı həlak olub. Təyyarənin dağıntıları və və faciə qurbanlarının cəsədləri bir neçə kvadrat kilometr ərazidə səpələnmiş halda tapılıb. Təyyarə vurulsa da bu günə qədər hadisəni kimin törətdiyi aydın deyil.

Ümumiyyətlə bu məsələdə bir çox müəmma var.

Milli.Az