Bəstələdiyi mahnılarının maraqlı, qeyri-adi mətnləri ilə Türkiyə pop-musiqisində özünəməxsus yer tutan Nil Karaibrahimgil, deyəsən, tam dəyişib.
Reklamlara çəkilən, reklam klipləri çəkən, sonra reklamlara musiqilər bəstələyən Nil həmin reklamlara görə iki dəfə "Büllur Alma" mükafatını alıb.
İndiyədək 5 albomu çıxmış Nil Karaibrahimgil indi ailəlidi, dəli-dolu həyatını mühafizəkar yaşama dəyişməkdədir.
Sərdar Erenerlə ailə quran Nilin indi Əziz Arif adlı oğlu da var.
Milli.Az AHT-yə istinadən bildirir ki, Bodrumda yaşayan N.Karaibrahimgilin dediyinə görə, mayın 3-də dünyaya gətirdiyi oğlu həyatını dəyişib.
"İndi köşə yazarlığı, bəstəkarlıq və şairliklə, həm də prodüserliklə məşğulam.
Əvvəlki dəlisov qız yerini təmkinli qadına verib. Hamilə ikən bəstələdiyim "Kanatlarım var ruhumda" mahnısı çox populyar olsa da, əslində özümdən bəhs edirdi. Bodrumda yaşamağıma da peşman deyiləm. Bütün işlərimi burada görürəm", - bir zamanlar "Azad qız" kimi tanınan Nil Karaibrahimgil deyib.
Milli.Az